Kanzaşi (簪) yapon saç düzümlərində istifadə edilən ənənəvi saç bəzəkləridir.

Kanzaşilərə uzun, sərt saç sancaqları, barretlər, parça çiçəklər və parça saç bağları da daxil olmaqla geniş çeşiddə aksessuarlar aiddir. Kanzaşi ilk dəfə Yaponiyada Comon dövründə istifadə edilmişdir. Həmin dövrdə tək nazik çubuq, və ya ümumən çubuq taxmağın pis ruhları qovduğuna inanıldığı üçün insanlar onları qoruyucu məqsədlər üçün saçlarına taxırdılar.

Nara dövründə Çin mədəniyyətinin mübadiləsi zamanı, əşyalar da həmçinin qarşılıqlı ticarət və elçilər vasitəsilə Yaponiyaya gətirildi. Çindən gətirilən əşyalar arasında Çin saç sancaqları (zan, 簪; kanzaşi heroqlifi çin və yapon dillərində eyni cür yazılır), fərqli ornamentli Çin daraqları kimi saç bəzəkləri də var idi.

Heian dövründə saç düzümləri nisbətən dəyişərək aşağıdan yığılmağa başlandı. Bu müddət ərzində “kanzaşi” termini daraqlar və saç sancaqları da daxil olmaqla hər hansı bir saç bəzəyi üçün ümumi termin kimi istifadə olunmağa başlandı.

Azuçi-Momoyama dövründə saç düzümləri tareqami (垂髪, “aşağıdan yığılan saç üslubu“) üslubundan, geniş çeşiddə köhnəlmiş saç ornamentlərindən daha çox istifadə edilən müasir nihonqami üslubuna keçirildi.

Edo dövründə saç düzümləri daha da mürəkkəbləşdi və bəzəklər daha da çox istifadə edilməyə başlandı. Bununla da kanzaşi yaponların gündəlik həyatında əsas yer tutmağa başladı. Sənətkarlar daha incə hazırlanmış məhsullar, o cümlədən müdafiə silahı kimi istifadə oluna bilən bəzi saç bəzəkləri istehsal etməyə başladılar. Edo dövrünün II yarısında kanzaşi sənətkarlığının yüksək səviyyəyə çatdığı, bir sıra üslub və dizaynların yaradıldığı hesab edilir, onların əksəriyyəti bugünə qədər də istifadə edilməkdədir.

Müasir dövrdə ənənəvi yapon saç düzümü adətən geyşa, mayko, sumo güləşçiləri, gəlinlər, müasir tayyu və oiran aktyorları tərəfindən istifadə edilir. Qeyşa, gəlinlər, tayu və oiranlar əvvəlcədən hazırlanmış pariklərdən də istifadə edirlər. Günümüzdə çox az adam ənənəvi saç düzümü ilə kanzaşi taxsa da, sadə saç aksesuarları kimi gündəlik saç düzümündə hələ də istifadə edirlər. Kanzaşinin bir sıra növləri və taxma üslubları var. 1982-ci ildə Tsumami kanzaşisi, rəsmi şəkildə dizayn edilərək Tokyoda milli yapon əl işi kimi tanındı.

Xəyalə Əlizadə ©  yapon.az 2022