Yaponiyada çəltik əkiminə e.ə. V əsrdə başlanmışdır. İnsanlar təsərrüfatda çəltik əkimini daim ön planda saxlamışdır. Ümumiyyətlə, Şərqi Asiyada insanlar üçün yeməklər arasında baş rolun ifaçısı düyü olub. Elə Yaponcada da yemək (xörək yemək) “gohan o taberu” sözləriylə ifadə olunur ki, bu da tərcümədə “düyü yemək” deməkdir. Qeyd edim ki, yaponların sevimli içkisi olan sake də çəltikdən hazırlanır.

Fikir vermisinizmi ki, Qərbdə və bir çox Asiya ölkəsində aşpazlar öz bacarıqlarını yeməklərdə fərqli dadlar əldə etmək üçün istifadə edirlər. Lakin ənənəvi Yaponiyada isə bunun tam əksinədir. Əsas məqsəd insan müdaxiləsini minimuma endirmək, yeməyi təbii dadına ən yaxın halıyla təqdim edə bilməkdir. Buna misal olaraq saşimini qeyd etmək olar. Təzə balıq süfrəyə çiy və ya dilimlənmiş halda gətirilir. Dilimlər soya sousuna və ya vasabiyə batırılaraq yeyilir. Bu balığın dadına varmağın ən mükəmməl yoludur…

fugu-sashimi-tokyo-tokyodinner-com
Fuqu saşimi. Tokio restoranlarından birində. Mənbə: tokyodinner.com

Amma Yaponiya mətbəxi deyərkən ilk ağlımıza gələn dünyaca məşhur suşinin yeri əlbəttə ki, (sevənləri üçün) zirvədir. Suşi üçün balıq seçərkən diqqətli olmaz lazımdır. Ona görə ki, həmin balıq çiy yeyilməyə uyğun olmalıdır. Yaponlar son dərəcə təzə olmadıqca balıqları çiy yeməzlər. Suşi bir tikə dəniz məhsulunun azca sirkəli düyü üzərinə yerləşdirilməsiylə hazırlanır. Suşinin demək olar ki, hər perefekturada müxtəlif cür növləri vardır.

Çörək Yaponiyaya ilk dəfə XVI əsrin ortalarında gəldi, ancaq tam olaraq çörək hazırlanmasına 1869-cu ildən başlanıldı. II Dünya Müharibəsi illərində ölkədə çörək çeşidləri artdı və kaşi-pan (tərcümədə “şirin çörək” deməkdir) çörəkləri şirniyyat evləri və zavodların istehsal elədiyi məhsullar arasında öndə oldu.

167782 Gəlin Yaponiya mətbəxinə nəzər salaq və rəngarəng ləzzətlərin bir qismi ilə tanış olaq;

Ramen: Yaponların öz damaq dadlarına uyğunlaşdırılımış mənşəcə Çin yeməyidir. Sadə formada buğda unundan hazırlanan ramenlər soya sousu ilə qarışdırılmış bir şorbanın içində, üzərində incə doğranmış donuz əti və yaşıl tərəvəz ilə təqdim edilir.

TempuraTərəvəzlər və dəniz məhsullarını sulu bir xəmirə buladıqdan sonra yağda qızardırlar. Bu yemək resepti XVII əsrdə Portuqaliyadan gəldi, ancaq indiki zamanda tempura dünyada tipik yapon yeməyi olaraq tanınır.

omurice
Omuraisu

Omurais (オムライス): Toyuqlu plov da demək olar. Belə ki, qayğanaq içərisində düyü və toyuq,  üzəri ketçupla bəzədilərək təqdim olunur.

Hayaşiraisu  dana əti və tərəvəzlərin tünd və parlaq bir sous içində dəmlənmiş düyü ilə birlikdə təqdimatıdır.

Nikucaqa: Dana ətiylə hazırlanır. Bu resept ilk dəfə köhnə yapon donanması əsgərləri üçün hazırlanmışdı. Dana əti, kartof və soğan, soya sousu…

SukiyakiDana əti və tərəvəzlər, soua sousundan istifadə olunur. Şəkər tozu və digər məhsullar əlavə edilərək bişirilir. Bu yeməyin Meici Bərpaolunması dövründən sonra (1868) yayılması qismən də hökumətin ət istehlakını artırma çabaları hesabına idi. bu tarixdən öncə yaponiyada dördayaqlı heyvanların ətinin yeyilməsinə yaxşı baxılmırdı. Çünki 675-ci ildə ölkədə ət yeməyi qadağan edən qanun qəbul edilmişdir. Səbəb isə ölkədə yayılmış buddizmdən irəli gəlirdi.

azduki-lobya
Adzuki lobyası

ŞirukoŞəkər tozu və su qarışımında qaynadılan azduki (Bu lobya Çindən Yaponiyaya gəlmişdir, arxeoloji qazıntılarda  2000 il öncəsinə aid izləri tapılıb) lobyası və sonradan əlavə olunan qızardılmış moçi düyü keksləriylə hazırlanan dadlı bir şorba növüdür.

Yemək qutuları (yəni, bento, obento) Yaponiyada yemək ənənəsinin önəmli bir qismini təşkil edir. Çox qədim zamanlardan səyahətçilər, ovçular yola çıxarkən, təsərrüfatla məşğul olanlar və odunçular işləməyə gedərkən, balıqçılar dənizə çıxarkən yeməklərini bu şəkildə götürərdilər.

1960-cı ildən bu yana Yaponiyada düyü istehlakı azalmağa başladı. Belə ki, hal-hazırda 50 il öncəsi ilə müqayisədə yarı-yarıya azalmışdır. Çünki 1868-ci ildən sonra, eləcə də, Qərblə əlaqələrin inkişafı ilə onların yemək növləri də Yaponiya mətbəxinə yol açdı. Hal-hazırda da hər bir yaponiyalı ailəsində təxminən üç ləziz yemək hazırlanır. Təbii ki, düyünün baş rolda olması qaçınılmazdır.

Bəhs etdiyim mövzu geniş olsa da buraya sığdıra bildiklərimi qeyd etdim. Yaponiya mətbəxi deyərkən ağlınıza gələn qarışıq fikirləri azca da olsa dəyişdirə bildimsə, bu məqalə yararlı sayıla bilər. Çünki bəzən saytlarda və sosial şəbəkələrdə “yapon yeməyi” adı altında insanlara iyrənc yemək növləri göstərilir və haqsız yerə Yaponiya mətbəxi gözdən salınır. Buna qətiyyən inanmayın və araşdırın. Məhz bu məqalədə bəhs etdiyim Yaponiya mətbəxinə aid yeməklər və müxtəlif çeşidlər onun əsl həqiqi gözəl yanlarını sizlərə göstərir.

Məmmədli Ramin © yapon.az 2016