“Onmyouza” (陰陽座) – 1999-cu ildə Yaponiyanın Osaka şəhərində yaranmış “youkai heavy metal” qrupudur. Qrupun qısaca tarixi barədə; Kuso Kaqaku Byounin adlı qrupun dağılması ilə birlikdə həmin qrupun vokalisti Kuroneko və bassisti Matatabi yeni bir qrup qurmaq qərarına gəlirlər. Gitarada ifaçılar kimi isə Matatabi öz qardaşı Maneki və onun uşaqlıq dostu Karukanı qrupa əlavə edir. Son olaraq zərb alətləri üçün Matatabinin yaxın dostunun vasitəsilə Tora ilə tanış olurlar və qrup tamamlanır.

Qrup 20 iyun 1999-cu ildə çıxartdıqları “Tsune ni qeşşō o motte senci ni kuvae, nişşin in’yō o min” (常ニ月将ヲ以ッテ占時ニ加へ、日辰陰陽ヲ視ン) adlı demo ilə fəaliyyətə başlayıb. Ardınca 2-ci demo “İnoko-uta” (亥の子唄 ) 7 avqustda çıxıb. İki demonun bəyənilməsi ilə birlikdə 5 dekabr 1999-cu ildə ilk albomları “Kikoku Tenşo” (鬼哭転生) “Mandrake root” adlı yarlığı ilə yayımlanır. Albomla birlikdə ilk ölkə turuna çıxaraq, Yaponiyanın bir neçə şəhərində konsertlər verirlər. Osakada verdikləri konsertdən bir ifa da elə 1999-cu ildə ümumi bir yığma albom daxilində çıxıb.

album_01l
“Kikoku-Tenşou” (鬼哭転生)” adlı ilk albomun üz qabığı

24 dekabr 2000-ci ildə də “Mandrake root” yarlığı ilə “Hyakki ryoran” (百鬼繚乱) adlı albomları çıxır. İki albomun sevilməsi və qrupun məşhurlaşmasından sonra qrup, Yaponiyanın məşhur “King Records” musiqi şirkəti ilə 19 dekabr 2001-ci ildə müqavilə bağlayır və elə həmin ildə bu yarlıq adı altında “Tsuki ni Murakumo Hana ni kaze” (月に叢雲花に風) adlı sinql (ing. single) çıxardır. Ardınca, 10 yanvar 2002-ci ildə “Kocin rasetsu” (煌神羅刹) albomu çıxır. Qeyd edim ki, qrup indiki dövrə qədər bu şirkət daxilində fəaliyyətinə davam edir.

Qrupun dünyada tanınmasının ən böyük səbəbi isə şübhəsiz ki, 2005-ci ildə “Basilisk” animesinin “openig”i (açılış musiqisi) “Kouqa Ninpoçou” adlı mahnını ifa etmələri olub. Bundan sonra qrup ilk dəfə Avropada və Amerikada konsertlər verib. Hətta Matatabi 2007-ci ildəki bir müsahibəsində xarici ölkələrdəki konsertlər barədə belə bir fikir söyləyib:

“Biz ora konsertə gedən zaman bizi bu qədər tanıdıqlarına inanmırdıq. Ancaq ifalar zamanı bizimlə birlikdə sözlərini oxuduqlarında bütün qrup şok olmuşduq”.

https://www.youtube.com/watch?v=r5-YmLKgzYI

“Basilisk” animesinin açılış musiqisi “Kouqa Ninpoçou”, 2005-ci il.

Artıq məşhurluqdan sonra hər yeni albom xüsusilə, Yaponiyadakı musiqi çartlarında ilk onluğa daxil olmağa başlamışdı. Ancaq 2009-cu ildə qrupda dəyişiklik baş verdi və zərb alətlərində ifa edən Tora musiqi barədə fikirlərindəki fərqliliyi əsas gətirərək qrupdan ayrıldı, amma 2011-ci ilə qədər qrupla konsertlərdə öz adı ilə çıxış etməyə davam etdi.

2012-ci ildən zərb alətlərində köməkçi ifaçı olaraq, Makoto Dobaşi qrupa gəldi. 2011-ci ildə çıxan “Kişi Bocin” adlı albomdan sonra sakitliyə qərq olan və yalnız konsertlərlə adını eşitdiyimiz qrup nəhayət ki, 2014-cü ildə bizi “Seiten no Mikazuki” (青天の三日月) adlı sinql ilə sevindirdi və ardınca o gözəl xəbəri verdi ki, 2014-cü ildə yeni albom çıxacaqdır (“Mavi göydə aypara” (青天の三日月⌈Seiten no mikazuki⌋).

