Lazım bilirəm ki, elə ilk cümlədən çox adamın, elə məqalə müəllifinin də yapon dilini öyrənməzdən əvvəl səhv bildiyi ninca sözünün tələffüzü haqqında danışım. 忍者(にんじゃ) – sözü ana dilimizdə “nin-ca” olaraq tələffüz edilir. Son hecadakı ilk səs “jurnal” sözünün ilk səsi, eləcə də, rus dilinin təsiri ilə bütün mənbələrimizə hopmuş “dz”, “dj” səsləri ilə eynilik təşkil etmir.

Ninca nə deməkdir?

Nincalar haqqında çox yerdə məlumat oxuya bilərsiniz, onlar haqqında filmlərə, anime və cizgi filmlərə baxa bilərsiniz. Hətta son illərdə çox məhşur olan nincalarla “meyvə kəsmə” telefon oyununa da rast gələ bilərsiniz. Məsələ ondadır ki, nincalar haqqında bilinənlərin, çəkilənlərin demək olar ki, çox ciddi bir qismi faktlara əsaslanmır və əksəriyyəti ağızdan-ağıza keçən hekayələrdən ibarətdir: nincaların bir neçə dəqiqə havada qala bilməsi, ya da uzun məsafəni uçaraq qət etməsi kimi. Ana dilimizə nincalar haqqında geniş informasiya qazandıran məqaləmizi bacardığım qədər Yaponiyada nincalarla bağlı aparılan araşdırmalar, qəzet və akademik mənbələrə əsaslanaraq hazırlamışam.

Ninca sözü haqqında öyrənməli olduğumuz vacib bir məqam da odur ki, bu söz əslində, nincaların mövcudluğundan çox sonra ortaya çıxıb. Nincalar öz dövrlərində şinobi adlandırılırdılar. Eyni heroqliflərin çincə oxunuşunun fərqli olması və daha sonralar Qərbə “ninca” olaraq tanıdılmaları sözün şinobi oxunuşunu bir qədər unutdurdu. Sözün mənası isə “gizli iş görən adam”, “kölgə adam” mənasına gəlir.

Nincalar nə vaxt və necə meydana çıxıb?

Nincaların meydana gəlməsi Yaponiya tarixinin 12-16-cı əsrlərini əhatə edir. Hələ 12-ci əsrdən mövcud olmaqlarına baxmayaraq, nincaların əsas meydana çıxdığı dövr Yaponiyada feodalların mübarizəsinin şiddətləndiyi 15-16-cı əsrlər hesab edilir. İlk nincalar Yaponiyanın Kyoto yaxınlığındakı İqa əyaləti və Koka kəndində məskunlaşıb, yetişmişlər. Buranın sakinləri həmişə özlərinin cəldlik, qıvraqlıqları ilə seçiliblər. Gizlənmək üçün yaxşı şəraitli dağ, mağara, çay, meşələrə sahib olan bu məkanda oğrular, cinayətkarlar gizlənirdi. Ərazidə özünümüdafiə üçün döyüş sənətlərinin yayılmasına səbəb də bu olmuşdur. Nincaların döyüş yolu, üslubu nincutsu, daha dəqiq adıyla desək, şinobi no cutsu adlanırdı. Hərfi olaraq bu ifadələr “gizlilik bacarığı” kimi tərcümə edilə bilər. Nincutsu atadan oğula keçirdi. Nincaların övladları uşaq vaxtlarından əsas bacarıqları öyrənirdilər.

Bəs nincaların işi nədən ibarət idi?

Nincaların özlərini göstərə bildikləri dövrün feodal mübarizələri dövrü ilə üst-üstə düşməsi təsadüfi deyil. Feodalların, güclü ailələrin, nüfuzlu şəxslərin “qara işlərini” görmək üçün həmişə kiməsə ehtiyac var idi. Bu qara işləri görən məhz muzdlu nincalar idi. Nincaların ən vacib və yararlı iki bacarığı var idi: casusluq və sui-qəsdçilik. Bu da düşməni haqqında nəsə öyrənmək istəyən, lazım olanda onu öldürmək istəyən feodalın ehtiyacı olan şey idi. Nincalar gözə görünmədən düşmənin bütün sirlərini əldə etmək və bu sirləri ona pul ödəyənlərə çatdırmaq, ya da lazımi vaxtda lazımi şəxsləri öldürməklə hökümlü idilər.

