Yapon çalğı alətləri içində qədimiliyi və ecazkar səsi ilə hər kəsi valeh edən “Biva” çalğı aləti, Heian dövründə imayo şeirlərinin ifası və şirabyouşilərin rəqsi zamanı çalınırdı.

Biva qısa, dörd simli gitara bənzəyən bir alətdir. Yaponiyaya ilk daxil olduğu dövrlərdə simləri ipəkdən idi. Böyük taxta mizrabla çalınan Biva-nın Yaponiyaya Nara dövründə gətirildiyi də güman edilir.

Biva adətən qəhrəmanlıq hekayələrinin ifası üçün çalınırdı. Ozanlar o dövrdəki hekayələri məhz Biva vasitəsilə danışırdılar.
Bu alət həm də Şintoizmin musiqi ilahəsi Benzaitenin ilahi çalğı aləti hesab edilir.
İfa edilmə tərzi bir neçə mərhələdən ibarətdir:
🎼Kakubaçi
🎼Kaeşibaçi
🎼Varibaçi
🎼Kakisukaşi
🎼Hazusu
🎼Tataku

Bivanın özünün də bir neçə növü vardır:
🪕Qaku Biva
🪕Mousou Biva
🪕Heike Biva
🪕Satsuma Biva
🪕Çikuzen Biva (daha çox qadınlar üçün olan bivadır)
Heike biva əsl “Heike hekayəsi“nin ifası zamanı çalınan növdür və bu növdə çalınan ifalara “Heikyoku” deyilir.

Əziz oxuyucular, “Heike Monoqatari” haqqındakı yazımızda sözü gedən animedə də hekayələrin necə cərəyan etdiyi məhz bu çalğı vasitəsilə ifadə edilir.

Qeyd edək ki, hal-hazırda Şiqa prefekturasında olan Biva Gölünə məhz bu alətin formasına bənzədiyi üçün “Biva Gölü” adı verilmişdir.

Xəyalə Əlizadə ©  yapon.az 2022