Yaponiyada bir sahibkarın öz müştərilərini əyləndirmək istəyi onların qəzəblənməsi ilə nəticələnib

“Öncə onların balıq olduğuna inana bilmədim. Onların oyuncaq balıq olduğuna inanmaq istəyirdim. Buz üzərində sürüşdükdən sonra hovuzun daxilində olan balıqları görəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki onlar canlı balıq idi. Hələ də yaşadığım bu hadisəyə inana bilmirəm.”

Bütün Yaponiyanı kədərləndirən hadisə Kitakyuşu şəhərinin cənub-qərbində yerləşən buz meydançasında baş verib. Konki sürənlərə istiqaməti göstərmək üçün hovuzun daxilində ox formasını düzəltmək üçün 1000-dən çox, gələn müştəriləri salamlamaq məqsədilə “Hello (Salam)” yazmaq üçün isə 4000-dən çox balıq istifadə edilərək dondurulub.

Konki sürmək üçün gələn müştərilər qarşılaşdıqları mənzərə qarşısında vahiməyə düşüblər. Bir qismi polisə zəng vurub, bir qismi baş gicəllənməsi və ürək bulanmasına görə cəld ordan uzaqlaşıb.

Buz meydançasının həmin gün qonağı olan bir müştəri deyib: “Uzaqdan baxıldığında hovuzun daxilində sözün qırmızı lentdən istifadə edilərək yazıldığını düşünürsən. Amma yaxınlaşdıqca gördüyün mənzərə heç də insana xoş təsir bağışlamır”.

“Space World” adlanan məkanın rəhbərliyi konki sürənlərin özlərini okeanın səthində hiss etmələri üçün belə addım atdıqlarını qeyd edib. Dünyada bunu təcrübə edən ilk buz meydançası olmağa çalışan “Space World”, hal-hazırda elə dünyanın qınaq obyektinə çevrilib.

Xəbərin internet vasitəsi ilə daha sürətli yayılması sonradan bəzi məlumatların yalan olduğunu da ortaya çıxarıb. Belə ki, balıqlar hovuzun içində diri-diri dondurulmayıb, elə ölü balıqlardan istifadə edilib. Amma bu məlumat belə, insanları sakitləşdirməyib.

Xoşagəlməz hadisəyə görə dəfələrlə üzr istəyən buz meydançasının rəhbəri, gələn il bununla bağlı xatirə mərasiminin keçiriləcəyini bildirib.

Şəkillər: theguardian.com,  AP
Gülşən Cabbarlı © yapon.az 2016