“Doğum günümdə Yaponiyaya – xəyallarımdakı dövlətə ayaq basdım. Həyatımda aldığım ən gözəl hədiyyə idi.”

Günel Əbdürrəhman. İki ildən çoxdur ki, Yaponiyanın Kavasaki şəhərində yaşayır. 2013-cü ildə Yaponiya vətəndaşı ilə ailə qurub və 2015-ci ilin fevral ayında bir övladı dünyaya gəlib. Yaponiyada yaşayan azərbaycanlı kimi yapon.az`ın ilk qonağı ilə səmimi söhbətimizi sizə təqdim edirəm.

Günelin şəxsi arxivi
Ə. Günelin şəxsi arxivi

Salam Günel, Sapporoda bu ilin qışı hələ ki nisbətən isti keçir. Lakin il başlayalı iki hiss olunacaq qədər güclü zəlzələ olub. Tokio necədir?
– Tokioda sanki qışı deyil yazı yaşayırıq. Ancaq yavaş-yavaş havalar soyumağa başlayır. Burda artıq neçe aydır ki, zəlzələ olmur, lap darıxdım (gülür).

Standart sual. Niyə məhz Yaponiya?
– Əslində bildiyimiz bir şey, bu ölkənin pərəstişkarları Yaponiyanı anime ilə tanıyıb sevirlər. Mən də “Ay savaşçısı” animesinden sonra Yaponiyaya aşiq oldum, qarşıma məqsəd qoydum. Lakin hər şey təsadüfən oldu. Artıq burdayam. Doğum günümdə Yaponiyaya – xəyallarımdakı dövlətə ayaq basdım. Həyatımda aldığım ən gözəl hədiyyə idi.

Yaponiyada yaşamaq çətin deyil ki? İlk dəfə bura gələndə hansı çətinliklə qarşılaşmışdınız?
– Əslində özümü vətənimdəki kimi hiss edirem, çox rahat, təhlükəsiz, gəldiyimdən iki həftə sonra artıq sərbəst istədiyim yerə gedirdim. Tək çətinlik dildir, başa düşmürdüm. İndi artıq başa düşsəm də danışa bilmirəm. Tək çətinliyim hələ ki budur.

Günelin şəxsi arxivi
Ə. Günelin şəxsi arxivi

– Yoldaşınızın yaponiyalı olması sizin üçün nəyi dəyişdirib? (Başqa cür desəm, ailənizdə, qohum-əqrabada azərbaycanlı bəylər görmüsünüz. Kişi elə hər yerdə eynidir, yoxsa?)
– Çox gözəl sualdır (gülümsəyir). Demək olar ki, kişi elə hər yerdə eynidir. Əlbəttə, oxşar cəhətləri olduğu kimi, fərqli cəhətləri də çoxdur. Məsələn, qadın və kişi bərabərdir, ev işlərində, uşağa baxmaqda çox kömək edir (gördüyüm qədəri ilə demək olar ki, hamısı edir). Məni idarə etməyə çalışmır, işimə qarışmır (yəni, mənə sonsuz güvəndiyi üçün heç bir addımımı sorğulamır, nəyi edib-etməyəcəyimi demir). Hətta məni cəsarətləndirir… Bizim kişilər kimi (öz qohum-əqrabamda gördüyüm) sahiblənmə hissi var. Bircə, onu deyə bilərəm ki, yapon kişiləri çox sərtdir, onları başa düşmək üçün illər lazımdır.

– Bildiyimə görə, Yaponiyada hər adamı ailəyə qəbul etmirlər. Yoxsa bu hər ailə üçün keçərli adət və ya qəlib deyil?
– Yaponlar da bizim kimi, xaricilərə qarşı həssasdır. Yaşlı nəsili heç demirem. Necə ki mənim ailəm yoldaşımı çox çətin qəbul etdi, eynilə, onun ailəsi mənə qarşı soyuqdur. Hal-hazırda əlaqəm yoxdur. Dili bilmədiyim üçün ünsiyyət qura bilmirəm. Bu da araya məsafə qoyur.

