İndiyə kimi harda, hansı xəstəliyin meydana gəlməsindən, yayılmasından çox uzaq olsaq da, bu dəfə çox yaxında (şəxsən mən və ailəm) idik. Düzü, başlanğıcda yenə də ölkəmdə, baş verənlərdən uzaqda olmaq istəsəm, yenə hər şey bitdiyində ölkəmizdən yan keçəcəyinə inansam da, təəssüf ki, bu dəfə belə olmadı.

Addım-addım.
Hokkaidoya “gələrkən”

Yanvarın 21-də Yaponiyaya Vuhandan gələn xanım növbəti gün birbaşa Sapporoya uçur. Həmin xanım yanvarın 28-də yüksək temperatur və halsızlıqla bağlı xəstəxanaya müraciət edir. Beləcə, Sapporoda məlum virusa yoluxmuş ilk şəxs qeydə alınır. Bu vaxt artıq Yokohamada saxlanılan gəminin göyərtəsində və Yaponiyanın digər şəhərlərində yoluxanlar vardı.

Xəstələnənlərin sayı barmaqla sayılacaq qədər olan dövrdə, məsələn, fevralın 8-i Sapporoda maska alarkən “bir adama bir maska” prinsipi ilə satılması məni burda panikanın ciddi olacağına inandırmışdı. Lakin olmadı və yaxşı ki olmadı. Fevralın 14-də bir yaşlı kişinin 3 müxtəlif xəstəxananı, başqa-başqa aptekləri dolaşaraq virus yayması və nəhayət evimizin yaxınlığındakı xəstəxanaya yerləşdirilməsi xəbəri “bizdən uzaqdır” fikrini bir xeyli yaxınlaşdırmışdı. Fevralın 15-i iki məktəblinin də yoluxduğu açıqlandıqdan sonra məktəblərdə dərslər (fevralın 27-dən yaz tətili bitənədək) saxlanılsa da, bağçalar fəaliyyət göstərir və gündəlik həyatda heç bir dəyişiklik hiss olunmurdu. Sadəcə, insanlar maskasız gəzmir və daha öncə spirt tərkibli təmizləyicilərin olmadığı yerlərdə onlar gözə dəyməyə başlamışdı. Maska və spirtin boylandığı piştaxtalarda isə onların bitdiyini göstərən sarı vərəqələr görünürdü.

Nəhayət, fevralın 28-də Hokkaido icra başçısı Naomiçi Suziki adada fövqəladə vəziyyət elan etdi. Həmin gün insanlar ehtiyat ərzaq almaq üçün gec saatlaradək mağazalarda idilər, lakin daha çox tualet kağızı piştaxtalarının boşaldığını görmək olurdu. Bunun səbəbi isə tualet kağızının hazırlandığı materialdan maska düzəldildiyi iddiası və maskaların olmaması şaiyəsinin yayılması imiş 😀 .

"Aeon ". Sapporo. 28 fevral 2020c-ci il.
“Aeon “. Sapporo. 28 fevral 2020-ci il

Yoluxanlar

Hazırda (25 mart) adada 167 nəfər yoluxmuş şəxs qeydə alınıb ki, onlardan 74-ü Sapporodadır və 7 (2 nəfər Sapporoda) nəfər ölüb. Martın 25-nə olan məlumata görə, onlardan 100-ü (40 nəfər Sapporoda) sağalaraq evə buraxılıblar.  Yoluxanlar arasında 1 nəfərin vəziyyəti ağırdır.

Hər gün qeydə alınanlar haqqında hökumət yaşı, cinsi, sosial vəziyyəti, aid olduğu ərazi, kimdən yoluxduğu və çevrəsindəkilərin araşdırılıb-araşdırılmadığını göstərmək şərtilə aşağıdakı formada məlumat yayır:

file1_en_1584357481.pdf - Google Chrome 16-Mar-20 23_51_59

Bundan başqa, yalnız lazım olduqca çölə çıxmaq və həftə sonlarını evdə keçirmək tövsiyə olunur. Lakin mağazalar, restoranlar, qatarlar (bir az işi daha tez bitirməklə) işləyir. Təbii ki, insanlar az gözə dəyir. Beyəlxalq poçtun işi axsayır. Tələbələrin, xüsusilə də ingilis dili dərsləri keçməklə pul qazananların işi çətinləşib. Bütün tədbirlər saxlanılıb.

Fevral ayından metro istifadə etmirik. İnsanlar daha çox piyada hərəkət edir. Buzlu, indinin özündə də qarın yağdığı şəhərdə hərkət elə də asan deyil. Amma heç kim ruhdan düşməyib 🙂 .

