Külək zınqırovları adətən metal və ya ağacdan, asma borular, çubuqlar, zənglər və s. şəklində hazırlanan, bir növ zərb aləti funksiyası daşıyaraq hüzur verici səs çıxaran dekorativ əşyadır. Borular və ya çubuqlar havanın təbii hərəkəti ilə “üfürüldükdə” bir-birinə və ya dizayna uyğun mövcud səthə toxuna biləcək formada asılırlar.

Nəticədə əsən küləyin təsiri ilə hərəkətə gələn çubuqların bir-birinə təsadüfi toxunuşu sadə melodiyalar və ya qırıq akkordlar yarada bilir. Onlar adətən vizual “bağ bəzəyi” kimi yaşayış yerinin girişində asılırlar. Təsvir olunan əşya heç də bizim cəmiyyətə yad deyil, bir çoxlarımızın bildiyi və Azərbaycanda da evlərdə gördüyü külək zınqırovlarıdır.

Hazırda metal, taxta, şüşə, keramika və bambukdan hazırlanan külək zınqırovlarının tarixi qədim Romaya qədər gedib çıxır. Bu zınqırovlar adətən bürüncdən hazırlanır və tintinnabulum adlanırdı. Bağlarda, çardaqlarda asılırd və inanılırdı ki, asıldıqları məkanları pis gözdən və bədbəxt taledən qoruyur. Zınqırovların üstündə şeytanlar, qanadlı heyvanlar təsvir olunurdu.

Tunc tintinnabulum. Roma, eramızın I əsri. Britaniya Muzeyi. Vikipediya - elektron ensiklopediya
Tunc tintinnabulum. Roma, eramızın I əsri. Britaniya Muzeyi. Vikipediya – elektron ensiklopediya

Çin və hind fəsləsəfəsinə görə zınqırovlar asıldıqları məkanları mənfi enerjidən xilas edir və çıxardığı səslə insanı rahatladır. Məşhur Fenq Şui fəsləfəsini buna misal çəkə bilərik. Fenq Şuiyə görə, külək zınqırovları meditasiyaya kömək edir, həmçinin, otaqdakı ab-havanı mənfidən müsbətə doğru dəyişərək rahatlıq hissini yayır.

Bəs, külək zınqırovları Yaponiya mədəniyyətinə necə nüfuz edib?

Qədimdə Yaponiyada güclü külək əsəndə ölkədə epidemiya yayılacağına inanılırdı və fəlakətlərin qarşısını almaq məqsədilə 負託 (hiraqana ilə ふたく) – futaku adlanan bürüncdən hazırlanmış külək zınqırovları asılırdı. Futakular güclü külək əsəndə insanı həyəcanlandıran səslər çıxarırdı. Bu zınqırovlar əsasən məbəd və ziyarətgah kimi müqəddəs yerlərdə asılırdı. İnsanlara ilahi çağırış kimi hisslər bəxş edirdi.

Edo dövründən etibarən şüşədən hazırlanan külək zınqırovları furin adlanır. Yaponca 風鈴 (hiraqana ilə ふうりん [fuurin]) furin adlanan külək zınqırovları “külək” və “zınqırov” heroqliflərinin birləşməsindən əmələ gəlmişdir. Bu külək zınqırovları isti yay günlərində evlərdə və ya eyvanlarda asılaraq əks etdiyi səslə psixoloji olaraq sərinliyi hiss etməyə kömək edir, insanları rahatladırdı. Buna görə də külək zınqırovları Yaponiyada yay fəslinin simvoludur. Yay gələr-gəlməz məşhur küçələr, bir çox məbədlər furinlərlə bəzədilir, mağazaların piştaxtaları dolub-daşır…

Taxtadan külək zınqırovu
Taxtadan külək zınqırovu

Bu zınqırovların xarici hissəsi kasa şəkilində, içində isə zetsu adlanan (kasanın kənarlarına dəyərək səs çıxaran uzun zolaq) zolaq və zolağın ucunda asılan kağız olur. Kağızın (adətən) zetsunun içindən keçən ipə bağlanma səbəbi xəfif yel ilə küləyin varlığını görmək və onu hiss etmək üçündür. Məhz bu üç hissədən ibarət olan zınqırov yayı xatırladan gözəl səs yaradır.

Furinlər futakuların daha sadə versiyası olaraq düzəldilmişdir. Yay aylarında yüksək temperatur və rütubət səbəbilə epidemiyalar və sairə kimi problemlərə qarşı bir vasitə olaraq yayılmışlar. Bürüncdən olan zınqırovların şüşə ilə əvəzlənməsi XVIII əsrdə Hollandiyada şüşə istehsalının başlaması ilə oldu. Beləliklə, XIX əsrdə futakular furinlərlə əvəz olundu.

Şüşə furin

Furinlərin hazırlanması Yaponiyadakı vilayətlərə görə dəyişir. Yaponiyanın müxtəlif bölgələrində bu sahədə yerli istehsal texnikaları inkişaf etdirilir. Məsələn, İvate ərazisində Nambu furinini hazırlamaq üçün ənənəvi Nambu dəmir üsullarından istifadə olunur. Görünüşünün ağır olmasına baxmayaraq, yaratdıqları təmiz metal səslər xüsusi cazibəyə malikdir. Okinavanlılar külək zınqırovlarını düzəltmək üçün məşhur Ryukyu şüşəsindən istifadə edirlər. Toyamada Takaoka bürüncündən istifadə edərək külək zınqırovları düzəldilir.

Külək zınqırovlarını düzəltmək hətta yay məktəbi layihəsi olaraq da məşhurdur. Şagirdlər bunun üçün plastik bardaqlardan istifadə edirlər.

Bəzi insanlar sadəcə otaqlarını bəzəmək üçün şüşə furinlərdən istifadə edirlər. Onların dizaynı hər hansı bir otağa azca da olsa Yaponiya havası bəxş edir. Əgər özünüzə külək zınqırovu almaq istəyirsinizsə, sizlərə Tokyodakı Fucivara Furin mağazasının əsas filialını, həmçinin, Asakusa məbədindəki dükanları ziyarət etməyinizi məsləhət görürəm.

Fucivara Furin mağazası 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Mağaza Toei Şincuku xəttində yerləşən Mizue stansiyasından 20 dəqiqəlik piyada məsafəsində yerləşir.

Furin səsi

Nambu futakularını almaq üçün Oşu şəhərindəki Mizusava stansiyasında yerləşən mağazaya baş çəkməlisiniz. Bu məkana Yay vaxtlarında həm ziyarət, həm ticarət deyib baş çəksəz, çoxlu Nambu furinlərinin səsindən həzz ala bilərsiniz.

Kavaqoe Hikava ziyarətgahı, Kavasaki Daişi məbədi və digər ölkədəki ibadətgahlar və məbədlər yayda külək zınqırovları festivalları (風鈴祭り(hiraqana ilə ふうりんまつり) [fuurin matsuri]) keçirirlər. İyul və ya avqust aylarında Yaponiyada olsanız, külək zınqırovlarının gözəl səsindən zövq almaq üçün belə bir şənliyə baş çəkməyinizi məsləhət görürəm.

Əziz oxuyucular, yay fəslinizin furin səsləri qədər gözəl olmasını diləyirəm!

Xəyalə Əlizadə ©  yapon.az 2020