Yapon yemək mədəniyyətinin ayrılmaz hissəsi olan “bento”lar içərisində sağlam və dadlı yeməklər olan nahar qutularıdır ki, onları Yaponiyanın demək olar ki, hər yerindən- marketlərdən, bento dükanlarından, dəmiryol vağzallarından, böyük supermarket və univermaqlardan əldə etmək mümkündür. Yaponların bir çoxu məktəb, universitet və işə sağlam və qənaətcil seçim olan öz bento naharlarını hazırlayaraq gətirirlər. Rəng və inqrediyentlərin yeməyi dadan şəxslərin təkcə dad deyil, həm də vizual olaraq həzz ala bilmələri üçün xüsusi diqqət və səylə hazırlandığı bu nahar qutuları əsasən düyü və yan yeməklərdən (tərəvəzlər, yumurta, balıq, toyuq və s.) ibarətdir ki, onların da saysız-hesabsız növləri mövcuddur.

Bu dəfəki məqaləmizdə bentonun qısa tarixi və bir neçə növündən bəhs etmək istəyirik.

  1. “Sagecu” (提げ重): “hanami” və çay mərasimlərində yeməklərdən həzz alma

“İş, səyahət və ya müharibə zamanı kənara yemək daşımaq” mədəniyyəti Yaponiyada təxminən 1000 il əvvəl hökmranlıq edən Heian dövründən bəri mövcud olmuşdur. Bununla belə, bugünkü bento qutuları Senqoku müharibəsi dövrünün ikinci yarısından (1467-1615) hazırlanmağa başlanmışdır. Həmin dövrdə yüksək təbəqədən olan insanlar üçün “hanami” (花見– çiçəkləri izləmək, yaponların çiçəklərin gözəlliyindən həzz alma adətidir) və “momiciqari” zamanı (紅葉狩り– payız yarpaqlarının tökülməsini izləmə adəti) naharı ev xaricində yeyə bilmələri üçün hazırlanan nəhəng bento qutuları “sagecu” (提げ重) adlanırdı və boşqab, çubuq, su süşələri, sake içmək üçün istifadə olunan qədəhlər bu qutunun içərisinə qoyulurdu. Təkcə yeməyin daşınması deyil, həm də rəngarəng naharın göz oxşaması məqsədi daşıyan “sagecu” bentonun prototipi hesab olunur.

  1. “Maku no uçi bento” (幕の内弁当): tamaşa fasilələrində yeyilən bento

Senqoku müharibəsi dövründən sonra uzun müddət davam edən və sakitlik, dincliklə müşayiət olunan Edo dövrü başladı. Sadə insanların həyatı sabitləşdi, “hanami” və “momiciqari” zamanı bento qutularından yemək mədəniyyəti adi hal aldı. Məhz bu dövrdə yayılan “kabuki” və “no” kimi ənənəvi yapon teatr sənətinin fasilələri zamanı tamaşaçılara bento qutuları təqdim edilirdi. Bunlar “maku no uçi bento” (幕の内弁当) adlanırdı və hazırda da kabuki tamaşalarında fasilə zamanı verilməyə davam edir. “Maku no uçi” hərfi mənada “pərdələrin səhnənin sonundan növbəti səhnənin başlanğıcına qədər endiyi vaxt” deməkdir. Bu gün “maku no uçi bento” demək olar ki, istənilən bento mağazalarında satılır və istədiyiniz zaman həmin qutulardan alaraq, yeməklərin dadından zövq ala bilərsiniz.

  1. “Eki ben” (駅弁): qatarla səyahət zamanı yeyilən bento

Uzun və dinc Edo dövrü 1868-ci ildə qərbləşmiş Meici hökumətinin hakimiyyəti ələ keçirməsi ilə sona çatdı. Yaponiyanı hərbi gücə malik daha müasirləşmiş ölkəyə çevirmək məqsədilə hökumət bütün Yaponiyada dəmir yollarının açılmasına təşəbbüs göstərdi. Bu, səyahətçilərin qatar gəzintiləri zamanı zövq alması üçün stansiyalarda satılan məşhur “eki ben” (駅弁) stansiya bentolarının yarandığı dövrdür. Hər bir bölgə şəhəri tanıtmaq və turistləri öz turizm yerlərinə cəlb etmək məqsədilə, yerli mətbəxinə məxsus yeməklərin hazırlanmasında xüsusi yerli inqrediyentlərdən istifadə edirdi.

  1. “Kyara ben” (キャラ弁): şirin personajlar, heyvanlarla (anime, film, cizgi film və s.) bəzədilmiş yeməklərdən ibarət bento

İkinci Dünya Müharibəsində məğlub olduqdan və Meici hakimiyyətinin başa çatmasından sonra Yaponiya texnoloji yeniliklər, artan investisiyalar və kifayət qədər gənc işçi qüvvəsi sayəsində təxminən 20 il davam edən sürətli iqtisadi artım yaşadı və bento qutuları Yaponiyanın hər yerində satılmağa başladı. İnsanlar şirin və gözəl dizayn edilmiş anime, cizgi film personajlarını hazırlamaq üçün xüsusi inqrediyentlərdən istifadə edirdilər. Bu qutular əvvəlcə uşaqların yemək vərdişlərinə təsir edərək, onlara sağlam qidaları sevdirmək məqsədi daşıyırdı və indi də valideynlər tərəfindən uşaqlar üçün rəngarənglik və qida balansına böyük diqqət yetirilərək hazırlanır.

Müasir dövrdə ən çox satılan bento növünün məhz “kyara ben” olması heç də təsadüf deyil.  Hətta hər il ən yaxşı “kyara ben”i müəyyən etmək üçün milli müsabiqələr də keçirilir.

Günel İsmayılova ©yapon.az2023