Haçiko (ハチ公)

Hər birimizin “Hachi: A Dog’s Tale” filmindən Haçiko kimi tanıdığımız o vəfalı it əslində, amerikalı kinematoqrafların çəkdiyi kimi ABŞ-da yox, Yaponiyada yaşayıb. Hazırda, Haçiko Yaponiyada sədaqət və vəfanın simvoludur. O,  秋田犬 – Yaponiyanın Honşyu adası, Akita vilayətində yetişdirilən – akita parodasından olan itdir.

  • Haçiko və Ueno Hidesaburo

Haçiko 1923-cü il noyabrın 10-da Akita prefekturasında doğulub. Fermer balaca iti Tokio Universitetində işləyən professor Ueno Hidesaburoya (上野 英三郎) verməyi qərara alır. Professor itə Haçiko, yəni səkkizinci adını verir.

Haçiko. Vikipediya - elektron ensiklopediya
Haçiko. Vikipediya – elektron ensiklopediya

Haçiko böyüdükdən sonra da həmişə öz sahibini izləyir, o, hara gedirsə onun arxasınca gedir. Filmdə də göstrildiyi kimi, professor hər gün şəhərə işə getmək üçün (həqiqətdə Şibuya stansiyası) stansiyaya gələndə Haçiko onu stansiyanın girişinədək müşayiət edir, günün ikinci yarısı saat 3-də isə yenidən stansiyaya, sahibini qarşılamağa gəlirdi.

21 may 1925-ci ildə professor infarkt keçirir. Həkimlər onun həyatını xilas edə bilmirlər və o, artıq evə qayıtmır.

Sahibi vəfat edəndə Haçiko 18 aylıq idi. Təbii ki, sahibi vəfat etdiyindən o gün geri qayıtmır, lakin it bütün günü onu gözləyir. O gündən etibarən Haçiko hər gün sahibini yola saldığı stansiyaya gələrək gecə saatlarınadək səbirlə onu gözləyir və bəzən stansiyadaca gecələyirdi.

Haçikonu professorun dostlarının və ya qohumlarının evinə öyrəşdirməyə çalışsalar da, o, yenə də stansiyaya gəlməyə davam edirdi. Yerli tacirlər, dəmiryolu işçiləri Haçikonu yemləyir və onun mətanətinə heyran qalırdılar.

  • Məşhur Haçiko

1932-ci ildə Tokionun məşhur qəzetlərindən birində “Sadiq it 7 il öncə ölən sahibinin geri gəlməsini gözləyir” adlı məqalənin işıq üzü görməsilə Haçiko bütün Yaponiyada məşhurlaşır. Hadisədən məyus olan yaponlar yalnız iti görmək üçün Şibuya stansiyasına axın edirlər. 1934-cü il aprelin 21-də Haçikonun özünün də iştirakı ilə ona abidə qoyulur…

  • 9 illik həsrət bitir

Haçiko ölənədək 9 il müddətində Şibuya stansiyasına gəlməkdən vazkeçmir. O, 8 mart 1935-ci il stansiyanın yaxınlığında ölü olaraq tapılır. Haçiko xərçəng xəstəliyinin son mərhələsi və ürək filyariyasından (dirofilaria immitis) əziyyət çəkirdi.

Şibiyu stansiyasında Haçikonun heykəli. Tokio.
Haçiko. Vikipediya – elektron ensiklopediya

Haçikonun mədəsində yakitori (焼き鳥 – qızarmış toyuq) yeməyindən 4 ədəd çubuq tapılır. Lakin ekspertizanın nəticələrindən məlum olur ki, çubuqlar mədəni zədələməyib və ölümə səbəb olmayıblar. Onun ölümünün geniş rezonans doğuran hadisə olduğunu görən hökumət ölkədə matəm günü elan edir.

  • Sədaqət rəmzi

II Dünya müharibəsi zamanı Haçikoya hələ sağ ikən qoyulan abidə məhv edilir – abidənin dəmirdən olan hissəsi hərbi ehtiyaclar siyahısına daxil edilir. Lakin Yaponiya özü də sadiq, qırmızı-qəhvəyirəngi iti unutmur və müharibənin sonu, 1948-ci ilin avqustunda abidə yenidən bərpa olunur.

Hazırda Haçikonun heykəli Şibuya stansiyasının önündə turistləri qarşılayır. Haçikonun obrazı isə Yaponiyada təmənnasız sevgi və sədaqətin rəmzi və nümunəsinə çevrilib.

Haçikonun doldurulmuş dərisi isə Elm Muzeyində (Ueno, Tokio, Yaponiya) saxlanılır. Haçikonun digər qalıqları isə yandırılaraq Aoyama qəbirstanlığında basdırılıb (Minatoku rayonu, Tokio). Həmçinin, Haçikonun virtual ev heyvanları qəbirstanlığında da şərəfli yeri var.

Haçiko Elm Muzeyində. Vikipediya - elektron ensiklopediya
Haçiko. Vikipediya – elektron ensiklopediya
  • Filmoqrafiya

1987-ci ildə “Haçikonun hekayəsi” (ハチ公物語 – “Haçikō monoqatari”) adlı film çəkilir. 2009-cu ildə isə həmin filmin remeyki hazırlanır – “Haçiko: İtin hekayəsi”. Bundan başqa, “Futurama” cizgi serialında “Jurassic Bark” adlı seriyada da Haçikonun prototipi var. Belə ki, qəhraman Frayd təsadüfən dondurulana və gələcəyə gedənə qədər, öz dili ilə dediyi kimi, “yeganə dostu” evsiz küçə itinin qeydinə qalır, ona baxır. Onun donduğu müddətdə isə, it Fraydı işlədiyi pizza dükanının qarşısında bütün ömrü boyu gözləyir. Bu seriyadaca Frayd öz itinin qalıqlarını tapıb onu yenədiən diriltməyə çalışır.

Haçikoya qoyulan abidə “Nintendo DS” üçün “The World Ends with You” oyununun əsas mərkəzi elementlərindən biridir. Burada oyunun sujeti ilə əlaqədar olaraq abidəni lənətlərdən təmizləmək lazımdır.

Sevinc Nur © yapon.az 2014