Bu mövzuda daha bir sual. Burada yaponiyalı xanımlara münasibət də birmənalı deyil. Yaponiyalı ailəsində olan biri kimi sizcə, Yaponiyada qadın kimdir, nəçidir?
– Müşahidə etdiyim qədəri ilə, yaponiyalı qadınlar çox aqressivdir (gülür), kişiləri daha mülayimdir. Bəlkə də mən xariciyəm deyə elə hiss etmişəm. Hər halda, hər ailə fərqlidir. Bəzilərində qadın, digərilərində ailəni kişi idarə edir. Məsələn, mağazada fikir vermişəm ki, alış-verişin pulunu qadın ödəyir. Yəni, pulu qadın idarə edir. Bizim ailədə ikimizin də sözü keçir, sadəcə hansımız daha çox haqlıyıqsa onu qəbul edirik. Yoldaşım mənə demədən heç nə etmir. Mən də eynilə.  Hər halda sevgi, güvən ve hörmətdən irəli gəlir. Amma çox çətindir. Çünki yapon ənələrinə və mentalitetinə, tərbiyəsinə çox bağlıdır.

Həqiqətən Yaponiyada ərlə qadın ayrı otaqlarda yaşayır?
– Bəli, bu doğrudur. Hərçənd bizim ailədə belə bir şey yoxdur. Çox maraqlıdır, elə deyilmi?!

Yaponiyada xaricilərə münasibət necədir?
– Birmənalı deyil. Biz insanları çox tez qəbul edib dostlaşırıq. Lakin yaponlar cox uzaq durur, söhbət gənclərdən gedir. Orta nəsil daha çox meyillidir dostluğa. Bəlkə də mən çox can atmıram mərmər qəlbli yaponlarla münasibətə. Yolda rastlaşanda əl edən “ociisanları” demirəm. Yaxsı ki, onlar var.

“Yaponların dostluğu necədir?” – soruşsam.
– “Bilmirəm” – deyə, üzülərək cavab verəcəm. Çünki yapon dostum yoxdur. Birini çıxmaq şərti ilə. Onu da yapon saymıram. Çünki 30 ildən çoxdur Türkiyədə yaşayıb. Türkiyə şivəsində danışırıq.

– Yaponiyada ən çox sevdiyiniz və ya xoşlamadığınız nədir?
– Sevdiyim intizam, dəqiqlik, tərbiyə, mədəniyyət, səbr, qayda-qanun. Xoşlamadığım isə insanların soyuqluğu, laqeydliyi, hər şeyi mükəmməl etme arzusu. Bəzən hər şeyi axarına buraxmaq daha məqsədəuyğundur.

– Qızınızı böyütmək üçün ideal yer?
– Baxır nə istədiyinə. Mənim üçün təhsilin səviyyəsi və qayda-qanunun işləməsi baxımından Yaponiya idealdır. Bir tərəfdən isə ailə sevgisi, ailə bağları, valideynə hörmət baxımından Azərbaycan idealdır. Ümid edirəm ki, ikisini birləşdirib nəticə əldə edə bilərəm.

– Azərbaycan və Yaponiya üçün ilk ağlınıza gələn sözlər hansılar olardı?
– Azərbaycan – anam (Vətən), Yaponiya – ailə.

– Yaponiya onun haqqında xəyal etdiyiniz kimidirmi? Yaponiya arzusu ilə yaşayanlara subyektiv məsləhətiniz.
– Əslində, tam istediyim kimi deyil, çox bahaçılıqdır (gülür). Bəzən istədiyim şeyləri tapa bilmirəm, hərçənd artıq alışmışam. Yaponiya arzusu ilə yaşayanlara deyəcəyim – “Xəyallarınızın arxasınca gedin”. Bəzən min dəfə xəyal qurmaqdansa, bir dəfə belə olsa yaşamağa dəyər. Peşiman olacaq heç nə yoxdur. Tam əksi, yaşamasanız peşiman olarsınız.

– Mənim soruşmağı unutduğum və ya eşitmək istədiyiniz sual varsa deyin.
– Xeyr, yoxdur, çox səmimi bir söhbət oldu. Təşəkkür edirəm. Lakin oxuyucuların sualı olsa cavablandırmağa hazıram.

– Son söz.
– Dünyanın harası olur-olsun, ən sevdiyim ölkə belə olsa, Vətən bambaşqadır. İnsanları, təbiəti, ən əsası ailəm, anam. Çox darıxıram.

– Balaca qızın və işindən vaxt ayırdığın üçün təşəkkürlər, Günel.

15.01.2016

Sevinc Nur © yapon.az 2016