İntihar üzrə dünya ölkələri siyahısında Yaponiya hələ də 4-cü yerdədir

Hər şey 13 yaşında olan şagirdin özünü mağazanın tualetində asması ilə başladı…

Bəli, intihar hər bir ölkənin ağır məsələlərindən biri olsa da, Yaponiyada intihar edənlərin çoxunun aşağı yaş qrupuna aid olması məsələni daha da ciddiləşdirir.

1986-cı ildə, 13 yaşlı məktəblinin özünü ticarət mərkəzinin tualetində asması ilə bu məsələ beynəlxalq miqyasda müzakirəyə çıxarıldı. Çıxarılma səbəbi isə təbii ki, məktəblinin özünü asması deyildi. Həmin məktəblinin davamlı şəkildə məktəb yoldaşları tərəfindən ələ salınması və buna nə məktəb, nə də müəllimləri tərəfindən qarşı qoyulmaması idi. Kifayət deyilmiş kimi məktəblinin dəfn mərasimində onu ələ salan məktəbli yoldaşları və müəllimləri də iştirak etmişdi. Bu isə geniş kütlənin qəzəbinə səbəbiyyət vermişdi.

Ən son azyaşlı intiharına isə elə cari ilin qış ayında, 13 yaşlı məktəblinin özünü qatarın altına atmasını misal gətirmək olar. Bir il ərzində həmin məktəbli yoldaşları tərəfindən məktəb, elektron poçt, bloqlar vasitəsilə ələ salınmışdı. Sosial şəbəkədə də aydın oxunan mesajlara – “Sənin kimi insanlar niyə yaşayır ki?” , “Öl, mundar!”, “Öləndə xəbər elə gülək” – baxmayaraq, bu iş üzrə məsuliyyətli şəxslərin laqeyd yanaşması nəticəsində azyaşlı uşaq həyatını sonlandırdı.

Hal-hazırda Yaponiya statiskaya əsasən intihar üzrə 4-cü yerdədir.

İntihar üzrə ölkələrin sıralanması (31.03.2017):

  1. Litva;
  2. Cənubi Koreya;
  3. Almaniya;
  4. Yaponiya.

Yaponiya 4-cü yerdə olsa da, 2003-cü ilə nisbətən baş verən intihar sayının azaldığını görmək mümkündür. Belə ki, 2003-cü ildə intihar edənlərin sayı: 34,427 (Yaponiya tarixində ilk dəfə bir il ərzində çox sayda intihar hadisəsinə şahidlik etmişdi). 2016-cı ildə intihar edənlərin sayı: 21,897 nəfər olmuşdu.

Medianın intihar üzrə açıqlamasına görə, intihar fikrinin toxumları məktəbdən başlayır. Tez-tez ələ salınan uşaqlar (xarici görünüş, ailə vəziyyəti, aktivlik fəaliyyəti bunlara aiddir) ətrafındakı insanlardan, xüsusilə də, məktəb idarə heyətindən dəstək görmədiyi zaman bundan qurtuluş yolunu yalnız intiharda görürlər. Bu açıqlamadan sonra 2013-cü ildə, ijime (zorbalıq) üzrə yeni qanun qüvvəyə mindi. Lakin Təhsil Nazirliyinin şagirdlər üzrə iş məsələsinin direktoru Tomohiro Tsubotanın “Azyaşlı şagirdlər arasında intihar hadisəsinin hələ də davam etməsi, bu qanunun effektiv olmadığının bariz sübutudur” – deməsi ilə intihar mövzusu yenə Yaponiyanın gündəminə çevrildi.

Ekspertlər, Yaponiyada olan intihar hadisələrini digər ölkələrdən fərqləndirən başlıca səbəblərdən biri kimi kütləni göstərir. Zorbalığa məruz qalanlar adətən ya qrupdan, ya da çoxlu insanların düşüncələrindən və davranışlarından əziyyət çəkir.

Məqalədə istinad edilən mənbələr : japantimes.co.jp , ja.wikipedia.org
Gülşən Cabbarlı © yapon.az 2017