Musiqi sözlərinə gəldikdə isə, əksər hallarda youkai (ruh), oni (şeytan) kimi Yaponiya folkloru və mifologiyasına aid fikirlərdən bəhs edilir. Bununla yanaşı, tarixi şəxsiyyətlər və Yaponiya tarixindən bəhs olunur. Məsələn, “Kumikyoku Yoşitsune” adlı ifa Yaponiya tarixinin faciəli qəhrəmanı Minamoto Yoşitsune barəsindədir.

Qrupun sonu “ninpoçou” (tərcümədə Ninja sehrlərinin taleyi mənasını verir) sözü ilə bitən çox ifaları vardır ki, bunların əksəriyyəti Futaro Yamada adlı məşhur Yaponiya yazıçısının “Ninpoçou” kitab seriallarından götürülüb.

Qrupdakı üzvlərin adları da həm bir-birinə bağlı, həm də hamısı pişiklə əlaqəlidir. Məsələn, Kuroneko (黒猫) “qara pişik” deməkdir, Matatabi (瞬火) “yanan atəş” mənasını verir, amma bu söz həm də “gümüş üzüm” mənasını verir ki, bunu pişiklər çox sevir. Maneki (招鬼) isə “haraylamaq” mənasını verir, həm də Yaponiyadakı məşhur gülən, xoşbəxtlik gətirən pişik simvolu ilə əlaqəlidir. Karukan (狩姦) sözü isə, tam mənası bilinməsə də “karu” sözü kancidə hücum etmək mənasını verir, lakin Yaponiyada “Karukan” bir pişik yeməyi brendidir. Tora (斗羅) isə, “pələng” deməkdir. Üzvlərin real adlarına gəldikdə, bildiklərim yalnız bunlardır: Matatabi – Taisei Kunimoto, Kuroneko – Akiko Kunimoto, Tora – Atsuşi Kavatsuka.

Onmyouza

Qrupun adının mənasına gəldikdə isə, “Onmyouza” sözü YinqYanqın birləşməsi deməkdir. Mahnı sözlərində də buna çox rast gəlinir. Qadın və kişi, su və atəş və s. kimi bir-birinin əksi olan bir çox şey barədə fikirlərdən bəhs edirlər.

onmyouza logo
Qrupun loqosu

“Onmyouza” qrupu həm də bir ailə sayılır. Çünki Matatabi və Kuroneko evlidir, Maneki Matatabinin qardaşıdır, Karukan Manekinin uşaqlıq dostudur. Onlara təkcə uzaq olan Tora idi, lakin çox maraqlıdır ki, o da qrupu 2009-cu ildə tərk etdi.

Qrupun musiqi üslubu və geyimlərinə gəldikdə isə, musiqiləri ağır metal ilə  folklor musiqisinin sintezidir və Matatabi musiqilərini “youkai heavy metal” adlandırıb. Qrupun lideri Matatabi müsahibələrinin birində qeyd edib ki, o qrupun ifalarını yazan zaman “İron Maiden”, “Black Sabbath”, “Dio”, “Judas Priest” kimi qruplardan təsirlənib. Xarici ölkələrdə isə, “Onmyouza”nı Yaponiyanın “İron Maideni”i kimi təsvir edirlər.

Geyim tərzləri barədə də bir az məlumat verim. Qrupun geyimləri də musiqilərinə uyğundur. Belə ki, konsertlərə Heian dövrünə uyğun kimonolar ilə çıxırlar. Yaponiyada milli musiqi motivlərindən istifadə edən belə qruplara isə ümumi olaraq “Anqura kei” deyilir ki, “Onmyouza” bu stilin ən güclü nümayəndəsi sayılır. Konsertlər zamanı ifalara uyğun həm də kiçik səhnəciklər göstərirlər ki, bu da onların ifalarını ikiqat gözəl, maraqlı edir.

“Onmyouza” həmin qruplardandır ki, canlı performansları albomdakı ifalarından qat-qat daha güclüdür. Bu da əlbəttə bir qrupun keyfiyyətinin yüksək olmasının işarəsidir. Son olaraq hər konsertin sonunda dedikləri kimi “Onmyouza yeeeey 😀 “.

Rəşid Ələsgərov © yapon.az 2014