Daim “ah bu yaponlar”, “yenə yaponlar”, “bunu yalnız yaponlar edə bilərdi” kimi ifadələri işlədənlərə daha bir səbəb, Hounen festivalıdır (豊年祭 – hounen matsuri). Yəqin ki, Yaponiyanın tarixi və mədəniyyəti ilə yaxından maraqlananlar yaxşı bilir ki, bu festival hər ilin mart ayının 15-də keçirilir. “Hounen” sözü “məhsuldar il” deməkdir. Heroqliflərin də mənasından anlaşıldığı kimi bu bayram məhsuldarlıq bayramıdır. Hounen (şintoizmə xas) bayramının ən coşqulu keçirildiyi yer Naqoya şəhərinin yaxınlığındakı Komaki əyalətidir. Festival günü şinto paradı təşkil edilir, kahinlər musiqi alətlərində ifa edir, mikoşi (御輿 – səyyar, portativ məbəd) üzərində 2,5 m uzunluğu və 280 kq ağırlığında kişi cinsiyyət orqanının (fallos – yun. Φαλλός) taxtadan hazırlanmış nümunəsini gəzdirirlər. Sözügedən mikoşi cüt illərdə Şinmei şa məbədindən, tək illərdə isə Kumano şa məbədindən şəhərin mərkəzi küçələrində gəzdirilərək Taqata məbədinə doğru aparılır.

Festival səhər saat 10:00-da Taqata məbədində başlayır, insanlara pulsuz sake verilir, fallos formasında suvenirlər və müxtəlif çərəzlər, yeməklər satılır.

Honen matsuri. Taqata məbədi.
Honen matsuri. Taqata məbədi.

Qeyd edim ki, ibadət obyekti fallos deyil, ilahə Tamahime-no mikotodur. Fallos öz xanımını ziyarət edən döyüşçü Take-ina-dane, Tamahime-no mikotonun ərini simvolizə edir. Yeni obyektin həyat qüvvəsini artırdığı güman edildiyindən hər il fallos bütöv sərv ağacından kəsilir.

Bu bayramlarda yaponlar həvəslə iştirak edirlər, hər il minlərlə turist də onlara qeyri-adi görünən bu festivalı işıqlandırırlar.

Qabil Əli © yapon.az 2014