Onların hər biri özlüyündə savadlı və bacarıqlı insanlar idi. Düşüncə və bacarıqlarını nəyisə yaxşılaşdırmağa deyil, məhv etmək üçün istifadə etdilər…

Haruki Murakami "Metro" (yeraltı) kitabının üz qabığı
“Metro” (yeraltı) kitabının üz qabığı

Yaponiyanın məşhur yazıçısı Haruki Murakaminin “アンダーグラウン” ⌈andaquraundo⌋ (1997-1998) adlı bioqrafik əsəri 1995-ci ildə Tokioda baş verən kütləvi insan tələfatı ilə nəticələnən faciəvi hadisəyə həsr olunub. Baş verən hadisənin tarixi ilə təsadüfi tanışlığım kitabı əldə etməyimə səbəb olub.

Metroda sarin insidenti

下鉄サリン事件 ⌈Çikatetsu sarin ciken⌋

1995-ci il martın 20-də Tokio şəhərinin metro sistemində fosfororqanik zəhərləyici kimyəvi maddə olan sarin vasitəsilə terror aktı gərçəkləşdirilib. Akt Kasumiqaseki (霞が関, 霞ヶ関 və ya 霞ケ関) və Naqataço (永田町) stansiyaları arasında törədilib. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq həyata keçirilən hücum zamanı 11 ədəd qəzetə dolanan sarin paketi metropoliten ərazisinə atılaraq zərərli hala gətirilib. Bəzi mənbələrə görə, hadisə zamanı 10-12, digərlərinə görə isə 13-27 nəfərədək insan həlak olub, 5000-dən çox (bəzi mənbələrə görə 6300 nəfər) insan müxtəlif dərəcəli zədələr alıb.

Aum Şinrikyo

Asahara Şoko
Asahara Şoko

Tarixə Tokio sarin hücumu kimi düşən terror aktı neodini destruktiv Aum Şinrikyo (オウム真理教 – Ōmuşinrikyō) cərəyanı tərəfindən törədilib.

Aum Şinrikyo – qeyri-ənənəvi dini cərəyandır. Sanskrit dilində “aum” – “kainat”, yapon dilində “şinrikyo” – “həqiqət haqqında təlim” mənasını bildirir. İngilis dilinə bu ifadə “supreme truth“, yəni, “ali həqiqət” kimi tərcümə olunur. Cərəyan 2000-ci ildən ərəb, yəhudi, finikiya əlifbasının 1-ci hərfi ilə “əlif” adlanıb. Bu qeyri-ənənəvi dini cərəyanı yaponiyalı Matsumoto Çizuo (松本 智津夫) (digər adı Asahara Şoko – 麻原 彰晃) 1984-cü ildə təsis edib. Onun tərəfdarları 1995-ci ildə Tokio metrosunda törətdikləri dəhşətli terror hadisəsindən sonra daha da məşhurlaşıblar.

Kasumiqaseki və Naqataço stansiyaları arasındakı məsafə. Şəkillər Google Earth proqramı sayəsində əldə olunub. Aprel, 2014.
Kasumiqaseki və Naqataço stansiyaları arasındakı məsafə. Şəkillər Google Earth proqramı sayəsində əldə olunub. Aprel, 2014.

20 mart 1995-ci il

Terror hadisəsinin törədilməsində icraçı və sürücüdən ibarət 5 cütlük iştirak edib. İcraçının əsas vəzifəsi qatara daxil olub müəyyən qədər stansiyanı qət etdikdən sonra əlindəki qəzetə dolanmış bağlamanı vaqonun döşəməsinə atmaq və çıxhaçıxda çətirin xüsusi itilənmiş ucluğu ilə onu dəlməkdən ibarət olub. Sürücülərin vəzifəsi isə icraçı şəxsləri göstərilmiş stansiya çıxışında gözləmək və hadisə yerindən təhlükəsiz əraziyə aparmaq olub. Nəticə etibarilə, insanların ölümündə bilvasitə iştirak etməyən sürücülər nəyə getdiklərini, nə etdiklərini bildiklərindən bilavasitə hadisədə günahkar hesab olunublar. Buna görə də məhkəmə prosesində icraçılarla bərabər məsuliyyətə cəlb edilib, eyni səviyyədə mühakimə olunublar.

