Yaponiyada mövcud olan fərqli yas və dəfn mərasimlərinin kökü həmin ərazilərdə yaranmış dinlərlə sıx bağlı olub

sss
Krimasiya. 1880-ciilə aid illüstrasiya. Vikipediya – elektron ensiklopediya.

Yaponiyada yaşamış ən qədim tayfalara məxsus olan və hələ də ölkənin əksər əyalətlərində öz aktuallığını saxlamağı bacaran yas və dəfn mərasimi adətləri digər dünya xalqlarının adət-ənənələrindən kəskin şəkildə fərqlənir. Yaponiyada uzun müddət iki dinin hakim olması bu cür fərqliliyə gətirib çıxartmışdır. Yaponların dili ilə desək, “bir yapon şintoist kimi doğular, lakin buddist kimi ölər”, – ifadəsi yas və dəfn mərasimlərinin sırf Buddizmlə sıx əlaqəli olduğunu sübut edir. Digər tərəfdən, Yaponiya təqvimində hüzünlü günlərin buddist qaydaları ilə həyata keçirilməsi bunu deməyə rəvac verir. Bu səbəbdən, qədimdə digər buddist ölkələr kimi Yaponiyada da “ölüyandırma”dan (krimasiya) istifadə edilmişdir. B.e. 220-230-cu illərinə aid türbələrin tapılması deyilənləri isbat edir. Tapılmış türbələrin qədim Yaponiya hökmdarları və varlı şəxslərinə məxsus olması həmin dövrdə bu cür dəfn mərasimlərinin nə dərəcədə vacib olduğunu göstərir. Bu cür mərasimlər 21-ci əsrə qədər öz aktuallığını itirməmişdir. Məsələn, 2007-ci ilin göstəricilərinə əsasən, Yaponiyada ölənlərin 90%-dən çoxu bu cür dəfn olunub.

sss (2)
Mumyalanma prosesi

Buddizmdə rahiblərin özünü ölümə hazırlaması kimi bir qayda mövcuddur. Proses bu cür cərəyan edir; əvvəlcə rahiblər öz bədənlərini zəiflətməyə başlayırlar. Bədənlərindəki suyun miqdarının azalması üçün xüsusi qidalar yeyir və müəyyən zaman kəsiyindən sonra daşdan hazırlanmış bir tabutun içinə girərək ölməyi gözləyirlər. Hər səhər isə rahib digərləri tərəfindən yoxlanılır. Əgər yoxlanılan rahib hələ ölməyibsə o zaman məbədin qarşısındakı zəng çalınır. Həmin zəngin çalınmaması rahibin ölməyi anlamına gəlir. Bundan sonra tabut bağlanır. XX əsrdə dövlət səviyyəsində bu mərasimə qadağa qoyulmasına baxmayaraq, günümüzdə də Yaponiyada rast gəlinən haldır.

Yaponiyada dəfn adətləri çox dəyişkəndir. Məsələn, Okinava keçirilən yas mərasimlərinə görə, Yaponiyanın digər ərazilərindən kəskin fərqlənir. Okinavada krimasiya prosesinə hazırlıq uzun zaman alır. Belə ki, əgər insan evdə ölübsə o, evin ən gözəl yerində uzadılır və 24 saat ərzində ona toxunulmur. Əgər hadisə başqa bir yerdə baş veririsə o zaman ölən şəxs evinə aparılmamalı və ölən şəxsin ən yaxın ailə üzvü bir neçə saatdan bir həmin evə (yerə) baş çəkməlidir. Okinavada əhali bunu ölən şəxsin ruhunun öldüyü evi tamamilə tərk edib getməsi üçün zəruri qayda hesab edir. Bundan 24 saat sonra isə ölən şəxs yandırılır. Yandırılmadan əvvəl saçı mütləq kəsilir.

Ümumilikdə, böyüklərin bədənini yandırmaq üçün 1 saat, uşaqlar və yetkinlər üçün isə 45 dəqiqə lazım olur. Bu prosesdən sonra ölünün ən yaxın iki qohumu onun sümüklərini xüsusi qaba yığmağa başlayır. İlk olaraq ayaq sümükləri, daha sonra isə digər sümüklər yığılır. Bu sümükləri yığmaq üçün yaponlar çubuqlardan, öz dilləri ilə desək, haşilərdən (箸) istifadə edirlər. Ayaq sümüklərini götürən zaman hər iki qohum öz çubuqlarından istifadə edərək köməkli şəkildə sümüyü qaba qoyurlar. Bu adətin kökünün qədimlərə dayanmasına baxmayaraq, bu günə qədər təsirini saxlamışdır. Məsələn, bu gün hər hansı bir yaponiyalının evində yemək zamanı iki şəxs birlikdə öz çubuqları ilə eyni tikəni götürürsə bu hərəkətin bədbəxtlik gətirəcəyinə inanılır. Həmin “adətin” məhz krimasiyadan sonra ölünün sümüklərinin qaba yığılması ilə əlaqəsi olduğu deyilir.

gf
Günümüzdə sümüklərin haşi ilə yığılması prosesi.

