Titos kəndinin məbədində xəsis və tamahkar bir rahib vardı. O, heç vaxt xidmətçisinə şirin şeylərdən dadmağa verməzdi, hamısını özü yeyərdi. Xidmətçinin isə şirin şeylərdən çox xoşu gəlirdi. Bir dəfə rahib üçün ətirli təzə bal gətirdilər. O, balı küpə töküb xəlvət bir yerə qoydu. Xidmətçiyə isə heç dadmağa da vermədi. Elə oldu ki, rahib bütün günü harasa getməli oldu. O, xidmətçiyə dedi:

– Bax, ehtiyatlı ol: içində zəhər olan küp buradadır. O, üzdən bala oxşayır, ancaq əslində belə deyil. Dilini bu zəhərə vuran kimi ölərsən.
Rahib çıxıb gedəndən sonra xidmətçi küpü götürüb balın hamısını yeyir. Küpün içi boşalanda onun ürəyinə qorxu düşür və fikirləşməyə başlayır ki, necə eləsin rahibi aldatsın. Fikirləşdi, fikirləşdi, axırda tapdı. O, rahibin ən çox sevdiyi fincanı götürüb sındırdı, sınıqlarını otağın ortasına atdı, özü də yerinə girib yorğanı üstünə çəkdi, rahibin gəlməyini gözləməyə başladı.
Rahib axşamdan xeyli keçmiş qayıdıb gəldi. Otaq qaranlıq idi. Rahib hirslə qışqırdı:
– Ey, hardasan? Nə üçün lampanı yandırmamısan?
Xidmətçi isə yorğanın altından zarıldadı:
– Günahımdan keçin, rahib ata! Mən ölürəm! İndi mənim canım çıxar. Tez dua oxuyun!
Rahib qorxmuş halda soruşdu:
– Xidmətçi, sənə nə olub?
– Rahib ata, sizin qarşınızda çox günahkaram. Bu gün mən döşəmənin üstündə oturub sizin sevimli fincanınızı yuyurdum. Birdən pişik qaçıb əlimə toxundu, mən fincanı yerə salıb sındırdım. Bundan sonra mən daha nə üçün yaşayırdım, ölməli idim, odur ki, zəhəri götürüb hamısını yedim. Ah, indi zəhər bütün damarlarıma yayılır! Ah mənim halım xarabdır! Tez dua oxuyun, rahib ata! Xidmətçi, daha da bərkdən zarıdı.
Rahib başa düşdü ki, xidmətçi onu aldadır, ancaq bir söz demədi. Beləliklə o balsız qaldı.
Bir gün rahib yenə də evdə yox idi. Xidmətçi qapının yanında əyləşib mürgüləyirdi. Birdən kimsə qapını döydü. Xidmətçi qapını açdı, əlində bağlama olan qonşu qadını gördü.
– Bu gün bayramdır, bunu rahib ataya verərsiniz, – deyə qonşu qadın bağlamanı xidmətçiyə verdi.
Qadın gedən kimi, xidmətçi bağlamanı iylədi: bağlamadan isti, yağlı çörək iyi gəlirdi.
“Mən bağlamanı tamahkar rahibə verəcəyəm, heç bilməyəcəyəm ki, bağlamanın içində nə vardı, – deyə xidmətçi öz-özünə düşündü. – İndi açıb baxmaq lazımdır”.