Sarin nədir?

Sarin – o qədər də letal (letal – latınca “letalis” sözündən olub müəyyən vaxt intervalında hər hansı bir xəstəlik, yaralanma, zədələnmə və sairədən ölənlərin nisbətinin statistik göstəricisidir) maddə hesab olunmasa da, bir damlası bəsdir ki, orta yaşlı adamı öldürsün.

Terror hadisəsini törədənlər, yəni, icraçı şəxslərdən hər biri (Yasuo Hayaşi istisna olmaqla) özü ilə 1 litr həcmində sarin bağlaması götürmüşdü. Yasuoda isə 3 belə bağlama var idi.

İstintaq və cəza

Seiiçi Endo
Seiiçi Endo

Baş vermiş hadisə ilə bağlı ilk növbədə şübhəli bilinənlər Aum Şinrikyo sektasının üzvləri olub. İstintaq prosesi zamanı sektanın Tokiodakı ofisi, Yamanaşidəki laboratoriya və qərargahında kütləvi axtarışlar aparılıb. Nəticədə sarinin hazırlanması üçün çoxlu miqdarda kimyəvi maddələr aşkarlanıb.

1995-ci ilin may ayında genişmiqyaslı axtarışlar nəticəsində böyük həcmdə pul və yataq tulumu ilə Matsumoto Çizuo (2 mart 1955-ci ildə anadan olub) və sektanın digər 10 nəfərədək lideri həbs olunub.

Naoko Kiuçi
Naoko Kiuçi

Asahara sektanın metrodakı terror hadisəsilə əlaqədar olmadığını iddia etsə də, istintaq prosesi zamanı aumçuların yarısı Aum Şinrikyonun Tokiodakı insident, eləcə də, sektanın düşmənləri hesab edilən vəkillər və onların ailələrinin, təşkilat üzvlərinin, şəxslərin ölümü də daxil olmaqla bu kimi başqa hadisələrin tördədilməsində məsuliyyət daşıdığını etiraf ediblər. Nəticədə, sektanın 200 nəfər üzvü həbs olunub. Onların bir qismi terror, digərləri isə zorakılıq və təcavüz aktı ilə mühakimə olunublar. Başqa məlumata görə, 188 cinayət üzrə 484 nəfər fəal üzv ittiham olunub. Şoko Asahara 17 ittihamdan 13-ü üzrə təqsirli bilinərək 2004-cü ildə yerinə yetirilmək şərtilə ölüm hökmünə məhkum edilib. 2004-cü ildə isə ruhi xəstəlik əsas gətirilərək və faktları gizlətməyə görə Asaharanın asılması uzadılmışdı. Lakin 2018-ci ildə məhkəmə ruhi xəstəliyə görə insanları öldürmə məsuliyyətinin aradan qaldırılmadığını əsas gətirmiş və iyulun 6-da ölüm hökmü həyata keçirilmişdir.

Tomomasa Nakaqava
Tomomasa Nakaqava

Terror hadisəsinin təşkilatçılarından biri Makoto Hirata 2012-ci ilin yanvarın 1-də həbs edilib. Təşkilatçılardan Naoko Kikuçi də 2012-ci il iyunun 3-də Kanaqava prefekturasının Samiqahara şəhərində tutulub. Həmin il iyunun 15-də sarin hücumunun təşkilatçılarından sonuncusu, 57 yaşlı Katsuya Takahaşi internet kafedə saxlanılıb. Onu həbs etmək üçün kütləvi axtarışlar hələ iyunun 8-dən başlamışdı.

Qrupun digər 5 üzvü Tomomasa Nakaqava (55 yaş), Kiyohide Hayakava (68 yaş), Yoşihiro İnoue (48 yaş), Masami Tsuçiya (53 yaş) və Seiiçi Endo (58 yaş) 2018-ci il iyulun 6-da səhər saatlarında asılıblar.