Daha sonra isə mərhumun külünün və ya sümüklərinin saxlandığı qab onun öz evinə aparılır. Bu cür qablar kotsutsubo (骨つぼ) adlanır. Arxeoloji araşdırmalar zamanı tapılan bu cür qabların fərqliliyi ağzının dar olmasıdır. Qədimdə əsasən, kvadrat formalı olmuş kotsutsuboların dairəvi formada olanları isə sonradan istifadə edilməyə başlanmışdır. Müasir dövrdə bu cür qabların üstündə sakura təsvirinin olması ənənəvi haldır.

ddd
Günümüzdə sümüklərin haşi ilə yığılması prosesi.

Ryukyu (Nansei) adaları da dəfn adətlərinə görə, fərqlənən ərazilərdəndir. Burada ölən şəxsin bədəni xüsusi sərdabədə saxlanılır. Lakin bu saxlama müddəti çox uzun olur. 3 ildən 5 ilə qədər belə dəyişə bilir. Göstərilən müddətdə mərhumun qohumları onun bədəninin tamamilə çürüməsini gözləyirlər. Bəzi sərdabələrdə mövcud olan şərait bədənin daha tez çürüməsinə gətirib çıxarır. Bədən çürüdükdən sonra isə, sümüklər götürülür və yuyulur. Bundan sonra türbədə saxlanılır. Qədim mənbələrin verdiyi məlumatlara əsasən, həmin dövrlərdə hər bir ailənin sərdabəsi ayrı olurdu. Təbii ki, bu mənada yalnız zəngin ailələrin adını çəkmək olar. Daha sonralar yapon əfsanə və əsatirlərində istifadə olunan, “Ryukyuda ölmək belə baha-başa gəlir” – ifadəsi, müəyyən mənada deyilən fikirlə səsləşir.

800px-JapaneseGraveyardTokyo
Günümüzdə Tokioda məzarlıq. Məzar daşları tipik yapon üslubunda. Vikipediya – elektorn ensiklopediya.
220px-JapaneseGravestoneWithRedInkName
Mərhumun yaşayan həyat yoldaşının adı qırmızı ilə verilib. Günümüzdə.

Qədim zamanlarda məzarların (məzar daşlarının) daha kiçik olduğu deyilir. Həmçinin, əvvəllər nadir hallarda məzarın üstündə ölünün adı yazılardı. Tapılmış məzar daşlarının üstündə heç bir izin olmaması bunu deməyə əsas verir. Günümüzdə isə, həmişə olmasa da, adətən, məzar daşının xüsusilə sol tərəfində ölən şəxsin adı yazılır.

Maraqlı məqamlardan biri isə, tariximizə çox da uzaq olmayan bir dövrdə, təxminən 18-20-ci əsrdə olan məzar daşları üstündəki yazılardır. Həmin dövrdə nişanlı olan şəxs öldüyü halda onunla bərabər evlənəcəyi qızın (ölən şəxs qızdırsa oğlanın) adı da məzar daşının üstünə yazılırdı. Lakin bu adın qırmızı olması zəruri idi. Həmçinin, bu halda adın məzar daşının solunda deyil, məzarın qarşısında bərkidilmiş, lakin biri-birindən ayrı olan kiçik daşların üstündə yazılması da rast gəlinən haldır. Buna bir çox məna verilsə də, dəfn edilənin sevdiyi şəxsi o biri dünyada da gözlədiyi ümumi olaraq daha çox qəbul edilir. Araşdırmaçıların fikrincə, bu hal yaponların hələ qədim zamanlardan ölümdən sonrakı həyata inamlarının olduğunu bir daha təsdiq edir. Lakin adı yazılmış “nişanlı” (ailəli olduğu şəxs də) da öldüyü zaman, onun adı yonularaq daşdan silinir. Bəzi əyalətlərdə qırmızı rəngli adı sildikdən sonra adın qara rəngdə yenidən yazılması da vacib ənənələrdən sayılır.