Nincalarla samurayların fərqi nədir?

Şübhəsiz ki, samuray və ninca anlayışı Yaponiyanın həm tarixinin, həm də mədəniyyətinin vacib bir hissəsidir. Lakin bu iki anlayışı biri-biri ilə qarışdırmaq və ya samuraylarla nincaların eyni statuslu olduğunu demək çox yanlışdır. İki anlayışın hər daim qarşılaşdırılmasına güman ki, nincalarla samurayların eyni zaman kəsiyində mövcud olması səbəb olmuşdur. Samuraylar və nincalar ayrı silkə mənsubdurlar. Əsl samuray olmaq üçün döyüş yolunun ləyaqət, mərdlik, düzgünlük, cəsarət və s. kimi pillələrini keçmək lazım idi. Ninca olmaq isə bunun tam əksi idi.  Samuraylar silahı olmayan düşmənlə vuruşmur, üz-üzə əsl döyüşdə qalib olmaq istəyirdilər. Nincalar isə düşməni silahsız yaxalayan kimi ona arxadan, uzaqdan hücum edirdilər. Bunlar o demək deyil ki, “nincalar pis döyüşçü, samuraylar yaxşı döyüşçülər” idi. Sadəcə hər birinin üsulları başqa idi. Zaman-zaman samuraylar dövlətə, sahibinə xəyanət etdiyi kimi, nincalar dövlətə də xidmət göstərmişlər. Lakin nincalıq heç vaxt samuraylıq kimi yüksək mərtəbədə görülməmişdir. Bunun onlara qarşı haqsızlıq olduğunu düşünən kütləyə də rast gələ bilərsiniz. Amma tarixin bütün vərəqlərində görə bilərsiniz ki, nincalar da “öz işləri ilə necə məşğul olduqlarının” fərqində idilər. Bəlkə də hansısa məqamda bir samuray və bir ninca eyni məqsədə və ya feodala xidmət edirdi. Lakin samuraylar mübarizəsini gün göydə olanda aparırdısa, nincalar gecələr özlərini göstərirdilər. Əvvəldə də qeyd etdiyim kimi nincalar kölgə insanlar idi, “qara iş”lərin və qaranlığın döyüşçüləri idilər.

ninja

Nincaların gizlilik siyasəti

Nincalar haqqında bizə gəlib çatan azsaylı real informasiyalar və ya onlar haqqında çox şeyin şişirdilməsinin səbəbi odur ki, onlar sözün əsl mənasında özlərindən sonra iz qoymurdular. Dağlarda təlim görən, əsas təlim məktəbləri İqa, Kokada olan nincalar heç vaxt yazılı izahdan istifadə etmirdilər. Hər bir təlim şifahi olaraq keçirilirdi. Hansısa hücuma hazırlaşan zaman planlarını əzbərləyir, geridə qalan hər hansısa kiçik bir işarəni belə məhv edirdilər. Təkcə bu, onların niyə şinobi, ninca adını qazandıqlarını demək üçün kifayətdir. Sonralar Yaponiyanın yenilənməsi samuraylar kimi nincaların da yavaş-yavaş “istifadəliliyini” azaltdı. Bu vaxtlarda ninca ustaları öz təlimləri, sirləri haqda yazılar yazmağa başladılar. Özləri haqqında yayılan, ya da yaydıqları xəbərləri daha düzgün şəkildə yazıya tökdülər. Hazırda həqiqətən də o dövr nincalar tərəfindən yazıldığına inanılan 500-ə yaxın əlyazma mövcuddur.