“Mümkünsüz idi”

Terror hadisəsinin 15 illiyi münasibətilə xalqa müraciət edən Yaponiyanın o vaxtkı baş naziri Yukio Hatoyama (鳩山 由紀夫) öz nitqində bildirib ki, heç kəs belə bir terror aktının mümkünlüyünə inanmırdı. Lakin bir çox yaponlar baş nazirin bu fikri ilə razılaşmırlar. İctimaiyyət inanır ki, polis hücumu gözdən qaçırıb. Çünki polisin törədiləcək cinayət barədə öncədən kifayət qədər dəlili olub. Belə ki, özünü aumçuların hədəfi güman edən hüquqşünas Taro Takimoto təqribən faciədən 1 həftə öncə Yaponiyanın Milli Polis Agentliyinin (警察庁けいさつちょう ⌈keisatsuçyou⌋) rəhbəri Takaci Kunimatsu və prokurora rəsmi məktub göndərmişdi. O, məktubunda göstərmişdi ki, məlum sekta üzvlərinin sarin vasitələsilə kütləvi insan tələfatı törətmək ehtimalı var.

2009-cu ildə sui-qəsdə məruz qalan Kunimatsu da bəyan etmişdi ki, Tokio polisi Aum Şinrikyo üzvlərinin belə bir addım atacağını bilirdi. Çünki daha öncə polis sektanın Yamanaşi prefekturasında yerləşən qərargahında axtarışlar aparmışdı və aumçular bu hadisəyə cavab hərəkatı hazırlayacaqdılar. Lakin polis dəlilin kifayət etmədiyini əsas gətirərək heç bir tədbir görmədi, – Kunimatsu bildirmişdi.

Eynilə, 1994-cü il iyununda Matsumoto şəhərində baş verən və 7 nəfərin ölümü, 144 nəfərin zədələnməsi ilə nəticələnən terror hadisəsinin səbəbləri arasında belə bir versiya da var: terroru Asaharanın işi ilə məşğul olan bəzi hakimlərin həyatına edilən uğursuz sui-qəsd hadisəsi kimi pərdələmək.

“Cütlüklər”

Qeyd etdiyim kimi, terror hadisəsinin törədilməsində icraçı və sürücüdən ibarət 5 cütlük iştirak edib.

I

İkuo Hayaşi
İkuo Hayaşi

İlk cütlük İkuo HayaşiTomomitsu Niimidir. Aumçulara qoşulmadan öncə Hayaşi Yaponiyanın Elm və Texnologiya Nazirliyində həkim işləyirdi. Həkimin oğlu Keyo Universitetində oxuyub və daha sonra Keyo xəstəxanasında işləyib. 1990-cu ildə o, Asaharanın “şəfaverici naziri” kimi fəaliyyət göstərmək üçün işdən ayrılıb və aumçulara qoşulub. Sektada Asaharanın sağ əli hesab olunan Hayaşi Çin təbabətini tətbiq edən xəstəxananın baş həkimi və təşkilatın aşkar lideri idi. Hayaşi həmçinin, “Aum” üzvlərinin bəzilərinin “müalicəsindən” cavabdeh şəxs idi. Bu müalicələr qeyri-qanuni aparılırdı və bu zaman xəstələrə qarşı elektraşok və pentatol natriyadan istifadə olunurdu. Təbii ki, “müalicələr” ölümlə nəticələnirdi.

Tomomitsu Niimi
Tomomitsu Niimi

Terror hadisəsi zamanı o, Tokio metrosunun Şinoçanomizu (新御茶ノ水駅) stansiyasının Çiyoda (千代田線) xəttində olub. Onun stansiyaya atdığı sarin paketləri sayəsində 2 nəfər həlak olub və 231 nəfər zədələnib.

Hayaşi istintaqa kömək etdiyi üçün ona verilən ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunub. Lakin onu metro stansiyası çıxışında gözləyən sürücü Niimi ölüm hökmünə məhkum edilib və 2018-ci il iyulun 6-da səhər saatlarında asılıb.

