Fevralın 18-i,  səhər saat 8 radələrində sərnişinlərdən biri Fukuoka şəhərindəki Nanakuma xətti üzrə hərəkət edən qatarın təcili yardım düyməsini basaraq, onu dayanmağa məcbur edib. Təcili yardım düyməsini basan sərnişin heyətə, “maskası olmayan bir nəfər öskürür”, – deyə məlumat verib. Nəticədə qatar ən yaxın stansiyada təcili dayanıb, xəbər verən şəxs və şikayət olunan sərnişin heyətlə danışmaq üçün qatardan düşüblər.

Maskadan istifadə etməyən şəxs izahatında bildirib ki, satışda qalmadığı üçün maska ala bilməyib və qatara gecikməmək üçün tələsib.

Fukuoka Şəhər Metropoliteninin nümayəndəsi isə mediaya açıqlamasında, “Qrip təhlükəsi zamanı bu cür şeylərlə qarşılaşmamışam. Niyə kimsə maskaya görə qatarı dayandıra bilər?”, – deyib.

Qatar isə üç dəqiqə gecikib. Bu isə bütünlüklə xətlərdə gecikmə deməkdir.

Bir çoxu qatarın dayanmasını vəziyyətdən çıxış yolu kimi ən ağlabatan və ya effektiv üsul olmadığına razılıq versə də, günahkar axtarışında ictimai rəy çoxşaxəli bölünüb.

“Mən onun stresini başa düşürəm.”
“Qatarı dayandırmaq, əslində, birlikdə keçirdiyiniz vaxtı uzadır. Axmaq.”
“İkisi də səhv etdilər. Hər ikisini həbs edin.”
“O, canfəşanlıqla bir bioterrorist haqqında xəbər verib. Problem nədir?”
“Öskürən şəxs bir dəsmal istifadə etməli idi.”
“Bunlar məlumatın düzgün verilməməsi və başa düşülməməsi zamanı yaranan problemlərdir.”
“İnsanlar bu virusdan ölürlər. Kimsə mənim yanımda maskasız öskürsə, onları döyərdim.”

Dünyada COVID-19 və ya koronovirusun yayılmasının davam etməsi həm də insanların əsəblərini sınağa çəkir. Yayılma səbəbi və formaları hələ də tam anlaşılmamış bir virusla mübarizəyə yeni başlayan və həyəcan təbili çalan ölkələrdən biri də Yaponiyadır. Lakin gərginliyin artmaqda davam etdiyi bir dövrdə həm başqaları, həm də özümüzdə təhlükəli paranoyadan çəkinməliyik.

Hazırda Yaponiyada 769 nəfərin yeni koronovirusa yoluxduğu açıqlanıb.

Mənbə: “Nişi Nippon Şimbun”, “Itai News”
Şəkil: Pakutaso
Sevinc N. © yapon.az 2020