Nincalar heç vaxt güclü rəqibi ilə üz-üzə gəlmirdi. Uzun müddət düşməni izləyir, zəif nöqtələri tapırdı. Düşmənin gücünü azaltmaq üçün fərqli üsullardan istifadə edirdilər. Bu üsullara düşmənin çox adamla qoruduğu evinə necəsə girmək, orda özünə aid iz qoymaq və düşməni psixoloji olaraq qorxu altında saxlamaq daxil idi. Feodallar, nüfuzlu ailələr həqiqətən də nincalardan qorxurdular. Bu gün bizim nincalar haqqında oxuduğumuz, bildiyimiz bəzi nağılvari hekayələrin çoxunun elə nincalar tərəfindən uydurulduğu deyilir. Bu, onların düşməndə qorxu yaratmaq üçün istifadə etdiyi bir üsul idi. Məsələn, belə deyilir ki, nincalar həm də çox güclü falçı və sehrbaz olublar. Parçanın üstündə getmək istədikləri yerin şəklini çəkib, onu otağın düzgün yerinə yerləşdirəndə həqiqətən də yoxa çıxıb şəkildəki yerə gedə bilirdilər. Həmin dövrlərdə nincaları heç cür ələ keçirə bilməyən nüfuzlular üçün bu ən yaxşı bəhanə idi yəqin ki.

Nincalar necə mübarizə aparırdılar

Bu cür hekayələrə baxmayaraq, nincaların xüsusi bacarıqlara sahib olması heç də yalan deyil. Uşaq vaxtından üzmək, qaçmaq, uzağa tullanmaq məşqləri edən nincalar bir müddət sonra olduqca qıvraq və çevik hala gəlirdilər. Uzun müddət suyun altında qala, bir nəfəsə üzərək uzun yol qət edə bilirdilər. Uşaq vaxtından saatı pişik gözlərindən (pişiyin göz bəbəkləri günün saatına uyğun olaraq dəyişə bilir) oxuya bilirdilər. Tez-tez forma dəyişdirir, istədikləri məlumatı əldə etmək üçün dilənçi, qulluqçu, varlı sahibkar roluna belə girə bilirdilər. Xəritələrin oxunmasını, eləcə də küləyin istiqaməti, ulduzların düzülüşü, dəniz dalğalarının hərəkəti kimi təbii hadisələrin öz köməklərinə necə çata biləcəyini öyrənirdilər. Zəhər hazırlamaq bacarıqları ilə də məhşur idilər. Nincaların biri-biriləriylə xəbərləşmək və ya biri-birilərinə informasiya ötürmək üçün düyüdən istifadə etdiyi məlum olmuşdur. Rəngli düyüləri yalnız özlərinin başa düşə biləcəkləri kod olaraq kasaya yerləşdirib kiməsə göndərir ya da (süfrəyə) təqdim edirdilər. Qarşı tərəf isə kodu oxuyur, daha sonra bişmiş rəngli düyüləri yeyərək arxada heç bir iz qoymurdu. Yəqin ki, ən ləzzətli iz itirmə forması budur.

Ninca geyimləri və silahları

Məqalə boyunca gözünüzdə yalnız “kişilər” canlanmamalıdır. Çünki nincaların böyük bir qismini həm də qadınlar təşkil edirdi. Hətta onlar daha rahat bir şəkildə gizli informasiyaları əldə edə bilirdilər. Şənliklərdə, çay mərasimlərində – hər yerdə ola bilirdilər. İnformasiyaları istədikləri kimi, hətta daha rahat və tez əldə edə bilirdilər.

