“Həyatda hər şeyin açarı oxumaqda və səhvlər üzərində öyrənməkdən ibarətdir”

“Mən də artıq yaponları iri gözlü təsvir etməyə başlamışam”

Bu dəfəki müsahibimiz Sevinc Əliyevadır. O, 4 ildir ki (2018-ci il üçün) ailə vəziyyətinə görə Yaponiyada yaşayır. yapon.az`ın baş redaktoru və İdarə Heyəti üzvüdür. Ailəlidir, övladı var. yapon.az facebook səhifəsi və qısa anket sorğusundan əldə etdiyimiz suallarla ona müraciət etdik.

Salam necəsiniz? Ənənəmizə sadiq qalaraq, niyə Yaponiya, niyə Sapporo?
– Salam, yaxşı olasınız. Mənim hekayəm sevdiyim animeləri orijinaldan izləmək üçün dil öyrənməyi qərara almağımla başlamışdı… Öz təbiətini bilən biri kimi Sapporonu seçməyimiz təsadüfi deyildi. Yayda istirahət etmək istəyir insan. Sərin yay, təmiz hava, sakit ab-hava. İşləmək və oxumaq üçün ideal şərait. Yaponiyanın digər bölgələrində zəlzələ, sunami, bu o demək deyil ki, hər yerdə hər zaman zəlzələ baş verir, – dağıntılara və sunamiyə səbəb olur (lakin əksər tektonik şəhərlərdə zəlzələ çantası hazır vəziyyətdə saxlanılır), – isti rütubətli, nəfəskəsici iqlim var. Biz isə bura qısamüddətli səyahət üçün yox, yaşamağa və məqsədlərimizə çatmağa gəlirdik. Tərəddüdsüz buranı seçmişdik.

DSC_3056

Azərbaycanda yaşayan biri Yaponiyaya adaptasiya dövrünün sürətlənməsi üçün nə etməlidir? Yaşayışdakı əsas fərqlər nələrdir?
– Bura gəldiyim ilk gecə mənim üçün çox uzun və qorxulu idi. İlk dəfə ailəmdən bu qədər uzaqda idim. Səhər isə elə bilirdim bu küçələr elə illərdir gəzdiyim yerlərdir. Ele bil mən burda yaşamışam həmişə. Bunu sözlə ifadə etmək mümkün deyil. Mənim üçün adaptasiya elə də qorxulu olmadı. Hətta deyə bilərəm ki, 2 il sonra Azərbaycana qayıdanda zamana, havaya, hər şeyə uyğunlaşmaq daha çətin alındı. O ki qaldı fərqlərə, burda zaman ən önəmli faktordur. İnsanlar zamanlarının dəyərini bilirlər. Hər şey vaxtında baş verir. Burda hər kəs öz işini görür. Heç kimə mane olmur.

– Sizcə, Azərbaycanda niyə belə yaşamaq olmur?
– Çünki öhdəsinə düşən işi görən insan çox azdır. Üstəlik bir çox insan şikayətlənsə də eynilə həmin şeyləri edir. Etiraf edim ki, Azərbaycanda yaşayanda mən daim nəqliyyatda insanların özlərini aparması, küçələri zibilləməsi, insanların kinayə ilə “nə gözləyirsən, bura Azərbaycandır” deməsi, alış-veriş məkanlarında satıcıların müştəriləri rus dilində qarşılaması və geyiminə görə onlarla xoş davranmamasından, qayda-qanunları pozub başqalarından qaydalara əməl etməsini gözləməsindən, iş yerlərindəki sistemdən və saymaqla bitməyən bir çox əxlaq və ədəb məsələlərindən, qanunsuzluqdan şikayətlənmişəm. Amma şikayətlənməklə işlər bitmir, gərək özün də qaydalara əməl edəsən. Burada edənlər etməyənlərdən çoxdur və burada insanların beynini belə şeylər yormur.

Əksər hallarda nə Yaponiyada, nə Azərbayanda bir yerdə işləməklə normal yaşam ehtiyaclarını ödəmək olmur, elə deyil?! Hələ tələbə isəniz. Sistem elə qurulub ki, gec alınsa da nəyinsə alınacağına əminsiniz.

Qaz, su, işıq problemi yoxdur.

