Mayın 1-dən Yaponiyada Reiva dövrü başlayır

Reiva; harmoniya və qayda-qanun

Yaponiyanın Baş nazirinin katibi Yoşihide Suqa Reiva dövrünün adını açılqayır. Reuters
Yaponiyanın Baş nazirinin katibi Yoşihide Suqa Reiva dövrünün adını açılqayır. Reuters.

Əvvəlcədən açıqlandığı kimi, aprelin 1-i saat 11:30-da Yaponiyanın Baş nazirinin katibi Yoşihide Suqa rəsmi şəkildə mətbuat konfransında çıxış edərək 248-ci dövrün adını elan etdi. Bu, “əmr” və ya “qayda” və “sülh” və ya “harmoniya” mənasını bildirən iki heroqlifdən ibarət reivadır (令和). 

Yeni dönəmin adı ölkənin ən qədim poeziya kolleksiyası olan Manyoşudan (万葉集) gəlir. Kanci hərfi tərcümədə “qayda-qanun” və “sülh” mənasını verir, həmçinin, Yaponiyanı ifadə etmək üçün istifadə olunur. Manyoşu 815-ci şeirdə sərt qışdan sonra erkən yazda küləklə səyahət edən gavalı çiçəklərinin qoxusu təsvir olunur. Yaponiyanın Baş naziri Şinzo Abe də çıxışı zamanı yapon xalqının soyuq qışdan sonra yeni dövrdə çiçəklənə biləcəyinə ümid etdiyini bildirib.

Müasir Yaponiyada dövr adı (genqo) hər hansı bir imperatorun hakimiyyəti dövründə istifadə edilir və yeni monarxın çıxışından sonra açıqlanır. Lakin son 200 ildə ilk dəfə İmperator Akihitonun (84 yaşında) 2019-cu il aprelin 30-da hakimiyyətdən getməsilə əlaqədar olaraq hökumət, təqvim dəyişikliyi səbəbindən yaranacaq çətinlikləri minimallaşdırmaq məqsədilə, yeni imperatorun təyinindən öncə dövrün adının açıqlanmasına qərar verib.

Yaponiyanın ən qədim poeziya kolleksiyası Manyoşu (万葉集 ), 815-ci şeir. Burada sərt qışdan sonra erkən yazda küləklə səyahət edən gavalı çiçəklərinin qoxusu təsvir olunur.
Yaponiyanın ən qədim poeziya kolleksiyası Manyoşu (万葉集 ), 815-ci şeir. Burada sərt qışdan sonra erkən yazda küləklə səyahət edən gavalı çiçəklərinin qoxusu təsvir olunur.

Tarixi faktlar və qanunvericilik

Yaponiya hazırda, kökü Çinə dayanan dönəm adları tətbiqi sistemindən istifadə edən yeganə ölkədir. İlk dəfə ölkədə genqo kimi 645-ci ildə Taika istifadə edilməyə başlanılıb. Hazırki “sülhə nail olmaq” mənasını ifadə edən Heisei dövrü (平成) yanvarın 8-i 1989-cu ildə Şova imperatoru Hirohitonun ölümündən sonra elan edilmişdi.

Yaponiyada genqo hər hansı bir imperatorun hakimiyyəti dövründə monarxın dəyişməsilə yenilənir, lakin əvvəlki dövrlərdə adlar təbii fəlakətdən sonra tez-tez dəyişdirilirdi. Bir imperator üçün bir “genqo” prinsipi 1868-ci ildə Meici dövrünün başlanğıcı ilə qoyuldu və İmperator Evi haqqında qanunda öz əksini tapmışdı. Lakin İkinci Dünya müharibəsindən sonra qanunvericilik yenidən nəzərdən keçirildi, qanuni qüvvəsi itsə də adət kimi saxlanıldı. 1970-ci illərdə baş verən yerli hərəkat qanunun hüquqi statusunu bərpa etməyə təkan verdi. O vaxtın ictimai rəyinin öyrənilməsi məqsədilə keçirilən sorğunun nəticəsi göstərdi ki, respondentlərin 80%-i dövr adlarının saxlanılmasının tərəfdarıdır. Bu, 1979-cu ildə “Genqo” haqqında aktın qəbul edilməsilə nəticələndi. Qanunun yalnız 2 maddəsi vardır: ad kabinetin qərarı ilə müəyyənləşdirilə bilər və o, yalnız yeni impreratorun hakimiyyətinin başlanması ilə dəyişdirilə bilər.

Yeni ad seçilərkən nəticədə pozetiv məna kəsb edən iki Çin heroqlifinin birləşməsinə önəm verilir. Ad həm rahat yazılmalı və oxunmalı, həm yadda qalmalı, cəmiyyətdə tez-tez istifadə edilməyən və daha öncəki dövr adlarında tətbiq olunmamalıdır.

Cəmiyyət

Yaponiyada yeni dövrün adının açıqlanması maraqlı hadisədir. Çünki genqo təqvim, mətbuat və sürücülük vəsiqələri də daxil olmaqla rəsmi sənədləşmədə geniş istifadə olunur. Bəzi insanlar iki təqvimin istifadəsinin problemli olduğunu iddia edirlər, lakin digərləri genqo sistemini dəstəkləyir, çünki bu, müəyyən tarixi hadisələrin təsvirinə çevrilir və hər bir dövrün əhvalını təmsil edir. Məsələn, Yaponiyada 1868-ci il siyasi inqilabına “Meici bərpası” deyilir.

Hökumət mart ayının 14-də dövrün adı üzərində işləmək üçün Çin və Yaponiya ədəbiyyatı, Yaponiya və Şərqi Asiya tarixi üzrə mütəxəssislərə rəsmi olaraq müraciət etmişdi.

Başlıq şəkil: KYODO
Sevinc Nur © yapon.az 2019