Virusdan qorunmaq üçün nə edilir?

1. Çöldən evə gələndə əlləri, biləkləri, üzü, burun və ağzı yumaq. Əlləri yuyarkən 2 dəfə “Ad günün mübarək” mahnısını oxumağa çalışmaq (20″∼30″).
2. Çöldə ikən əlləri göz, ağız, burun və saçlara toxundurmamaq.
3. Açıq havada gəzməkdən çəkinməmək. Sadəcə insanların toplu şəkildə yığıldığı yerlərdən uzaq olmaq.
4. Küçədə ikən insanlarla məsafəni ən azı yarım metrə qədər uzatmaq.
5. Balanslaşdırılmış qidalanmaq.
6. Çoxlu su içmək.
7. Burun, ağzın selikli qişalarını daim nəm saxlamaq.
8. Ət, yumurta kimi ərzaqları yaxşı bişirmək.
9. Adi maskalardan istifadənin vacibliyi yalnız xəstə olanların asqırıb, öskürərkən ifraz etdikləri damcıların qarşısını almağa xidmət edir. Kimin virus daşıyıcısı olduğu bilinmədiyi üçün (virusun hələ inkubasiya dövrü keçirən daşıyıcı və yaxud da immuniteti güclü olub heç bir simptomları aşkar olunmayan daşıyıcı) hər kəsin maska geyinməsi vacib ola bilər. Maska həm də əlləri üzə toxundurmaqdan çəkindirir.
10. Spirtli salfetlər, spreylər gəzdirmək və tez-tez əlləri təmizləmək.
11. Asqırıb, öskürərkən (həmçinin, dirsək büküşü) salfetlərdən də istifadə edə bilərsiniz. Lakin onları mütləq büküb atın.
12. Evdə havanı daim təzələmək, rütubət və temperaturu ideal saxlamaq.

13. Qapı tutacaqları, kompyuter və telefonları dezinfeksiya etmək. Kağız pullardan istifadədən sonra əlləri yumaq.
15. Simptomlar aşkarlandığı vaxt (yüksək temperatur, ürək bulanması, quru öskürək) evdən çıxmadan həkimə müraciət etmək.
Əsas qayda: panikaya düşməmək və qorxmamaq. ÜST-ün və etibarlı mənbələrin məlumatlarını oxumaq.

Sadəcə özümüzü və sevdiklərimizi qoruyaq!


Formatımıza uyğun olmasa da digər bilgiləri də sizinlə paylaşıram:

Koronavirus nədir?
Yeni virusların ortaya çıxması mütəmadi prosesdir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız 6 növü (yenisi sayca 7-ci) insandan insana ötürülə bilər. Hazırda yeni virusun 39 variasiyası aşkarlanıb.

Nə etməli?!
Virusu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.

Nə qədər ölümcüldür?
ÜST-ün 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər 5 nəfərindən 4-də simptomlar (80 %-də yüngül, 14 %-də kəskin, 6 %-də isə kritik) mülayim olur.

Göstəriciləri nələrdir?
İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman – inkubasiya dövrü 14/24 gün çəkə bilər. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Bəzi hallarda xəstələr ev şəraitində sağalırlar. Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.

Niyə yaşlılar daha çox xəstələnir?
COVİD 19-un yaşlılarda daha çox görülməsinin səbəbi hüceyrələrdəki ACE2 proteinidir (virus həmin proteinlə orqanizmə daxil olur) ki, bu protein ürək-damar sisteminin işi ilə çox yaxından əlaqəlidir, ağciyər toxumasında çoxdur və qan təzyiqinin tənzimlənməsində də iştirak edir. Həmin proteinin miqdarı yaşlı insanlarda çoxdur. Ona görə də yaşlılar, xüsusilə də hipertanik xəstəliklərdən əziyyət çəkən insanlar daha diqqətli olmalıdırlar. 

Virusun qalıcılığı
COVİD 19 havada 3 saat, karton səthində 24 saat, plastik və paslanmayan metal üzərində 2-3 gün qalır.

Maraqlı fakt
Çində kişilər arasında daha çox yoluxanların görülməsi və bununla da daha çox kişilər yoluxur məntiqinin yaranmasının əsas səbəbi, onların məhz həmin ölkədə qadınlardan daha çox siqaret çəkməsidir.

Müsbət məqam
Koronovirusun yayılmasının qarşısının alınması ilə əlaqədar sənaye müəssisələrinin fəaliyyətini dayandırması, insanların avtomobillərdən az istifadə etməsi su və havanın çirklənməsinin qarşısını almaqdadır.

Yazı informativ xarakter daşıyır.


S. N. © yapon.az 2020