Tam adı Yoşioka Yui olan ifaçı 26 mart 1987-ci ildə Yaponiyanın Fukuoka prefekturasında anadan olub. Yui müğənni, bəstəkar, söz yazarı, gitara, piano ifaçısı və aktrisadır. J-rock və J-pop janrlarında ifa edən Yuinin bu günə qədər 5 albomu çıxıb. “Fullmetal Alchemist: Brotherhood”, “Bleach” kimi animelərin bir neçə açılış və qapanış musiqilərinin (ing. openingending) ifası Yuiyə aiddir.

Atası, o hələ 3 yaşında olanda, onları tərk edib. Uşaq vaxtlarından anasının maşınındakı radiodan eşitdiyi mahnıları sonradan xatırlamağa çalışır və özü üçün oxuyurdu. Orta məktəb dövründə anasından çox təsirlənən Yui bir gündəlik tutmağa başlayır və orda hiss etdiklərini və şeirlərini yazır. Təlimlərin pulunu ödəməyə kömək etmək üçün Çin restoranında işləməyə başlayır və bu çətin vəziyyət nəticəsində gündə cəmi 2 saat yata bilirdi. Yui bu yaşadıqlarına çox dözə bilmir və bir gün gözünü xəstəxanada açır. Bundan sonra o artıq qərar verir ki, musiqi və məktəb eyni vaxtda inkişaf edə bilməyəcək.

Xəstəxananı tərk etdikdən sonra ilk dəfə küçədə konsert verir. Bu küçə konsertlərinin birindən sonra “Bianco Nero” adlı qrupun üzvləri ona “cuku” (ilk növbədə Yaponiyada müntəzəm məktəb dərsləri saatlarından sonra, eyni zamanda, istirahət günləri və tətil vaxtı müəyyən fənlər üzrə təhsil təklif edən xüsusi məktəb belə adlanır. red.) adlı musiqi məktəbinə getməsini məsləhət görürlər. Yui fikirləşmədən orta məktəbə getməyi dayandırır və elə Fukuokada yerləşən cuku musiqi məktəbində musiqi yazmaq və gitarada ifa etməyi öyrənməyə başlayır. Bundan sonra o hər dəfə gitarası ilə birlikdə Fukuokada yerləşən Tencin stadionuna gəlir və orada kiçik konsertlər verməyə başlayır. Bunun sayəsində o həm də utancaqlığından xilas ola bilir.

Yui professional musiqi fəaliyyətinə 2004-cü ildə keçirilən yarışma ilə başlamışdı. Belə ki, 2004-cü ilin may ayında musiqi məktəbindəki müəllimlərinin də məsləhəti ilə o, “sony music Japan”nın bir musiqi yarışmasına qatılır. Hər iştirakçıya iki mahnı ifa etməsinə icazə verilməsinə baxmayaraq, münsiflər heyətinin istəyi ilə Yui üç mahnı ifa edir və maksimum yüksək xal alaraq sinql çıxartma şansı qazanır. “Why me”, “It’s Happy Line” adlı ifalarından sonra sonuncu “I know” mahnısında sərgilədiyi perfomans münsiflər heyətindən tam xal almağına kömək etmişdi.

24 dekabr 2004-cü ildə “Leaflet Records” şirkətinin adı altında “It’s Happy Line” adlı debut sinqlı çıxır. Bundan sonra Yui “Feel my soul” adlı yeni bir ifa yazır. Bu ifanı eşidən “Fuci” televiziyasının rejissoru Yamaquçi sinql olaraq çıxmadan öncə musiqinin “Fukigen na Gene” dramasında istifadə olunmasını istəyir. İfanın dramada eşidilməsindən sonra çıxan sinql 100.000-dən artıq satılır. Həftəlik “Oricon” musiqi çartlarına ilk həftədən 8-ci yerdən daxil olur.

3-cü sinql olan “Tomorrow’s Way” ifası “Hinokio” filminin “theme” mahnısı, 4-cü sinql “Life” isə “Bleach” animesinin 5-ci qapanış mahnısı oldu. Bu 4 uğurlu sinqldan sonra 2006-cı ildə Yuinin “From me to you” adlı ilk albomu çıxdı və 200.000-dən çox satış rəqəmi əldə edərək böyük uğur qazandı. 2006-cı ildə Yui həm də “Taiyou no Uta” adlı filmdə Kaoru adlı baş rolu ifa etdi. Həmin film 2006-cı ildə “Cannes” film festivalında nümayiş olundu.

6 may 2013, "Flower flower" qrupunun debütü. Mənbə: http://www.yui-lover.com/2013/05/flower-flower-debuts-at-japan-jam/
6 may 2013, “Flower flower” qrupunun debütü. Mənbə:yui-lover.com

2007-ci ildə o ilk dəfə Budokanda konsert verdi və bu konsertdə səhnə onun küçə konsertlərinə bənzədilmişdi.

Bir-birinin ardınca çıxan uğurlu albomlardan sonra Yui 2012-ci ildə Youtube-dakı “Vevo” kanalı üzərindən boşluqda olduğunu və bu vəziyyətdə fanatlarının qarşısına çıxmaq istəmədiyini demişdi. Ona görə də bir müddət dincəlmək qərarına gəldiyini açıqlamışdı. Ancaq bu çox çəkmədi və 2013-cü ildə o, həm öz stilini dəyişdi, həm də artıq solo layihə olaraq yox, dostları ilə birgə qurduğu “Flower flower” qrupunda vokalist və gitarist olaraq çıxış etməyə başladı.

Rəşid Ələsgərov © yapon.az 2014