“Qızıl inək, qaşqa inək

Südü sanki çeşmə inək”…

“Qaşqa” elə həmin qaşqadır. Bəli, bəli! Azərbaycan uşaq mahnılarından birində rast gəldiyimiz bu ifadənin, bəlkə də, çoxumuz heç mahiyyətini bilməmişik, fikir belə verməmişik. Bu barədə bir az sonra…

Dünyanın Nissanı

日産自動車株式会社 ⌈Nissancidōşa kabuşikiqaişa⌉ və ya “Nissan” avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılıb. Şirkətin adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilib.

世界の日産 ⌈Sekai no Nissan⌉ 1960-cı illərdə şirkətin sloqanı məhz belə idi. 2013-cü ildən bu günədək isə “Həyəcanlandıran innovasiyalar” şüarı işlədilməkdədir.

1983-də “Terrano II” və “Vanette Cargo” modellərinin istehsalının reallaşdırıldığı “Nissan Motor İberica” İspaniyada fəaliyyətə başlayır.

1984-cü ildə “Nissan”ın başqa bir fabriki, “Motor Manufacturing” İngiltərədə yaradılıb.

1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd edir və yenə 1993-cü ildə İngiltərədə istehsal edilən “Micra” avtomobili ilə ilin ən yaxşı avtomobili mükafatını alır.

“Nissan” 1990-cı illərdə maliyyə böhranından xilas olmaq məqsədilə 27 mart 1999-cu ildə “Renault” ilə “güc birliyi” razılaşması imzalayır. Razılaşmaya görə, “Renault” “Nissan”ın idarəetmə “hüququnu” satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosn`u (2001 – Mart 2017) təyin edir. 2017-ci ilin aprelindən bu vəzifəyə Hiroto Saikava gələcək.

“Nissan Qaşqai”

“Nissan Qaşqai” isə 2006-cı ildən istehsal edilir. O, kompakt yolsuzluq şəraiti üçün istehsal olunmuş avtomobildir. Bu həm də şirkətin tamamilə Avropada hazırlanan ilk avtomobil modelidir. Avtomobilin Yaponiyada ve Avstraliyada ilk buraxılış “Qaşqai” deyil, “Dualis” adı ilə satışa çıxarılıb. 2014-cü ildə isə 2-ci nəsil “Qaşqai”lərin istehsalına başlanılıb. Həmçinin, avtomobilin platformu gələcəkdə “Nissan”ın ümumilikdə kompakt yolsuzluq avtomobilləri üçün istifadə ediləcəyi planlaşdırılır.

Yerdən 20 sm yüksəkdə olması da “Nissan Qaşqai”ni asfalt və ya nahamar səthli, daş-kəsəkli yollarda belə yaxşı hərəkət etməsi məqsədi daşımaqdadır.

Bəs niyə “qaşqay”? Qaşqay (qaşqai) adı İranın cənub-şərqində dağlarda yaşayan millətin adından gəlir. Dağlıq ərazilərdə yaşayan çalışqan, sürətli türklərin adından.

Vasili Bartolda istinadən “qaşqai” sözünün mənası “ağ alınlı at” deməkdir.

Qaşqaylar

Ümumiyyətlə, qaşqaylar İranın cənub-qərbində, əsasən Fars ostanında yaşayan, İranda ən çoxsaylı azərbaycanlı elat tayfası. Qaşqaylar azərbaycan dilinin qaşqay ləhcəsində danışırlar. Bir sıra mənbələrə və V.İ.Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar.

“Döyüşkən xalq” kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurdular. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur.

Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün “qaynayıb kükrəmək”, “ulduz”, “nişan”, “ay” və “xoşbəxtlik, müqəddəslik” anlamları vardır. Heyvanların alnındakı ağ xala da “qaşqa” deyilir.

Beləliklə. azərbaycancada mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə, alın, və ya alnın tam ortası qaşqa deməkdir.

Sevinc © yapon.az 2017