Dünyanın ən gözəl, ən fərqli metroları ilə bağlı axtarış aparanda ortaya Yaponiyanın metro stansiyası haqqında çox maraqlı nəticələr çıxdı. Hal-hazırda Tokio  metrosunun qatarları 282 stansiya arasında hərəkət edərək ildə 2,8 milyard adam daşıyır.

Tokio metrosu dünyada ən müasir yeraltı nəqliyyat sistemlərindən biridir. Onun infrastrukturuna hətta ticarət mərkəzləri və müxtəlif xidmətlər də daxildir. Bu qədər mükəmməl struktura sahib olan metro stansiyasının tarixini də bilmək maraqlı olardı. Yaponiyada ilk metro stansiyası necə açılıb?

1914-cü ildə Londonda olan Hayakava, Tokionun da metroya ehtiyacı olduğu qənaətinə gəlmiş və 2 il boyunca Avropa və Amerikada metroları araşdırmağa başlamışdı.

Tokio metrosunun ilk sərnişinləri, 1927-ci il. Sağdan ikinci Noritsuqu Hayakavadır.

Yaponiyaya qayıdanda Hayakava bir sıra çətinliklərlə üzləşmişdi. Metro tikintisindən başı çıxan yapon mühəndis yox idi, ekspertlər Tokionun yeraltı sularla dolu olduğunu bildirirdilər, layihə üçün lazım olan 6,2 milyon (indiki pulla 3,6 milyard) yen vəsait isə yox idi.

Buna baxmayaraq, Hayakava düz 6 ay Tokio küçələrində gəzərək metronun hərəkət edəcək istiqamətləri müəyyən etməyə çalışmışdı. Deyilənə görə, yanından piyada keçəndə sol cibinə ağ lobya, maşın keçəndə sağ cibinə qara lobya atırdı və bu cür üsulla şəhərin ən sıx yerlərini müəyyənləşdirirdi.

Berlin metrosunun modeli əsasında 1925-ci ildə tikintisi başlanan metro nəhayət 1927-ci ildə tamamlananda 2,2 km uzunluğunda idi və Asiyada ilk idi. Hər gün 53 min sərnişin qəbul edən metro o qədər populyar olmuşdu ki, sərnişinlər 5 dəqiqəlik gediş üçün 2 saat növbə gözləyirdilər.

Serkan Şentürk © yapon.az 2020