II

Keniçi Hirose
Keniçi Hirose

Keniçi Hirose orta məktəbi və daha sonra Vaseda Universitetini bitirib. Tətbiqi fizika üzrə ixtisaslaşmışdı. O, təşkilatın “Elm və Texnika üzrə Nazirliyi”nin tərkibində kimya sahəsində baş mütəxəssis idi. Masato Yokoyamo ilə birlikdə avtomatik tapançanın hazırlanması üzrə gizli planın rəhbəri idi.

Terrorun düzgün hərəkət olduğuna inamsız yanaşıb. Çox götür-qoy etməsinə baxmayaraq, martın 20-də Oçanomizu stansiyasında hər 2 sarin paketini partladıb və nəticədə 1 nəfər həlak olub, 358 nəfər müxtəlif dərəcəli zədələr alıb. Ölüm hökmünə məhkum olunub və asılıb.

Hadisə zamanı sürücüsü Koiti Kitamura olub.

III

Katsuya Takahaşi
Katsuya Takahaşi

Toru Toyota Tokio Universitetində oxuyub. Tətbiqi fizika üzrə ixtisaslaşan Toyota elit laboratoriyalardan birində namizədlik dissertasiyasını müdafiə edib. O da sekta daxilində “Elm və Texnika üzrə Nazirliyi”nin nümayəndəsi kimi kimyaçılar qrupunda fəaliyyət göstərib. Uzun müddət “şōrincikenpō” (“şōrin – ryū”) ilə məşğul olub. 7-ci şöbədə gizli kimyəvi maddə sarinin hazırlanmasına cavabdeh şəxs olub. Sarin paketlərini Nakamequro (中目黒駅) və Ebisu (恵比寿駅) stansiyalarında işlək hala salıb. Nəticədə bir nəfər həlak olub, 532 nəfər ciddi xəsarət alıb. Asılmaqla ölüm hökmünə məhkum olunub.

Sürücü Katsuya Takahaşi 2012-ci ilədək qaçaq olub, hüquq mühafizə orqanlarından gizlənib.

IV

Masato Yokoyama
Masato Yokoyama

Masato Yokoyama Tokay Universitetinin texniki fakültəsinin tətbiqi fizika bölməsini bitirib. Sektanın “Elm Nazirliyi”nin müavinlərindən biri olub. Avtomatik tapançanın hazırlanması üzrə qrupun rəhbəri idi. Sarin paketlərini Yotsuya (四ツ谷駅) stansiyasına gedən yolda dəlib. Təqribən 250 nəfər insan müxtəlif dərəcəli xəsarət alıb. Asılaraq ölüm hökmünə məhkum olunub.

Sürücü Kiyotaka Tonosaki ömürlük həbs olunub.

V

Yasuo Hayaşi
Yasuo Hayaşi

Yasuo Hayaşi Tokioda anadan olub. Tokioda gecə məktəbini bitirən Yasuo Koqakuin Universitetinə daxil olub. Burada o, süni intellekti öyrənirdi. Buraxılışdan sonra daimi işə düzəlmir və çoxlu səyahət edir. Hindistanda dinlə maraqlanır. Yoqa ilə məşğul olmağa başladığı ilk günlərdə Aum Şinrikyo sektası ilə tanış olur. Sektaya üzv olduqdan sonra evini tərk edir. Sekta daxilində “Elm və Texnika üzrə Nazirlik”də vacib şəxslərdən üçüncüsü idi.

Martın 20-də Ueno (上野駅) stansiyasında Kitasencu (北千住駅) stansiyasından gələn Hibiya (日比谷線) xəttindəki qatara minir. Akihabara stansiyasına yaxınlaşanda özü ilə götürdüyü hər 3 sarin paketini yerə ataraq çoxlu sayda dəliklər açır. Nəticədə 8 nəfər həlak olur, 2475 nəfər müxtəlif dərəcəli xəsarət alır. Çoxlu sayda insan ölümünə səbəb olduğu üçün onu “ölüm maşını” adlandırırlar. O və onun sürücüsü Suqimoto Şiqeo ölüm hökmünə məhkum olunaraq asılıblar.

“Aum Şinrikyo” barəsində animedən hissə.

Sevinc Nur © yapon.az 2014 (2019-cu ildə yenilenib)