凡河内 躬恒

Yaponiya üçün xarakterik cəhətlərdən biri təbiəti seyr etmək ənənəsidir (“見” {mi} “baxmaq” heroqlifi ilə qeyd olunur). Məs., hanami (花見) – çiçəkləri seyr etmək, xüsusilə də, sakuranın çiçəklənməsi prosesi; tsukimi (月見) – ayı seyr etmək. Bəlkə də buna görə Yaponiya poeziyasında təbiətin, çiçəklərin təsvirinə daha geniş yer verilir, onlar simvollara çevrilirlər (məs., pavlovniya çiçəyi).

220px-sanjurokkasen-gaku_-_3_-_kano_tanyu_-_oshikochi_no_mitsune
Ōşikōçi no Mitsune. Kanō Tanyū, 1648.

Bənövşəyi və çəhrayı rəngdə olan haqi çiçəkləri də Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.

Köhnə budaqlarında
Payız haqisinin
Çiçəklər açıb.
Onları izləyərkən, düşündüm
ki, keçmiş sevgimi unutmaq mümkün deyil!

Yuxarıda verilən şeirin müəllifi isə Oşikoçi Mitsunedir. O, erkən Heyan dövründə sarayda inzibatçı, məşhur vaka şairi (859-925) olub. Onun adı, həmçinin, “36 ölməz şair” siyahısına daxildir.

Mitsune Kai, İzuki, Avacidə qubernator kimi çalışıb. Kiotoya qayıtdıqdan sonra Ki no Tsurayuki`nin başçılığı altında imperial poetik antologiyasının (Kokin Vakaşu) tərtibində iştirak edib.

Onun Yaponiya poeziyasına verdiyi töhfələr olduqca əhəmiyyətlidir: rəsmi antologiyalara onun 193 şeiri daxildir. Oqura Hyakunin işşu-ya (小倉百人一首) daxil olan vaka-sı onun daha da məşhur olmasına səbəb olmuşdur.

Oh, əgər gizlədə
bilsəydim istəklərimi
Onda dərərdim
ağ çayırçiəyilə (aster), – birgə
 ilk “buz güllərini”.

Oşikoçi Mitsune, Hyakunin işşu № 29
Sevinc Nur © yapon.az 2016