2 il azadlıqdan məhrumetmə və ya 300 000 ¥ cərimə ödəmək…

Yaponiyada, hər halda yaşadığım şəhərdə gördüyüm və axtardığım müddətdə qarşıma çıxan və təbii təəccübümə səbəb olan faktlardan biri: burada iri alış-veriş mərkəzlərində bıçaq almaq müşkül məsələdir. Ya da sadəcə bizim alışdığımız kimi deyil.

12
Şəkildəki bıçaqlardan ən ucuzu 84 manatdan başlayır və 140 manata kimi qalxır. S.N.

Birincisi, burada bıçaqlar çox bahadır, ən ucuzu 10-19 ABŞ dolları dəyərindədir, ikincisi, kiçik ölçüdə, ələyatımlı bıçaq tapmaq bir az çətindir (belə bıçaqları adətən ev əşyaları satılan mağazalarda tapmaq olar. Ucuz ümumi ev əşyaları dükanlarında tapdıqlarınız isə adi ev işlərində belə sizin əsəblərinizi korlayacaq, çünki tez korşalırlar).

Üçüncüsü, burada bıçaqlara ancaq şüşə arxasından baxa bilərsiniz, yaxud da onların yerinə stendlərdə asılan və kağızdan kəsilmiş maketlərinə. Düzü, xarici görünüşü elə insanı vahiməyə salır, nə də əlinə alıb ölçüsünə, əlinə uyğun olub-olmadığına baxa bilirsən. Hər halda, mağazaya gələn “insanların beynindən nə keçə bilər, bilmək olmaz” – deyib bu üsuldan istifadə edirlər.

167782 P.S. Ən sadə misal: Bakıda, Sədərək və bu kimi yerlərdə bıçaqlar elə ortaya qoyulub satılır, istənilən forma və ölçüdə. Bizim satıcılarda insanların beynindən nəsə qorxulu şey keçə bilər düşüncə və xofu yoxdur. Buna sevinək! Nəticədə mən bıçağı Bakıdan istədim.

Haqlıdırlar da!

2008-ci il iyunun 8-də Akihabarada (秋葉原通り魔事件 /Akihabara Tōrima Ciken) baş verən hadisədən sonra insanların özü ilə bıçaq gəzdirməsi haqqında qanunda dəyişiklik də edilib.

Həmin gün Yaponiya vaxtı ilə 12:33-də 25 yaşlı Tomohiro Kato əvvəlcə əhalinin çox toplandığı yerdə insanların üstünə maşın sürüb, ardından isə “yaşam” (“survival”) bıçağı kimi tanınan “soyuq silah”la onlara hücum edib, qarşısına keçəni vurub.

Qanuna əsasən, Yaponiyada kəsici hissəsinin uzunluğu 15 sm və ya çox olan istənilən qatlanmayan bıçağa sahib olmaq üçün müvafiq prefektura təhlükəsizliyi komissiyasının razılığı olmalıdır. Həmçinin, 6 sm-dən uzun olan cib bıçaqlarına (avtomatik açılıb-bağlananlar, nizə hissəsinin uzunluğu 15 sm olanlar və yapon halberdləri) sahib olmaq istəyənlər də eyni icazəni almalıdırlar. Kəsici hissəsi 6 sm-dən uzun olan bütün bıçaqların saxlanması və gəzdirilməsi istisna halları (məsələn, vəzifəsini yerinə yetirirkən) çıxmaq şərtilə qadağandır ⌈“Double-edged knives may be regulated by law”. The Yomiuri Shimbun. 11 iyul, 2008. Dəyişiklik: 16 noyabr, 2010.⌉. Qanunun pozulması halları müşahidə olunduğu halda 2 il azadlıqdan məhrumetmə və ya 300 000 ¥ cərimə ödənilməsi cəzası tətbiq olunacaqdır.

Sevinc Nur © yapon.az 2016
(19.10.2014 tarixində yazılıb və 2016-cı ildə yenilənib)