“Bonjour” minna! Bu dəfə fransız romanı əsasında çəkilən animedən danışacağam. Belə ki, yazıçı Viktor Hüqonun dünyaca məşhur “Səfillər” tarixi romanı da Yaponiyanın animatorları tərəfindən animeyə çevrilmişdir.

Düzünü desəm, romanı oxumadığım halda, animeyə baxaraq romanda nədən bəhs edildiyindən kifayət qədər xəbərim olmuşdu. Məhz belə animeləri öyrədici animelər hesab edirəm. Nəzərə alsaq ki, böyüklər arasında da roman oxumağa səbri çatmayanlar var, həmçinin, azyaşlı uşaqlar da roman oxuya bilmir, onda bu növ animelər sayəsində nəinki roman, həm də tarix haqqında az-çox məlumat əldə etmək olar, düşünürəm. 

Qanunun və şəfqətin təbiətini araşdıran romanda Fransa tarixi, Parisin memarlığı, siyasət, fəlsəfə, antimonarxizm, ədalət, din, ailə və sevgi, təbiət kimi mövzulara da diqqətlə yanaşılır. Bəs animedə necə?!

Animenin posteri

“Səfillər: balaca qız Kozetta” (yap. “レ ・ ミ ゼ ラ ブ ル 少女 コ ゼ ッ ト” [re mizeraburu şouco kozetto], ing. “Les Misérables: Little Girl Cosette”) “Nippon Animation” tərəfindən hazırlanmış anime serialıdır. Bu, Viktor Hüqonun 1862-ci ildə yazdığı “Les Misérable” romanı əsasında çəkilən dördüncü animedir. Yaponiya televiziya proqramı “Manga Sekai Mukaşi Banaş”nin iki filmindən sonra 1979-cu ildə “Toei Animation” tərəfindən istehsal edilmişdir. “Fuji TV”nin “BS Fuji” tərəfindən 7 yanvar 2007-ci il tarixində Yaponiyada yayımlanmışdır və 52 epizoddan ibarətdir. 2007-ci ilin aprel ayından etibarən anime Yaponiyada “Animax”da yayımlanıb.

Animenin qısa xülasəsi:

XIX əsrin əvvəllərində Fransada tək ana olmaq çətindir. Kozettanın anası Fantine, birlikdə yaşaya biləcəkləri bir ev tapmaq üçün iş axtarır. Hələ balaca qız uşağı olan Kozetta anası ilə iş və yaşamaq üçün yer axtararaq səyahət edərkən, işəgötürənlər, xüsusən də uşaqları varsa, tək anaya iş vermək istəmir. Ana iş tapmaq və rahat yaşamaq üçün böyük şəhərə getmək qərarına gəldikdə, Kozettanı bir ailəyə həvalə edir. Kozettanın qayğısına qalan ailənin onun barəsində fərqli planları vardır. Onu qul kimi işləməyə məcbur edirlər və beləliklə, kiçik Kozettanın dramı başlayır.

Özündə saflığı, incə davranışı və mərhəməti ilə uşaq məsumiyyətini bizlərə məharətli şəkildə çatdıran Kozettanın, o dövr üçün bir uşağın nə kimi çətinliklər yaşadığını, bununla belə həyata tutunuşunu, öz kiçik ümidlərindən əl çəkməməsi və bir gün xoşbəxt olacağına, anasına qovuşacağına inanması izləyicilərə həm hüzn, həm də inam bəxş edir. 

Hekayə 1815-ci ildə başlayır və 1832-ci il Paris, iyun qiyamı ilə başa çatır. Bir neçə personajın həyatı və qarşılıqlı münasibətlərindən bəhs edən roman daha çox keçmiş məhkum Jan Valjanın həyat mübarizəsi və kəffarəsini (dini qadağaları pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Müxtəlif günahların kəffarəsi müxtəlif cürdür) ödəməyə çalışmasına yönəlmişdir.

Yapon dilində animenin bütün bölümlərini burdan izləyə bilərsiniz.

Fransa tarixinə marağı olan, “Səfillər” əsərini oxuyan və oxumayan anime sevərlər, bu tarixi romana bir də animenin gözündən baxmağınızı tövsiyyə edirəm. ☺

Aşağıdakı mahnı Kozettanın anasına oxuduğu mahnıdır… Siz də bu mahnını öz ananıza hədiyyə edə bilərsiniz… 

大好きよねぇお母さん
[daisukiyo nee okaasan]
(çox sevdiyim anam)  

愛してるねぇお母さん
[aişiteru nee okaasan]
(aşiq olduğum anam)

暖かく、良い匂い 
[atatakaku, ii nioi]
(hənirli, xoş qoxulu)

大切な お母さん
[taisetsuna okaasan]
(dəyərli anam)

Xəyalə Əlizadə © yapon.az 2020