Yapon tikmə (Nihon Şişuu -日本刺繡) sənəti min ildən çox tarixə malik tikmə texnikasıdır. Nihon şişuu eramızın 500-cü illərində Çində İpək Yolu ilə Hindistandan gələn “Şubutsu”dan (naxışlı Budda) yaranmışdır.

Şubutsu tikmə üsulunda Budda təsvir olunur. Bu üsul Yaponiyada Buddanın məbədləri və heykəllərinin daha çox  tikildiyi İmperator Suikonun hakimiyyəti dövründə yayılmışdır. Bugünə qədər gəlib çatan ən qədim şubutsu Nara prefekturasındakı Çuqu-ji məbədində saxlanılan Tencukoku Mandara Şuço”dur (Şahzadə Şotokunun ölümündən sonra Cənnətə getməsi üçün duada edilən tikmə).

Tarixi sənədlərdə şubutsuya ilk dəfə Nihonşokidə (Yaponiya Salnamələri) rast gəlirik. Orada qeyd olunur ki, eramızdan əvvəl 605-ci ildə Asukada qoyulmuş bürünc Budda heykəli və Buddanın naxışlı təsviri  (hər ikisi təxminən 4,8 metr ölçülüdür) Asuka-dera məbədində qoyulmuşdur.

Yapon tikmə sənəti “Nihon Şişuu” ilk vaxtlar yalnız dini mərasimlərdə istifadə olunan əşyaları bəzəmək üçün istifadə olunsa da, zaman keçdikcə, şişuu özünəməxsus yapon keyfiyyətlərini və xüsusiyyətlərini inkişaf etdirərək, daha bədii elementə çevrildi. Tarixçilərin fikrincə, Erkən Heian dövründə (794 – 1185) saray xanımlarının paltarlarını bəzəmək üçün istifadə edilən tikmə yalnız varlılara əlçatan olan sənət növü idi və baha olduğuna görə status göstəricisi hesab olunurdu. Həmçinin Heian dövründə nihon şişu kaqaku (qədim yapon saray rəqsi və musiqisi) üçün kostyum kimi istifadə olunurdu. Azuçi Momoyama dövründə isə Noh ifaçıları üçün geyim kimi istifadə olunmağa başlanılmışdı. Əvvəl yalnız üst sinfə məxsus olan bu tikmə, Edo dövründə tacir sinfi arasında populyarlıq qazandı.

Əsrlər keçməsinə baxmayaraq, yapon tikmə ustaları bu qədim sənəti davam etdirib, onu usta-şagird münasibəti ilə nəsildən-nəslə ötürüblər.

Nihon Şişuu Alətləri

Nihon şişuda istifadə olunan ipək saplara kamaito (filoselle) deyilir. Bu kamaito hələ əyirilməmiş ipək saplardan (4-12-ə qədər) bir iplikdir. Ümumiyyətlə, bir neçə kamaito bir yerə yığılır və tikmə üçün əyirilir. Lakin bəzən kamaito olduğu kimi istifadə olunur. Əyrilmə ipək sapın təbii parıltısına təsir göstərə bilir, ona görə də tikməçi əyirmənin sıxlığını dəyişdirərək işığın əks olunmasını tənzimləyir və bununla da daha incə dizaynlar yarada bilir. Həmçinin bir neçə rəngli iplərin birləşməsi tikmə içərisində incə çalarlar qatmaq mümkün olur.

İstifadədən və tikmək üçün istifadə olunan alətlərdən asılı olaraq, yapon tikmə sənətində istifadə olunan 43 texnika var.

Həmçinin istifadə olunan alətlər aşağıdakılardır:

  1. İynə və sancaq yastığı (asan istifadə üçün keçə sancaq yastığı)
  2. Teko-Hari (İpləri çöləzləmək və parlaq etmək üçün istifadə olunan iynə)
  3. Kəskin qayçı
  4. Perforator (əyirmək üçün perforator istifadə olunur)
  5. Koma (“Komatori-Nui” üçün istifadə olunan alət, tikmə texnikası)

Hari Nuido – İynə

Xarakterik olaraq nihon şişuda istifadə edilən iynənin düz gözü və iti ucu var. Müasir dövrdə həm maşın, həm də əl üçün iynələr mövcuddur. İynələrin adları ən qalından ən incəyə qədər: obuto (çox qalın), çubuto (qalın), aiçu (orta qalın), aiboso (nazik), tenboso (orta nazik) və kiritsuke (çox nazik).

Naxış stendi

Parçanı uzatmaq üçün xüsusi taxta dayaqdan istifadə olunur. Parça sol və sağ tərəfdən bərabər şəkildə uzanır, sonra yerində bərkitmək üçün yuxarı və aşağı hissələrə saplar yapışdırılır.

