Özünü tamamilə yazıçılığa həsr edən Risa`nın həyatı bir anda dəyişməyə başlayır. İstedadını kitab yazmağa sərf edən Risa bir gün artıq yaza bilmədiyinin  fərqinə varır.

  • Yapon dilində: ゴーストライター
  • İngiliscə: Ghost Writer
  • Direktorlar: Masato Hicikita, Genta Sato
  • Ssenarist: Atsuko Haşibe
  • Efir kanalı: Fuji TV
  • Efirə başlama vaxtı: Yanvar 13, 2015- bu günə kimi
  • Efir zamanı: Çərşənbə axşamı 21:00
  • Janr: Dram
  • Dil: Yapon dili
  • Ölkə: Yaponiya

Film haqqında

Risa Tono 30 yaşlarında olmasına baxmayaraq, Yaponiyanın əfsanəvi yazıçılarından biridir. Bu günə kimi yazdığı kitabları “ən çox satılan”, “ən yaxşı əsər”, “ən yaxşı yazıçı” kimi mükafatlara layiq görülüb.

Özünü yazıçılığa həsr edən Risanın həyatı bir anda dəyişməyə başlayır. İstedadını kitab yazmağa sərf edən Risa bir gün artıq yaza bilmədiyinin fərqinə varır. Bundan təşvişə düşən Risa artıq nə edəcəyini bilmir. Əgər Risa yaza bilməyəcəksə onunla birlikdə onun kitabını nəşr edən nəşriyyat şirkəti, film istehsalçıları, sponsorları külli miqdarda məbləğ və nüfuzlarını itirə bilər.

Bu problemi dəf edə bilmək üçün özü məşğul olmağa çalışır və bu zaman assistenti Yuki ilə tanış olur. Yuki Risanın uşaqlıqdan pərəstişkarıdır. Həmçinin, o da həvəskar kimi hekayələr yazır. Özünü yazıçı kimi sınamaq üçün böyük şəhərə gələn Yuki`nin heç bəxti gətirmir. Nişanlısının təkidi ilə öz doğma yurduna qayıdıb evlənməyə qərar verərkən, həyatını dəyişəcək insanla tanış olur. Yaponiyanın ən məşhur yazıçısının assistenti olmaq şansına sahib olur. Sevimli yazıçısının yanında özünü inkişaf etdirəcəyini xəyal edən Yuki, heç düşünmədən iş təklifini qəbul edir. Tez bir zamanda nəinki Risanın işçiləri tərəfindən, hətta nəşriyyat şirkətinin başçısı Yuki`nin istedadını görür. Risa üçün əvvəlcə kiçik hekayələr yazan Yuki, bir də baxır ki, onun üçün kitab yazmağa başlayıb…

Yuki nə zamana kimi Risa üçün kitab yazacaq? Nə zamana kimi öz hekayələrinin Risanın adından çıxmasına icazə verəcək? Risa üçün evliliyindən imtina edən Yuki, bu vəziyyətə niyə səssiz qalır?!

Gülşən Cabbarlı © yapon.az 2015