Hagi ( 萩 - kol yoncası). Bənövşəyi və çəhrayı rəngdə olan hagi (lat. Lespedeza) də Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.
Hagi ( 萩 – kol yoncası). Bənövşəyi və çəhrayı rəngdə olan hagi (lat. Lespedeza) Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.

Bəzi çiçəklər soyuq qış düşmədən, payızda çiçəkləyir. Al-əlvan yay çiçəkləri bizimlə vidalaşarkən zəngçiçəyi və sair kimi daha təvazökar payız çiçəkləri görünməyə başlayır. Yaponiyadakı bütün payız çiçəklərindən ən tipik olanı hagi və ya yapon kol yoncasıdır.

Hagi o qədər də nəzərə çarpan çiçək deyil. Lakin çiçəyin adını yazmaq üçün istifadə olunan yapon heroqlifi hər şeyi söyləyir – ot açarı işarəsi də “payız” heroqlifinin üzərində yazılıb; payız üçün hagi çox özəldir.

秋 + 艹 = 萩

Yaponiyada yeməli yabanı otlar hesab edilən Haru-no nanakusadan (春 の 七 草 – Yeddi bahar otu) fərqli olaraq, payızın yeddi təmsilçisi Aki-no nanakusa (秋 の 七 草 – Yeddi payız otu) vizual zövq verir. Yaponlar qədimdən bu çiçəklərin sadəliklərinə heyran olublar: kiçik və zərif, lakin gözəl rənglidirlər. Yapon şeirinin mövcud ən qədim antologiyası olan “Manyōşū (万 葉 集)”da onlar payıza xas çiçəklər kimi xatırlanırlar.

秋の野に 咲きたる花を 指折り(およびをり)
かき数ふれば 七種(ななくさ)の花

Mənası: Payız tarlalarında çiçək açan çiçəkləri barmağımla saydığımda yeddi olduğunu görürəm.

.萩の花 尾花 葛花 瞿麦の花 姫部志
また藤袴 朝貌の花

Mənası: Burada hagi (  – kol yoncası), susuki (尾花 – pampası otu), kuzu ( – pueraria montana), nadeşiko (撫子 – qərənfil), ominaeşi (女郎花 – patriniya), fucibakama (藤袴 – dazı), asaqao 桔梗  – zəngçiçəyi) var.

Yamanoue-no Okura (山上 憶 良. 660–733 / bir yapon şairi, uşaq və sadə insanlar haqqında şeirlərilə məşhurdur). “Manyōşū”.

Payızın yeddi çiçəyi məhsul ayı festivalı, payız məhsulu üçün təşəkkür bayramı ilə sıx bağlıdır. Məhsul ayı, Ay təqviminin səkkizinci ayının on beşinci gecəsində görünür. Atmosferdə az nəmlik olduğu üçün hava xüsusilə təmizdir və ayın gözəlliyindən zövq almaq üçün ilin ən yaxşı günü hesab olunur. Ayı seyr etmə (tsukimi (月見) və ya otsukimi (お月見)) festivalları əsrlər boyu məhsul ayı gecələrində təşkil edilib. Belə məşhur tədbirlərdən biri ay işığında Hyakkaendə keçirilən ayı seyretmə festivalıdır. Burada yeddi payız çiçəyinin hər biri ilə birlikdə 15 növ düyü küftəsi və taro təqdim olunur.

Susuki düyü zəmisinə bənzədiyi üçün məhsuldarlığın simvolu kimi qəbul olunur. Atın quyruğuna bənzərliyinə görə isə yapon dilində ona “quyruq çiçəyi” də deyilir. Tsukimi ənənələrinə, yapon susukisindən hazırlanmış bəzəklərin nümayişi və Ayın gözəlliyini qeyd etmək üçün tsukimi danqosu adlanan düyü köftəsi yemək daxildir.

Bənövşəyi və çəhrayı rəngdə olan hagi (萩) çiçəyi (lat. Lespedeza) də Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur. Uzun saplaqları ilə noxud ailəsinin üzvü olan haginin tanrıların haşilərini təmsil etdiyinə inanılır. Deyilənə görə, X əsr imperatoru Murakami və XIX əsr şahzadəsi Kazunomiya da daxil olmaqla İmperator ailəsi üzvləri ayı daha yaxşı görmək üçün taroda hagi çubuqları ilə dəlik açırdılar.

Sevinc Nur © yapon.az 2020