“ABŞ işğalçı güc olsa da o Yaponiyaya xilaskar kimi gəlməli idi.”

emperor-movie-feb-2013-poster2

Sitat “İmperator” filmindəndir. Film Yaponiyanın II Dünya müharibəsindən sonrakı vəziyyətini təsvir edən ən maraqlı və həqiqətlərə ən yaxın filmlərdən biri hesab olunur. Baxmayaraq ki, tarixçilər və daha çox rusiyalı şərhçilər filmi birtərəfli və Hollivudun növbəti “pafoslu” filmləri silsiləsinə daxil edirlər. Əslində bir izləyici kimi mən şəxsən tamamilə başqa məqamlara diqqət yetirmişdim; yaponların öz İmperatorlarına olan sədaqətinə. Sədaqət, şərəf nədir?! Daha doğrusu yaponlar üçün bu anlayışların mahiyyəti nədən ibarətdir? Bəlkə özləri də bəzən bu “sədaqət”in mahiyyətini anlamırlar, korkoranədir, genetikdir… Filmdə bu etiraf olunur. Həmin “sədaqət”i anlamaq üçün onlardan biri olmaq lazımdır: Yaponiyanı öz doğma ölkəsi kimi sevən və mədəniyyətinə heyran olan, yaponları tanıdığını düşünən bir hərbiçiyə də deyilir: “sən bizi anlaya bilməzsən”…

Filmin mövzusu məğlub olan Yaponiyaya gələn “müttəfiqlərin” “İmperator günahkardırmı?” sualı ətrafında apardığı istintaq və buna paralel olaraq həmin istintaqı aparan hərbiçinin Yaponiyadakı keçmiş məhəbbətini axtarışları ətrafında cərəyan edir. Ya İmperatot günahkar hesab ediləməli və onsuz da depressiyada olan xalq üsyan edib onu müdafiə etməli, ya da əksi sübut olunmalıdır.

Filmin rejissoru Piter Vebberdir. Yaponiya və ABŞ-ın birgə istehsalı olan bu dramda Tommi Li Cons, Metyu Foks və digər aktyorlar çəkiliblər.

Film 14 sentaybr 2012-ci ildə Toronto kinofestivalında ilk dəfə nümayiş olunduqdan sonra məhdudiyyətlə ABŞ-da yayımlanıb. Yaponiyada premyerası zamanı (18 iyul 2013) aktyor heyətinin bəzisi və rejissor iştirak edib.

“İmperator” Şiro Okamoto`nun “Hökmdarı xilas etmək” kitabına yazılan ssenari əsasında çəkilib. Həqiqətləri və reallıqla filmin uyğun olub-olmadığını bilmək üçün yəqin ki, orijinal əsəri də oxumaq yaxşı olardı.

Sevinc Nur Ali © yapon.az 2014