Yaponiyada bir azərbaycanlı olaraq yaşayıb oraya uyğunlaşmaq necədir? Yəni yeməklerinə də öyrəşmək olur?
– Bu, tamamilə insandan asılı olaraq dəyişən məsələdir. Bir çoxları Yaponiyanı sevirlərsə onun mətbəxini də sevirlər. Lakin mən öz mətbəximizə üz tuturam. Çöldə də yeyə biləcəyim qidalara üstünlük verirəm. Çünki bilirəm ki, nəyisə sifariş verib dadını bəyənməsəm ac qala bilərəm. Zənn edənlər olur ki, yaponlar ilan-qurbağa yeyir. Elə deyil. Təbii ki, dəniz məhsularına üstünlük var; tako (asminoq), ika (kalmar), ebi (krivetka), dəniz kirpisi, balıq gözlərindən qızartma… Lakin restoran, kafeyə daxil olmadan əyani menyuda hər şeyi görəcəksiniz. Heç nə yeməsəniz də, “kareage”, yəni qızardılmış toyuq əti, “qohan” dediyinizdə isə bişmiş düyü və ya “potaş” – qarğıdalı supu, “fried poteto”, satsumaimo (şirin kartof) bişmişləri tapa biləcəksiniz.

Bəs yaponlar sağlam qidalanmır? Yaponiya mətbəxində nəyi sevmirsiniz?
– Bəli, elə qidalar vardır ki, insan sağlamlığına xeyirlidir. Lakin ağız dadıma uyğun deyil. Məsələn, tofu. Lakin tərəvəz və ya salatsız yeməklər, qızartmalar, meyvənin baha olub mövsümündə yeyilməməsi, çərəz və göy-göyərtinin olmaması və ya baha olması… Sağlam qidalanma isə nəyi nə ilə yemək və gündə neçə dəfə, nə qədər yeməkdən asılıdır. Təbii ki, ərzaqların keyfiyyəti də önəmlidir. Mənim üçün Yaponiya yeməkləri əksər hallarda “oişiiso”dur, yəni dadlı görünür.

DSC_0509

Yaponiyada yaşamaq istəyənlər hansı istiqamətdə çalışmalıdır?
– İlk növbədə Yaponiyada necə yaşamaq istədiyinizi müəyyənləşdirilməlisiniz, tələbə və ya işçi və s., sonra ona gedən yolları araşdırmalısınız və daha sonra hazırlaşmalısınız.

Yaponiyada yaşamaq üçün aylıq gəlir təxmini nə qədər olmalıdır?
Yaponiyada hansı şəhərdə və necə yaşamaqdan çox şey asılıdır. Əgər siz özünüzü turist kimi aparıb hər gördüyünüzü alıb, daim səyahət etsəniz onda sizin üçün yaşayış şərtlərini qarşılamaq çətin ola bilər. Əgər qənaətcil və planlı insansanız onda bir nəfər üçün ayda 1500-1800 dollar civarında yetərli ola və hətta kənara qoyub özünüzə gözəl tətil planı hazırlaya bilərsiniz. Bu barədə yazı yazmışam daha öncə. Təbii ki, ailə ilə yaşamaq bütün tərəfləri razı salmaqdan ibarətdir.

Yaponiyada həqiqətən küçə adları yoxdur?
– Bəli, filankəs adına filan küçələr yoxdur, “co”, “çome”, “ku” və s. kimi ifadələrlə tez-tez rastlaşa bilərsiniz. Əgər ev hər hansı bir ailəyə məxsusdursa, onda ailənin soyadı tikilini göstərən ad kimi işlədilir. Məsələn, kita 7 nişi 11 Yamadamansion (北 7 西11 山田マンション ), yəni, şimal 7 qərbi 11 Yamada köşkü və s..

IMG_0391

Yaponiyada insanlar niyə küçədə itmiş ya da yerə düşmüş bir şeyə yaxın durmaqdan çəkinir, özlərini soyuq biri kimi biruzə verməkləri nədəndir?
– Düşünmürəm ki, bu, çəkinməklə bağlıdır. Tərbiyə və vərdişlərin nəticəsidir. Onlara başa salırlar ki, başqasının əşyasını götürmək yaxşı hərəkət deyil. Uşaqlıqda “yerdən heç nə götürmə”, “başqalarının əşyalarına əl vurma” eşidən insanlar üçün bu, normal haldır (şəxsən mən yerə düşən əşyaları götürən insanları anlamıram). Həm də empatiya ilə əlaqləlidir. Yəni, hər kəs itirdiyi əşyası üçün gün ərzində keçdiyi yerləri axtarır. Ona görə də “əşyanın sahibi mütləq narahatdır, axtaracaqdır” düşüncəsilə heç kim yerdə gördüyü əşyalara toxunmur və ya ayaq altından götürüb daha görünən yerə yerləşdirir. Yaponlar sadəcə ləng, astagəl, ehtiyatlıdırlar. Təbii ki, həmişə istisanalar var.

