“Bəli! İnsanlar başqalarının həyatını dəyişmək iqtidarındadır. Sən yolunda qarşılaşdığın hər kəsin həyatını dəyişə bildin.”

chinue-sugihara
Çiune Sugihara (杉原 千畝). Vikipediya – elektron ensiklopediya

Arzusu olan və arzusunun arxasınca gedən az insan var. Nə istədiyini və ya nə istəmədiyini bilən, nəyin doğru və yalnış olduğunun fərqində olan insan da azdır. Hər kəsin qəlbən inandığı və həqiqətən də bəşəriyyətin müsbət istiqamətdə inkişafı üçün əhəmiyyətli olan doğrularla üst-üstə düşən həqiqətlərini (öz doğruları) müdafiə edən, sözünün arxasında dayana bilən insan yəqin ki barmaqla sayılacaq qədərdir… İndi könül rahatlığı ilə “nə yaxşı ki olub” dediyimiz qərarları verən, insanlığın öldüyünün düşünüldüyü, bizim filmlərdən izlədiyimiz o dəhşət dolu zamanlarda belə insanlığın ölmədiyini, gözlərimizi sevincdən dolduran insanlar və onların əməlləri olub.

Tarixi qaliblər istədikləri kimi yaza bilər, amma məğlubların da mütləq sözləri vardır… Bəlkə də “bəlkələrin” daha az olduğu bir dünyanı yarada bilərdilər… İnsanların həyatlarını dəyişdikləri kimi, dünyanın gərdişini dəyişə bilərdilər…

Dünyanı dəyişmək istəyənlərin filmi…

Azərbaycancaya “arzuolunmaz şəxs” kimi tərcümə olunan film II Dünya müharibəsi ərəfəsində indiki Rusiya, Almaniya tərəfindən persona non grata elan edilən, öz ölkəsində belə qınanılan yaponiyalı diplomat Çiune Sugiharanın (杉原 千畝) həyat və fəaliyyətindən bəhs edir. Onun gözlənilmədən verdiyi qərarlar və bununla da ümidsiz insanlara bir işıq olan, tarixə “Sugiharanın vizaları” kimi düşən möhürlü kağız parçaları 1939-1940-cı illərdə 2000-dən çox insanın həyatını  xilas etmişdir.

Film ABŞ, Yaponiya, Polşanın birgə istehsalıdır. 139 dəq. davam edən filmin ilk premyerası 2015-ci ilin oktyabrın 13-də Litvanın Kaunas şəhərində, Yaponiyada isə dekabrın 5-də baş tutub.

Filmin musiqisi Naoki Satoya məxsusdur. Rejissor Sellin Qlak (Cellin Gluck), ssenari yazarları Tetsurô Kamata, Hiromiçi Matsuodur.

Rolları Toşiaki Karasava (Çiune Sugihara), Koyuki (Saçiko – xanımı), Borys Szyc (Peş), Agnieszka Grochovska (İrina), Fumiyo Kohinata (səfir Ohaşi) və b. ifa etmişlər.

Bioqrafik, tarixi film izləmək istəyənlər və tarixi dram janrının həvəskarlarını filmi mütləq izləməyə dəvət edirəm.

Sevinc Nur © yapon.az 2016