IMG-20200515-WA0021.jpg

Nincalar həmişə başdan – ayağa qara, üzübağlı, ənənəvi olmayan yapon geyimi ilə təsvir edilirlər. Bu, qismən düzdür. Qara geyimləri onların gecələr görünməsini çətinləşdirirdi. “Kölgə adamlar” adlanmaqları həmişə arxadan hücum etməkləri ilə yanaşı, bu cür geyinməklərinə də bağlıdır. Lakin onların, əvvəldə də qeyd etdiyim kimi, tez-tez forma dəyişdirdikləri üçün yalnız bir geyim formasında təsvir edilməkləri düzgün deyil. Geyimlərini rahat seçməklərinin əsas səbəbi o idi ki, onlar xırda, uzaq məsafəli silahlardan, kəsici alətlərdən istifadə edirdilər. Makibişi – ucu miz üçbucaq formalı kəsici dəmirlər – onların əsas silahı idi. Küləyin gücünə və istiqamətinə əsasən rahatlıqla hərəkət edə bilsin deyə fərqli çəkilərdə olan bu cür silahları uzaqdan, özlərinə heç bir təhlükə yaratmayacaq, düşmən tərəfindən nəzərə çarpmayacaq formada istifadə edirdilər. Kusariqama – orağa bənzər başlıq və hərəkəti asanlaşdıracaq ağırlıqda yumru və ya kvadrat dəmiri biri-birilə əlaqələndirən 2-3 metrlik zəncirdən ibarət silahdır. Bu silahı düşmənlə üz-üzə gəldikləri vaxt istifadə edirdilər. Silah elə hazırlanıb ki, düşməni 2-3 metr yaxına buraxmadan ona zərər vermək olar.

Kusariqama
Kusariqama

Qadın nincaların silahları daha “yaradıcı” olurdu desəm yerinə düşər. Saçlarını yığarkən sadə yapon qadınının istifadə etdiyi uzun çubuqlar ninca qadınlarda kəsici ucluqlara malik idi. Nekote adlanan və ülgüc başlığı olan dırnaqlar da istifadə üçün yararlı idi. Bu cür kiçik silahlardan kimisə öldürmək üçün məclislərə gedərkən istifadə edirdilər. Bəzi zəhərli, nəzərə çarpmayan iynələr isə dərhal yox, daha gec – məsələn, ninca hadisə yerindən uzaqlaşandan sonra – düşməni öldürmək üçün ideal hesab edilirdi.

Yaponiyada ninca festivalı, muzeyləri və evləri

Nincutsu təlimlərinin tarixə qarışıb yoxa çıxdığını düşünməyin. Əsl ninca ruhunu hiss edəcəyiniz yerlər, təlim mərkəzləri hələ də mövcuddur. Bir çox yerlər var ki, ninca silahlarının istifadə qaydası ilə bağlı təlimlər verir. Ustadlar isə ninca əsilli yaponlar olur. Gedib gəzmək üçün İqa əyaləti, Koka kəndi isə nincaların yurdu olaraq ən ideal seçimdir.

İqa Ninca Muzeyi dəyərli tarixi məkan olaraq çoxlarının ziyarət etdiyi yerdir. Muzey ninca silahları sərgisi ilə xüsusilə məhşurdur. Təyin edilmiş xüsusi saatlarda canlı ninca döyüşlərinə də şahid ola bilərsiniz. Bundan başqa Koka Ninca Kəndi, Koka Ninca Evi, Toqakure Ninpo Muzeyi, Uşaq Ninca Kəndi və s. kimi yerlər də səyahət etmək istəyəcəyiniz yerlərdən ola bilər.

Tokyoda yerləşən Ninca restoranı isə mükəmməl təcrübə ola bilər. Restoranda sizi bəzən bu cümlələrlə qarşılaya bilərlər “diqqətli ol, bəlkə də yeməkdə zəhər var”.

Əgər yalnız bir gününüz varsa onda 22 fevral Ninca Günündə Kokaya getməlisiniz. “Ni qatsu ni cü ni niçi”, yəni 22 fevral siz Kokada bəlkə də hamını ninca temalı paltarlarla görə bilərsiniz. Bəzən ninca sözünə daha yaxın olması üçün yaponlar bu günə “nin qatsu nin cü nin nin” də deyirlər.

Haqqında səhifələrcə kitablar yazılmış nincutsu təlimi, nincalar haqqında bütün detalları belə qısa və yığcam yazıda vermək mümkün olmasa da, müəyyən qədər fikir formalaşdırması üçün yetərli olacağına ümid edirəm.

Gülər Nursu © yapon.az 2020

Bu barədə digər qısa yazı “Gecə kabusları”