Tikiş texnikaları

Tikmə sənətində tikmə kağızının konturları şablon kağıza, sonra isə ipək parçaya çəkilir. İpək parçanın üzərinə rəngli saplar qoyulur və qaralama və dizayna uyğun rənglər seçilir; Seçimlər mövsüm və yaş qrupu kimi amillər nəzərə alınmaqla həyata keçirilir.

Müasir dövrdə istifadə edilən texnikaların əksəriyyəti Momoyamadan Edo dövrünə qədər sənətkarlar tərəfindən təkmilləşdirilmişdir. Meici və Taişo dövrlərində isə mürəkkəb texnikalardan istifadə edilən tikmələr məşhurlaşmağa başladı. Bu sənətkarlığın ən gözəl nümunələrini bugünə qədər gəlib çıxan kimonolarda, yarımyaxalıqlarda və obilərdə görmək olar. Həmçinin bu sənətin indiki dövrdə istifadəsi daha da genişləndirilərək müxtəlif aksessuarlar və daxili bəzək əşyalarında da istifadə olunur. Yapon tikmələri öz zərifliyi və gözəlliyi, o cümlədən rənglərin və üçölçülülüyün incə istifadəsi, ipək sapın parıltısı və klassik naxışlara əsaslanan mürəkkəb dizaynları ilə görənləri valeh etməyi bacarır.

Yapon tikmələrində müxtəlif naxışları ifadə etmək üçün istifadə olunan bir çox texnika var. Sənətkarlar daha real naxışlar yaradaraq, kimono dizaynlarını zənginləşdirirlər. Ən çox rast gəlinən 4 tikmə növü var:

  • Koma-dori (Diş tikişi)
  • Sagara-nui (Fransız düyün tikişi)
  • Nuikiri (Kontur atlaz tikişi)
  • Wari-nui (V hərfi şəklində tikiş)

Komadori

Bu, məşq tikişi ilə eyni olan Yapon tikmə tikişinin bir növüdür. Buna “Koma-tikmə” deyilir. “Koma” adlanan xüsusi sap rulonuna sarılan qızıl, gümüş və ya qalın ipək sap alt rənglə yanaşı qoyulur və sap digəri ilə gözəgörünməz şəkildə sıxılaraq “koma” ilə örtülərək düzəldilir. Bu texnika naxışın konturları və vurğulanmış hissələri üçün istifadə olunur və Kamakura dövründən (1185-1333) sonralar çox görünən tikiş növüdür. Həmçinin “Honkoma”, “Katakoma”, “Yinkoma”, “Hira ume” və “Chara nui” kimi bir neçə tikiş üsulu da var.  “Koma qaeshi nui” tikişinə isə “Komadori” və ya “Fuse nui” də deyilir.

Saqara tikişi

Əvvəlcə Soraku ilgəyinin nə olduğuna baxaq. Soraku ilgəyi, yun iplikləri toplanaraq naxışların çəkildiyi bir tikiş texnikasıdır. Yumşaqlıq hissi və üçölçülü olması ilə seçilir, baxdığınız zaman isti hisslər verir. Yun ipi qarmağa taxıb yuxarı çəkməklə ilgək yaranır. Həcmi digər tikiş üsullarından tamamilə fərqlidir, çünki  ilgək tikişindən istifadə edilir və xov şəklində tamamlanır.

Kəsmə tikiş

Parçaları bir-birinə tikərkən tikiş payı parçanın bir ucundan digər ucuna tikilir. Naxışdan asılı olaraq bir ucu kəsilə bilər, digər ucu isə tikilə bilər.

Ayrılmış tikiş

Ayrılmış tikiş, işarəyə uyğun olaraq naxış tətbiq edildikdən sonra tikiş payına başlamaq üsuludur. Qalın parçalar və dəsmallar kimi sökülməyə meylli parçalar üçün uyğundur, çünki tikişlər gizlidir və parçaya incə və hamar son qoymaq olur. Bu texnika ilə edilən tikişlər tez sökülmür və uzun müddət istifadə oluna bilir.

Yapon tikmələrindəki naxışların dili

Kimonolarda, o cümlədən ailə gerblərində istifadə olunan yapon tikmələri, paltarın harada və günün hansı saatında geyiniləcəyini anlamaq üçün çox vacibdir. Belə tikmələrdə isə çiçək motivləri ən çox yayılmış dizayn elementlərindən biridir.

Botanika simvolizmi Yaponiyada o qədər məşhurdur ki, o, özlüyündə bir dil hesab olunur. Yaponların “çiçək dili” olan Hanakotobada, hər bir çiçək fiziki xüsusiyyətləri və tarixi assosiasiyaları ilə müəyyən edilən bir mənanı daşıyır. Buna görə də, çiçəklərdən sözlərsiz də hissləri, mənanı çatdırmaq üçün istifadə olunur, xüsusən də tikmə sənətində.

