Yaponiya haqqında az-çox məlumatı olanlar məşhur katananın heç olmazsa adını eşidiblər. Katana yapon qılıncıdır. Samuraylar bu qılıncla əsrlər boyu öz ölkəsini qoruyublar. Düşmənlərini qanına qəltan ediblər.

Keyfiyyətinə və iti olmasına görə hələ də onun haqqında filmlər, hekayələr yazılır. “Katana ruhu” – deyə əfsanələri belə var.

Bu silah növü heç də ucuz deyil. Siz ucuzunu, yəni, Çin istehsalı olanını istədiyiniz mağazadan belə ala bilərsiniz. Amma Yaponiya istehsalı olan katananın çətin tapılması bir kənara, tapsanız belə çox baha olacaq…

İndi isə keçək mövzumuzun əsas qəhrəmanına. Katanaları kolleksiya kimi toplamaq marağı olan vyetnamlı saç ustası bir gün katanalardan istifadə etmək qərarına gəlir. İnsanları öldürmək üçün deyil. Onun məhz bacarıqlı olduğu sahə ilə “birləşdirib” – saç kəsmək!

İti qılınc olan katana bu sahədə belə öz sözünü dedi. Vyetnamlı saç ustası katanadan istifadə edərək heyrətamiz saç düzümləri edir və bu saç düzümləri Vyetnamın ən məşhur dəb jurnallarının üz qabığını bəzəyir. Buna görə də o, artıq bir neçə dəfə “İlin saç ustası” adına layiq görülüb.

Lap başda niyə görə katananın qitmətinin baha olmasını və çətin tapılmasını qeyd elədim?! Çünki bu ustada saç düzəltdirmək o qədər çətin və bahalıdır. Bizim sözümüz olmasın “mal yiyəsinə oxşayar”.

Gülşən Cabbarlı © yapon.az 2014