Tokioda yerləşən məşhur “Ginza Tanaka” eksklüziv zərgərlik məhsulları mağazası yeni ili təmtəraqlı qarşılamağı sevən alıcıları növbəti dəfə sevindirmək qərarına gəlib. Bu dəfə mağaza alıcılara platindən hazırlanmış yeni il küknar ağacı (“Disney Platinum Christmas Tree”) təklif edir

Sapporo. Sevinc N.Ə. (yapon.az)

Səkkizguşəli piramida şəklində düzəldilmiş yeni il küknarı 2,6 m hündürlüyündədir. Onun hazırlanmasına 31 kq platin sərf edilib. Platin küknar ağacının dəyəri 300 milyon yendir (təqribən 2,6 mln ABŞ dolları). Onun üzərində Walt Disney şirkətinə məxsus “Frozen” cizgi filminin qəhrəmanlarının əksi yerləşdirilib. Platin küknarın gümüşdən hazırlanan kiçik versiyası isə, 4000 ABŞ dolları dəyərindədir.

Ginza Tanaka Sales 2.6 Million USD Christmas Tree
Fotonun müəllifi: Rodrigo Reyes Marin/AFLO.

Mağaza alıcılarına bu möhtəşəm küknar ağacı ilə bərabər, məşhur cizgi filminin qəhrəmanlarının platindən hazırlanmış oyuncaqlarını və şəkillərini də təklif edir. Həmin cizgi filmi Yaponiyada son 12 ilin ən çox mənfəət gətirən animasiya filmi olub.

“Tanaka Kikinzoku Jewelry K.K.” zərgərlik evinin yaydığı məlumatda bildirilir ki, qiymətli metallardan hazırlanmış yeni il hədiyyələrinin sərgisi dekabrın 25-dək, satışı isə 2015-ci il martın 31-dək davam edəcək.

Orijinal adı “Şimizu Şoten” olan mağaza 1892-ci ildən fəaliyyət göstərir. Mağaza daha öncə 2011-ci ilin noyabrında alıcılara qızıldan hazırlanmış 1,92 metr hündürlüyündə, 2 milyon dollar dəyərində küknar ağacı təklif edib. Mağaza ənənəsinə sadiq qalaraq 2012-ci ildə satışa 4,2 milyon dollar qiymətində 2,4 metr hündürlüyündə, 2013-cü ildə isə, eyni hündürlükdə lakin 5 milyon dollar dəyərində qızıl küknar ağacları çıxarmışdı.

Mənbə: www.nipponnews.net