Yaponiyada düyü istifadəsi geniş olsa da, eyni zamanda çörək də ən çox istifadə olunan günlük qida rasionuna daxildir. Lüğətinə qərbdən daxil olan sözlərin çoxu ingilislərdən alınan sözlər olduğu halda, bəs yaponlar nə üçün çörəyə “Pan” deyirlər? Necə oldu ki yaponlar çörək yeməyə başladı? Pan sözü leksikona necə daxil oldu?

XVI əsrdə portuqaliyalılar Yaponiyaya gələrək Qərb mədəniyyətini təqdim edən zaman, missionerlər kastella ilə birlikdə yemək olaraq “Pao” adlı bir şey də gətirdilər. Yaponiyada o, “Pan” kimi tanındı.

İspan dilində “pan” latınca “pãnis” sözündən əmələ gəlib. “Pãnis” əvvəlcə “yemək” mənasını versə də, zaman keçdikcə buğda unu və ya çovdar unu kimi taxıl ununun qıcqırdılması, su, duz, maya və s. əlavə edilərək qıcqırdılması ilə hazırlanan bütün qidalara aid edildi.

Əslində XVI əsrdə missionerlər Yaponiyaya çörək gətirdikdən sonra da yapon xalqı arasında o qədər də populyar olmadı. Meici dövründən sonra, qərb yeməklərinin məşhurlaşması çörəyin də xaricdən gətirilməsinə səbəb oldu və beləliklə də çörək yemək mədəniyyətinin bir parçası halına gələrək yaponların onu əsas qida kimi yeməyə başlamasına səbəb oldu.

Yaponiyada çörək istehsalına 12 aprel 1842-ci ildə (Tenpo 13) başlanıldı. Deyilənə görə, çörək istehsalı o vaxtlar İzuda yaşayan Tarozaemon Eqava adlı hakimin Naqasakidən bir aşpazı çörək sobası tikməyə dəvət etməsi ilə başlayıb. Sobanın tikdirilməsinə səbəb isə qida çatışmazlığını aradan qaldırmaq və ordudakı əsgərlərin yaxşı qidalanmasını təmin etmək üçün çörəkdən istifadə edilməsi idi. Tikdirilən soba hal-hazırda “Dünya İrsi” hesab olunur. Bu yaddaqalan günün şərəfinə isə ölkədəki çörəkbişirmə müəssisələri aprelin 12-ni “Çörəyin anım günü” kimi qeyd edirlər.

1874 -cü ildə Yasubei Kimura, qırmızı lobya pastası ilə doldurulmuş çörəklər olan anpan yaratdı və anko Anpan o qədər məşhur oldu ki, İmperator Meiciyə hədiyyə edildi. Bu, çörək məmulatlarının artmasına səbəb oldu.

Ordu çörəyi daha da populyarlaşdırdı!

Amerika çörəyi ilk dəfə 1890-cı ildə Yapon ordusuna B1 vitamini çatışmazlığı ilə mübarizə üçün qida məhsulu olaraq təqdim edildi. II Dünya Müharibəsindən sonraya qədər əhali tərəfindən qəlyanaltı olaraq istifadə edilmişdi. ABŞ ordusu bu müddət ərzində Yaponiyanı işğal etdi və çörəyin nahar yeməyinin bir hissəsi olmasını istədi. Kyuşoku adlanan məktəb nahar sistemi, ABŞ işğalçı idarələri tərəfindən verilən buğda və quru süddən istifadə edərək müharibədən sonrakı ərzaq çatışmazlığı ilə mübarizə aparmaq üçün yaradılmışdır. Buna görə çörəyi adi bir komponent olaraq daxil etdilər.

Çörək ABŞ əsgərləri arasında populyar olan sandviçlər üçün də istifadə olunurdu. Daha sonra isə yapon zövqünə uyğun olaraq yavaş-yavaş dəyişdirilərək “Şokupan” yaradıldı. Məhz 1918-ci ildəki “Düyü iğtişaşları”ndan sonra (Taişo 7) “çörək” sözü katakana ilə パン indiki kimi yazılmışdır. Müharibədən sonra da çörək adi evlərdə gündəlik olaraq yeyilən qidaya çevrildi.

Hal-hazırda Yaponiyada bir çox insanın səhər yeməyində qızardılmış çörək və yumurta var. Yapon xalqının həyatında çörəyin tarixi qısa olsa da, indi onların yemək mədəniyyətinin vacib hissəsinə çevrilibdir.

Xəyalə Əlizadə ©yapon.az2023