Bundan başqa, ölənin ailəsi çox vaxt onun ən sevimli əşyalarını məzarına qoyurlar. Bunlara zinyət əşyaları, yaponiyalı kişilərin özləri ilə gəzdirdikləri kiçik siqaret qabları, şodo və s. aid edilir. Tapılmış qədim məzarların içərisində də bu cür əşyalara rast gəlinib.

xcdf
Dəfn mərasimi libasları

Bütün bunlardan əlavə, yaponların yas və dəfn mərasimlərində özünəməxsus davranış qaydaları mövcuddur. Bu özünü istər geyimdə, istərsə də yemək. Adətən geyinilən kimono hər zamankının əksinə olaraq, sol tərəfin sağ tərəf üzərinə salınması formasında bağlanır.

Yas mərasimlərində çox hallarda yemək üçün kiçik qablarda düyü verilir. Lakin bu hal bütün ailələrin həyata keçirdiyi adət deyil. Əgər düyü verilərsə, o halda haş istifadə olunduqdan sonra mütləq düyünün içinə qoyulmalıdır. Gündəlik həyatda haşilər istifadə edildikdən sonra haşiokinin (箸置き), yəni, haşi üçün olan qabın üstünə qoyulduğundan yas mərasimində bu cür eləmək yaxşı qarşılanmır. Eləcə də, evdə yemək yeyən zaman haşinin yeməyin içinə qoyulması bunun özü ilə bədbəxtlik gətirəcəyini bildirir. Yuxarıda da qeyd edildiyi kimi, yas mərasimində haşi ilə ölən şəxsin sümükləri götürülür. Bu səbəbdən haşi ilə başqa birini işarə etmək, göstərmək də bəxbəxtlik əlaməti hesab edilir.

Digər maraqlı bir adət isə, mərhumun adının ölümündən sonra dəyişdirilməsidir. Belə bir inanc mövcuddur ki, əgər ölən şəxs adını tez-tez eşidərsə onda onun ruhu bu dünyadan çətinliklə çıxıb gedər. Bu səbəbdən də ölümündən sonra mərhmu yeni adla adlandırırlar. Seçim zamanı daha çox ölən şəxsin hər hansısa pis xüsusiyyətini özündə büruzə verən adın istifadə edilməsi daha yaxşı hesab edilir. Çünki bu halda ruhun daha tez çıxıb getməsinə inanılır. Bu cür yeni ad qoyma mərasimi kaimyoo (戒名) adlanır. Hərfi mənası “buddist adı” deməkdir. Çünki ölən şəxsə qoyulan yeni ad qohumları ilə razılaşdıqdan sonra mütləq buddist rahib tərəfindən elan edilir.

İslam dininin Yaponiyada yayılmasından sonra burada mövcud olan dəfn adətləri bir qədər də çoxalıb. Haqqında danışdığımız dövrün XI əsrə aid edildiyi deyilir. Əlbəttə ki, İndoneziyadan Yaponiyaya köçən əhalinin, eləcə də, monqolların buraya köçürdükləri müsəlman ailələrin təsiri Yaponiyadan yan keçə bilməzdi. Həmin dövr üçün çox az da olsa, müsəlmanlığı qəbul edən yaponiyalı ailələr krimasiya, eləcə də, digər buddist və şintoist dəfn adətlərindən imtina edərək ölüləri müsəlmanlar kimi dəfn etməyə başlayıblar. XX əsrdə Yaponiyada tapılmış bir çox məzarlar da bunu deməyə əsas verir. Bu tip məzarlara əsasən Yaponiyanın cənubunda rast gəlinmişdir.

Əvvəldə də qeyd edildiyi kimi, Yaponiyada dəfn adətləri haqqında konkret fikir demək çox çətindir. Ərazidən-əraziyə dəyişən adətlər, dinlərin qoyduğu qaydalar fərqlilikləri meydana çıxarır. Lakin onu da unutmayaq ki, bu gün Yaponiyada mövcud olan incəsənətin və mədəniyyətin əmələ gəlməsində bu rəngarəng adət-ənənələrin də rolu danılmazdır fakt olaraq qalır.

İstifadə olunmuş ədəbiyyat:

  1. Vasily Vereshchagin. Defeated. Servise for the dead.
  2. 永眠者の記憶について – 長司祭長屋房夫による訳文(“Ölən şəxs haqqında” Fusao Nagaya)
  3. William M. Bodiford, “Zen in the Art of Funerals: Ritual Salvation in Japanese Buddhism,
  4. Bernard Faure, The Rhetoric of Immediacy: A Cultural Critique of Chan/Zen Buddhism
  5. Allan H. Smith (Apr 19, 1960), “The Culture of Kabira, Southern Ryūkyū Islands”.
Gülər Nursu © yapon.az 2016