YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil olan Şuri qalasında yanğın baş verib. Yanğın yalnız 11 saatdan sonra söndürülüb. Ümumilikdə 4,8 min m² ərazini əhatə edən, əsas bina da daxil olmaqla 7 tikinti tamamilə məhv olmuşdur. 

Şuri qalası. 31 oktyabr 2019-cu il. Mənbə: mirror.co.uk
Şuri qalası. 31 oktyabr 2019-cu il. Mənbə: mirror.co.uk

Naha şəhər yanğınsöndürmə idarəsi cümə axşamı (31 oktyabr 2019), Yaponiya vaxtı ilə səhər saat 02:40-da qalada baş vermiş yanğın barədə xəbərdarlıq alıb. İdarə alovla mübarizə aparmaq üçün hadisə yerinə 30-a yaxın yanğınsöndürən maşınının göndərildiyini deyib.

Naha bələdiyyə başçısı Mikiko Şiroma Şuri qalasını Okinavanın simvolu adlandırıb və onu itirdikləri üçün çox məyus olduğunu bildirib.

Qala Yaponiyanın cənub prefekturası Okinavanın Naha şəhərində yerləşir. Təxminən 500 il əvvəl Ryukyu sülaləsi tərəfindən inşa edilən qala 1933-cü ildə Yaponiyanın milli xəzinəsi təyin edilmişdir. İkinci Dünya Müharibəsi zamanı tamamilə yanan qalanın əsas binası 1992-ci ildə Okinavanın Yaponiya hakimiyyətinə qayıdışının 20 illiyi münasibətilə bərpa olunmuş, milli park açılmışdır. 2000-ci ildə burada “G8” ölkələrinin liderləri üçün ziyafət verilmişdir.

G8 sammiti, 2000. Şəkil: NHK
G8 sammiti, 2000. Şəkil: NHK

2000-ci ilin dekabrında orijinal qala qalıqları, Okinavadakı Ryukyu Krallığının digər qalalarının hər biri YUNESKO-nun Ümumdünya Mədəni İrsi  təyin edilmişdir.

Şuri qalasının ümumi görünüşü. Mənbə: mainichi.jp
Şuri qalasının ümumi görünüşü. Mənbə: mainichi.jp

Okinavanın ən böyük sənayesi turizmdir, hər il milyonlarla insan Yaponiyadan və xaricdən bura gəlir. Keçən il Şuri qalası parkını təxminən 3 milyon insan ziyarət etmişdir və yanğının prefekturada turizmə necə təsir edəcəyi ilə bağlı narahatlıqlar vardır.

Şuri qalasının gələn ilki olimpiadada rol oynayacağı ehtimal olunurdu. Təşkilatçılar dünyadakı insanlara Okinavanın qədim mədəniyyətinin cazibəsini göstərmək istədiklərini söyləyirlər.

Sevinc Nur © yapon.az 2019