人まねでない、自分の三味線を弾け! ⌈hito mane denai cibun no şamisen o hike!⌉ – Heç kimi yamsılamadan öz şamisenini çal!

Salam de qozaru mina sama! Bu gün anime vasitəsilə milli yapon musiqisi aləminə səyahət edəcəyik.

Yaponiya mədəniyyəti ilə maraqlanan şəxslər yəqin ki, milli çalğı alətləri haqqında az-çox məlumatlıdırlar. Məsələn, şamisen. Şamisen XVI əsrdə Yaponiyanın cənubunda yaranmışdır. Şamisen sözünün mənası yapon dilində “üçlü sim” deməkdir. XVI əsr Edo dövrü, “üzən dünya” və onunla ayrılmaz bağı olan şamisen, Okinavanın sanşin mənşəli alətindən əmələ gəlmişdir. O dövrlərdə şamisen ən məhşur çalğı aləti olmuşdur. Edo dövrünün “çiçək formalı aləti” desək, yəqin ki, şişirtmiş olmarıq.

Yapon milli musiqi alətləri arasında “şah alət” hesab edilən şamisenin gidayu, onna-gidayutsuqaru kimi növləri vardır. Gəlin, animemizdə mövzu olaraq başlıca yer alan tsuqaru şamisenini (kanci: 津軽三味線, hiraqana: つがるしゃみせん) musiqi dünyasına gətirən şəxslə tanış olaq!

Əsl adı  “仁太坊-津軽三味線始祖外聞” ⌈nitabou – tsuqaru şamisen şiso qaibun⌉ – “Nitabo – tsuqaru şamiseninin yaradıcısı” olan bioqrafik anime adını, tsuqaru şamisenini musiqi aləminə gətirən Nitaro Akimotonun adından götürmüşdür. El Arasında Nitabo kimi tanınan Nitaro, küçə şamisen ifaçısı kimi xor görülsə də, o, “döyərək çalmaq” (tataki soho) metodunu və 8 xanəli hekayət musiqisini (haçiningei) kəşf edərək müasir tsuqaru şamisen musiqisinin prototipini yaradıb.

Anime Edo dövrünün sonlarında, köhnədən yeniyə keçid sancısı çəkən Yaponiyada, ənənəvi yapon simli çalğı aləti şamisenə yeni bir texnika və tsuqaru şamiseni hədiyyə edən kor çalğıçı Nitaro Akimotonun (1857-1928) həyatı əsasında çəkilib. 2004-cü ildə işıq üzü görmüş, istehsalçısı “WAO! World”, ssenari müəllifi və rejissoru Akio Nişizava olan film, çəkiliş texnikası baxımından seçilən olmasa da, hekayənin sujeti və musiqi seçimi cəhətdən olduqca zəngindir.

Anime sayəsində, – əgər insanın ürəyi rəngarəngdirsə, heç bir fiziki əlilliyin onun yaşamaq eşqini əlindən ala bilməyəcəyini – bir daha öyrənmiş oluruq. Çoxlarının xəbəri olmadığı bu anime möhtəşəm musiqiləri, ilhamverici bir həyat hekayəsilə həqiqətən izləyicini başqa bir aləmə aparır!

Animenin mövzusu; gənc yaşda keçirdiyi xəstəlik nəticəsində Nitaro görmə qabiliyyətini itirmişdir. Bir vaxtlar anasının ifa etdiyi şamiseni ilə, özü kimi görmə qabiliyyətini itirmiş şamisen ustası bir səyyahdan ilk təhsilini alır. Beləliklə, Nitarou köhnə və yeni dostları ilə birlikdə taleyinin müəyyənləşəcəyi bir səyahətə çıxır.

Sonda sizi (animedən bir parça) musiqi ilə başbaşa buraxıram!

蛙泣く夏の日,

(Yay günü ağlayan bir qurbağa,)

青く萌ゆ山里 …

(Mavi yanan bir dağ kəndi…)

Xəyalə Əlizadə © yapon.az 2020