Tikmələrdə istifadə olunan çiçəklərə və mənalarına nümunə olaraq aşağıdakıları göstərmək olar:

  • Albalı çiçəyi (Sakura): Fərqli formalı ləçəkləri və qısa çiçəkləmə müddəti ilə yenilənmə, gözəllik və həyatın keçidinin simvoludur.
  • Pion (Botan): “Çiçəklərin Kralı” kimi tanınır; Zənginlik, cəsarət və şərəf rəmzidir.
  • Xrizantema (Kiku): İmperator ailəsinin simvoludur. Uzunömürlülüyü və cavanlığı təmsil edir.
  • Qərənfil (Kaneşon): Sevgi və heyranlığı təmsil edir. Çox vaxt,Yaponiyada Analar Günündə hədiyyə olaraq verilir.

Yaponlara erkən yaşlarından öyrədilir ki, insanlar və heyvanlar eyni əbədi əxlaqi prinsipi bölüşür və hər ikisi təbiətin ayrılmaz hissəsidir. Yapon tikmələrində heyvanlar mədəni məna daşıyır və həyatın müxtəlif aspektlərini təmsil edir:

  • Durnaların (Tsuru) min il yaşadıqları və folklorda ölməzlər ölkəsində məskunlaşdıqları güman edilir. Beləliklə də nlar uzunömürlülüyü və xoşbəxtliyi simvolizə edirlər. Bir cüt durna xoşbəxt bir evliliyi təmsil edir.
  • İynəcələr (Tombo) döyüşçü siniflərinin simvoludur və tez-tez hərbi alətlərdə motiv kimi təqdim olunur. Cırcırama qələbəni təmsil edir.
  • Hörümçəklər (Kumo) Yaponiyada sənayenin simvolu kimi qəbul edilir. Yapon folklorunda hörümçəyin görünüşü yaxşı bir dostun ziyarətindən xəbər verir.
  • Qaranquşlar (Tsubame) erkən yazda Yaponiyaya gələn köçərilərdir. Qaranquş həmçinin uğur, evlilikdə sədaqət və məhsuldarlıq simvoludur.
  • Əjdahaların (Ryu) firavanlıq gətirdiyinə və şərdən qoruduğuna inanılır. Əjdaha bəxt və ya krallıq simvolu kimi qəbul edilir.
  • Kəpənəklərə (Çou-çou) Yaponiyada yenidən dirilərin və ölülərin ruhu kimi baxılır. Tikmədə kəpənəklər sevinc və uzunömürlülüyü təlqin edir.
  • Sazan (Koi) əsasən əzmkarlığı simvollaşdırsa da, eyni zamanda evlilikdə sədaqəti və xoşbəxtliyi də təmsil edir.

Yapon tikmələrinin gizli dili flora və fauna ilə məhdudlaşmır. Şərq mədəniyyətində məşhur olan əşyalar da mənəvi əhəmiyyətə malikdir. Hətta həndəsi naxışları təşkil edən fiqurların belə dərin mənalar daşıdığı hesab edilir.

  • Dağlar (Yama) göylə yer arasındakı müqəddəs məkanı təsvir edir. Dağ üzərində uçan quş həyatın çətinliklərinin öhdəsindən gəlmək deməkdir.
  • Çaylar (Kava) və ya axınlar həyatın axını simvollaşdırır və gələcəyə davamlılığı təmsil edir.
  • Zərb alətləri (Taiko) ilk növbədə sevinci təmsil edir. Bununla belə, taiko tarixən döyüşçüləri həvəsləndirmək üçün istifadə edilmiş və müharibə ilə sinonim olmuşdur. Buna görə də üzərində sarmaşıq bitən nağara sülhü simvollaşdırır.
  • Tumarlar (Kakeciku) (asılı uzun kağız-papirus) bilik, müdriklik və mədəni həyatı ifadə edir.
  • Seiqaiha çox vaxt dalğalara və ya suya bənzəyən tağlar yaradan laylı konsentrik dairələrin nümunəsidir. Bu dalğalar gücü, möhkəmliyi və bəxt dalğalarını simvollaşdırır.
  • Şippo Buddist sutralarında yeddi daş və ya xəzinəni təmsil edən sonsuz təkrarlanan dairəvi naxışdır.
  • Kikko tısbağa qabığındakı işarələri təqlid edən altıbucaqlı bir naxışdır. Tısbağanın simvolizmi kimi, kikko da uzunömürlülük və xoşbəxtlik deməkdir.

Dərin tarixə, zəngin mənalara malik olan “Nihon Şişuu” hal-hazırda dünyanın ən çətin səth dekorasiya formalarından biri kimi tanınır. Yapon sənətkarları bu zəhmətli əl işini qoruyub saxlamaq üçün çox çalışırlar. Tikməni öyrədən bir çox internet resursu var. Siz də həmin mənbələrdə milli tikmələrimizə bənzəyən bu sənəti öyrənərək gözəl əl işləri hazırlaya bilərsiniz.

Xəyalə Əlizadə ©yapon.az2023