“Yaponiyada olmaq bu günə qədər mənə, birdən-birə bambaşqa bir dünyaya gəlmək, hər şeyi sıfırdan qazanmaq üçün saniyəbəsaniyə mübarizə etməyi öyrətdi.”

Abuzərova Firuzə. 2015-ci ilin oktyabr ayından Yaponiyadadır. O, ADU-nun (Azərbaycan Dillər Universiteti) “Regionşünaslıq və Beynəlxalq münasibətlər” fakültəsinin Yaponiyaşünaslıq ixtisasının 4-cü kurs tələbəsidir. Hazırda akademik məzuniyyətlə əlaqədar olaraq, təhsilini bir illik yapon dili praktikası üzrə Tokioda (“Labo Japanese Language İnstitute”) dil institutunda davam etdirir.

12822053_726422950827965_510261836_n
A.Firuzə. Moldovada çıxışı zamanı. 2015

Universitetdə orta qiymətlərlə oxuduğunu deyir. Ötən ilin may ayında Moldovada GUAM adlı yapon dili natiqlik müsabiqəsində iştirak edib və sertifikatla təltif olunub.

– Füruzə, salam. Bizim qar hələ gec əriyər. Sən necəsən?
– Salam yaxşıyam. Amma yazın istisi tez gəlsə lap əla olcağam. Fevral ayı bir az soyuq keçdi.

– Bunu bütün müsahiblərə soruşuruq. Niyə məhz Yaponiya?
– Çox uzaq məsafə və tamamilə fərqli mədəniyyət… Əslində başdan bu ixtisasa qəbul olmağı planlaşdırmamışdım. Ora qəbul olmağım təəccübləndirmişdi çünki birinci yazdığım ixtisas idi. Artıq qəbul olduqdan sonra öyrənməyə başladıqca marağım artdı. Çox inkişaf etmiş ölkə olduğunu dəfələrlə eşidib, kitablardan və s. oxumuşdum. “İnkişaf etmiş ölkənin insanları necə yaşayır” -, deyə düşünürdüm və bir də baxdım burdayam.

– Yaponiyaya gəlmək çətin olmadı ki? (Maddi, mənəvi?)
– Təbii ki, çətin oldu. Mənəvi olaraq, çətinliyim ilk dəfə ailəmdən bu qədər uzaqda və uzun müddətdə ayrı qalıram, tək yaşayıram. Digər tərəfdən, bura sırf öz gücümə gəldiyim üçün bir sıra çətinliklərdən keçdim.

12790049_726418840828376_950358887_o– Siz tək, xanım, 9 min km Vətəndən uzaqda… Təqaüd çatırmı? Bir tələbənin burada xərcləri nə qədər ola bilər və ya nəyə çıxır?
– Elədir ki, var. Kilometrlərlə uzaqda tək insan necə öz gücünə yaşaya bilər – bunu praktikadan keçirirəm və mən təqaüdsüz işləyərək bütün xərclərimi qarşılayıram. Əslində burda tələbə olub-olmamağımın bir fərqi yoxdur deyə düşünürəm. Bir insanın normal yaşayış xərcləri nədirsə məndə də o cür. Ev kirayəsi, sığorta, ərzaq, geyim və s.

– Gəzmək, salon?!
– Hamısı (gülür).

– İşləyirsən də… Çatdırırsanmı?
– Əsgər rejimində yaşayıram desəm yalan olmaz, yəni, hər gün səhər 6-da oyanıram axşam 20:00-a qədər çöldə… Dərsdən öncə işləyirəm, dərsə gedirəm və dərsdən sonra ev işlərim və sabahın dərslərinin hazırlığı… Burda tələbəyə həftədə 28 saatdan artıq işləmək olmaz. Mən də bu qayda çərçivəsində iki yerdə işləyirəm. Həftə sonları günortadan sonra əlavə baito edirəm.

– Onda Yaponiyada valideynlərin uşaqlarının uzaqda yaşamağına müsbət münasibətlərinə isti baxırsan?
– Mənfi deyil münasibətim amma mənə görə, ailə ilə yaşamaq daha gözəldir. Ailəmi yanımda istərdim.

