İctimai tualetlərin girişindəki qadın və kişi şəkilli işarələrini sözlərlə ifadə etməsək belə, görən kimi oranın tualet olduğunu anlayırıq, elə deyilmi?

Bütün dünyada istifadə edilən bu “Tualet işarələri”nin əslində ilk dəfə Yaponiyada yarandığını bilirdinizmi?

Tualet işarələri ilk dəfə 1964-cü ildə Tokyo Olimpiyadası keçirilən zaman ərsəyə gəlmişdir. Belə ki, Tokyo Olimpiyadası əlifbadan istifadə etməyən bir ölkədə keçirilən ilk olimpiyada idi, ona görə də dil maneəsi xüsusi problem yaradırdı. Həmçinin ölkə daxilində demək olar ki, hər yerdə “お手洗い” (Otearai) sözü istifadə edilirdi. Dünyanın 90-a yaxın ölkəsindən Yaponiyaya gələcək idmançıların bunu anlaması mümkün deyildi. Eynilə hər ölkənin dilində yazmaq da mümkün deyildi. Uzun axtarışlardan bələdçilər bütün ölkələrin anlaya bilməsi üçün şəkillərlə ifadə etməyi qərara aldılar və beləliklə də tualet işarələri yarandı. Bundan başqa digər işarələr də yeməkxana, vanna, ictimai telefonlar, aparatlar, üzgüçülük, basketbol yarışları üçün də işarələr düzəldildi. Tokyo Olimpiyadası zamanı yarışlarda ilk dəfə istifadə edilən bu işarələr böyük rəğbət qazandı və beləliklə də sonrakı olimpiyadalarda da bu işarələrin sadəcə dizaynları dəyişdirilərək istifadə edilməyə başlanıldı.

Tualet işarələri kimi, Yaponiyada Tokyo Olimpiyadasından sonra yaranan işarələr dil maneələrini dəf etdi və hal-hazırda yeni ünsiyyət vasitəsi kimi bütün dünyada geniş istifadə edilir. Bu hər bir insanın asan başa düşməsi düşüncəsini bütün dünyaya çatdırmaq istəməsinin nəticəsidir.

Xəyalə Əlizadə ©yapon.az2023