Fumiyo Kononun “Dünyanın bu guşəsində” (yap. この世界の片隅に [kono sekai no katasumi ni]) manqasına, rejissor Katabuçi Sunaonun həyat verdiyi animeni şah əsərlərdən biri adlandırardım. Bəlkə də rejissor və ya studiyanın elə də məşhur olmaması səbəbindən 2016-cı ildə çəkilməsinə baxmayaraq, mənim kimi anime və tarix həvəskarı onu hələ 5 ay öncə təsadüfən kəşf edib.

Ssenarisi kifayət qədər sadə və o qədər də cəlbedicidir. Birincisi, çətin günlərdə adi bir qızın müharibə şəraitindəki həyat hekayəsi, ikincisi, həmin qəhrəmanın timsalında adi insanların fikirləri və həyatı diqqət çəkir. Gündəlik həyat o qədər real və axıcıdır ki, artıq animenin 15-ci dəqiqəsindən 30-40-cı illərin Yaponiyasında itib-batırsan. İki saat ərzində kiçik sahil şəhərciyində sadə, adi yaponların həyatını müşahidə edirsən. Adi bir qız və onun sadə sevincləri və narahatlıqları… Animedə bəzən qəhrəmanın düşüncələrini əks etdirən fantastik mənzərələr də təsvir edilir.

Hekayənin mərkəzində, taleyinə İkinci Dünya Müharibəsi dövründə yaşamaq düşmüş yaponiyalı bir qız – Suzu Uranonun həyatı dayanır. Hiroşimadan olan qəhrəman evləndiyi şəxsə görə Kure şəhərinə köçür. “Çox yaxınlıqda dəhşətli müharibə yaşanarkən”, əslində elə müharibənin içərisindən keçərkən o, müxtəlif səngərlərdə yaşamaq üçün mabarizə aparır, ailə, gündəlik işlərlə məşğul olur, toxunduğu hər şeydə rahatlıq yaratmağa çalışır. Reallıq ki tamamilə fərqlidir və müharibə qəhrəmanın parlaq və isti həyatını alt-üst edir, getdikcə daha dəhşətli sınaqlar gətirir…

Anime filmi ilk baxışdan göründüyündən daha dərindir. Burada, bütün insan həyatı, hər şeyin necə kövrək olduğu və bir anda necə çökə biləcəyi göstərilir.

İsti yay günündə qarpız olmadığı üçün rəsmini çəkib, ona baxmaqla doymaq istəyi… Ərzaq olmadığı üçün otlardan yemək hazırlamağa çalışmaq… Ömründə bir dəfə də olsa dondurma dadmaq üçün müharibənin sonunu gözləmək…
– Əlini ver!
– Part! (bomba partladı)

Burada həm də 1930-cu illərdə Yaponiyada evliliklərin necə qurulduğunu, niyə yeni evlənənlərin toy gecəsindən əvvəl çətirlər haqqında danışdıqlarını və ev idarəsinin necə təşkil edildiyini öyrənmək olur.

“Dünyanın bu guşəsində” dram və melodram janrında, hərbi mövzuda anime filmidir. Film 1930-1940-cı illərdə Yaponiyanın Hiroşima və Kure şəhərlərində, Hiroşima və Naqasakiyə atom bombalarının atılmasından təxminən 10 il əvvəl və sonra, ancaq 1944-45-ci illəri təsvir edir. Filmdə təbiət və ənənəvi mədəniyyət, Yaponiyadakı həyat tərzi, adi insanların həyatına zərbə vuran müharibə və onun gətirdiyi fəlakətlər, qurbanlar və qəddarlıq təsvir olunur və müqayisə edilir. Filmin uydurma hekayə üzərində qurulmasına baxmayaraq, burada ənənəvi Yaponiya həyatının və həyat tərzinin görüntüləri, müharibədən əvvəl Hiroşima şəhərinin mənzərəsi, geyimlər studiya işçiləri tərəfindən öyrənilib, müharibədən əvvəl və atom bombası nəticəsində dağıdılmış şəhər mənzərəsi haqqında foto və materiallara əsaslanaraq hazırlanmışdır.

Sevinc Nur © yapon.az 2020