Yaponiyaya gələndə qarşılaşdığınız ən böyük çətinlik nə olub?
– Əslində mən çox şanslıyam. Çünki həqiqətən heç bir çətinliyim olmayıb burda. Mən buraya gələndə həmvətənlərimiz çox dəstək oldular, xüsusilə, “AzərTac”ın Tokiodakı müxbiri Vüqar Ağayev və ailəsi öz ailəm qədər doğma oldular mənə. Onların sayəsində hər şey əla başladı və başladığı kimi də davam edir.

– Yaponlar soyuqqanlıymış… Yapon “dostlarla” aranız necədir?
– Yapon dostlarımla çox əla münasibətim var. Həqiqətən saf və dürüst dostluqları var. Onlarla vaxt keçirmək məni xoşbəxt edir. Mən düşünmürəm yaponlar soyuqqanlıdır. Bəli, aralarında qapalıları da var. Amma mənim ətrafımdakılar çox səmimidir.

– Yaponiyada yaşadığınız və ya şahidi olduğunuz hansı hadisəni danışmaq istərdiniz?
– İndi ağlıma gəlmir çox hadisə amma yadımdadır ki, bir dəfə yaşlı bir yapona qatarda yer verdim. Mən düşüb gedənə qədər bir dəqiqədən bir çox sağ ol deyib baş əyirdi.

– Səncə, Yaponiyada olmaq bütövlükdə sənə nə qazandırdı?
– Yaponiyada olmaq bu günə qədər mənə, birdən-birə bambaşqa bir dünyaya gəlmək, hər şeyi sıfırdan qazanmaq üçün saniyəbəsaniyə mübarizə etməyi öyrətdi və insanın bir şeyi sadəcə istəməsinin yetərli olduğunu öyrətdi ki, bu gün burdayam.

– Səncə, niyə Azərbaycanda gənclər istədikləri kimi yaşamır və ya istədikləri kimi yaşamadıqlarını düşünürlər? Sən hər ikisini sınamısan. Fərqləri nədə görürsən?
– Məncə, bizim gənclər sadəcə istəmədikləri üçün istədikləri kimi yaşamırlar. Əgər istəkləri uğrunda bir az çalışsalar, artıqlamasıyla istədikləri kimi yaşaya bilərlər. Məsələ təkcə düşünmək deyil, həm də hərəkət etməkdədir mənim təcrübəmdə.

– Azərbaycanda qalsan bunu anlaya bilərdin?
– Düşünürəm ki, vaxtında anladığım üçün indi burdayam.

– Əla! Bundan sonrasını harda və necə görürsən?
– Həyatı sadəcə qərar verməli olduğum yerlərdə bir anda düşünürəm. Bundan sonrasını daha çətin amma sonu uğurlu bir yerdə görürəm. Əslində, dəqiq heç bir planım yoxdur, sadəcə təhsilimi və təcrübəmi artırmağa davam.

– Vətənə nə vaxt qayıdırsan?
– Bu ilin sentyabrında İnşəallah.

– Yenə gəlməyi planlaşdırırsanmı?
– İlk fürsətdə mütləq.

– Əlavə demək istədiyin nəsə varmı?
– Bəli, məncə, hər kəs ən kiçik xəyalı üçün belə böyük riskləri gözə almalıdır, ailələr dəstək olmalıdır, mənim ailəm kimi. Onlara borcluyam hər şeyi. Heç nə asan deyil, asan olsaydı real olmazdı. Çünki asan əldə olunan şeylərin dəyəri də qısamüddətli olur, necə ki hekayədə oğlan öz zəhmətilə qazandığı pulu odun içindən əli yanaraq çıxardır. Amma atasından aldığı pulu oda atanda vecsiz bir şəkildə izləyirdi.

– Çox sağ ol. Uğurlar sənə. Vətənə xeyirli olasan.
– Siz sağ olun, çox xoş oldu mənim üçün.

Şəkillər xanımın şəxsi arxivindəndir.
Sevinc Nur © yapon.az 2016