Yaponların qonaqlarla arası necədir?
– Yaponiyada qonaq getməzdən və gəlməzdən öncə mütləq “biz sizi ziyarət etmək istəyirik” tipli xəbərdarlıq edilir. Bir yapon isə elə də çox qonaq qəbul etmir. Onlar daha çox evdə deyil, restoran, kafe və s. bu kimi yerlərdə görüş təyin edə, sizi qonaq çağıra bilərlər. Məsələn, xarici dostlarının çox olmasına baxmayaraq, bir yapon tanışımızın evində yeganə xarici qonaq biz olmuşduq, ən azından 2015-ci ilədək bu, belə idi. Lakin adətlər eynilə bizdəki kimidir. Əgər bir yaponun evinə ilk dəfə getmisinizsə sizə mütləq hədiyyə verilir, məsələn, çiçək, bişirilən yeməklərdən sizə pay qoyulur və s..

IMG_1504

Yaponiyada xanımlara əks cinsin nümayəndələrinin münasibəti Azərbaycandakı xanımlara münasibətdən nə ilə fərqlənir?
– Bu barədə çox geniş müzakirə aparmaq və müxtəlif nümunələr əsasında fikir söyləmək olar. Ümumi təəssürat üçün deyim ki, burda biz türklərdə olduğu kimi qadın xandır, anadır, “müqəddəsdir” deyə bir düşüncə yoxdur. Açıq deyilməsə də, bəlkə heç müzakirə olunmasa da qadın elə qadındır, kişilərlə birgə cəmiyyətin bir fərdidir, lakin bütün sahələrdə yox. Məsələn, iş həyatında qadınları elə də önə çəkmir, onlara kapital qoymurlar. Çünki qadın ailə qurursa evdə uşağı ilə məşğul olmalıdır. Ona görə də ona xərclənən bütün vəsaitlər boşa gedə bilər.

Yaponiyada solaxay xanımlara (elə kişilərə də) yanaşma fərqlidirmi? Solaxay qadınlarla Yaponiyada evlənmirlər?
– Yaponiyada kişilərin solaxay qadınlarla evlənməyəcəyini düşünmürəm. Lakin qədimdə insanlar uzun müddət sol əlini istifadə edən uşaqlarının bu xüsusiyyətini dəyişdirməyə məcbur edirmiş. O zamanlar solaxay insanlar zəif hesab edilirmişlər. Şəxsən mən gənc tələbələr arasında solaxaya çox rast gəlirəm.

Yapolar övladlarına qadağalar qoymur? Övladınızı Yaponiya sistemi ilə tərbiyə etmək fikriniz varmı?
– Təbii ki, qadağalar var. Hətta əksər valideynlər uşaqların çevrəsini də özləri seçirlər. Əsasən yalan danışmamağı və məsuliyyətli olmağı, əmək sərf etməyi öyrədirlər. Valideynlərin əksəriyyəti siqaret çəkməyə qarşı daha konservartdırlar, lakin içkiyə yox. Bəziləri 20 yaşından öncə də içirlər. Lakin bir qayda olaraq əksər valideynlər evdə içməyin tərəfdarıdır, nəinki dostlarla yığıncaq və izakayalarda. Beləcə övladlar həmişə göz önündə olacaq. Yaponiyada əksər uşaqlar bilirlər ki, onlar oxumalı, valideynlərinin əməyinin qarşılığını verməli, onların tədrisə ödədikləri pulun qarşılığında yaxşı qiymətlər almalı, baitoda işləməli və pul qazanmalı, karyera qurmalıdır. Məktəblərdə və yuxarı sinifdən uşaqlar arasında əksər insanlarımızın düşüncəsi ilə desəm “tərbiyəsiz” heç nə görə bilməzsiniz. Bağça yaşından isə uşaqlar özləri qab-qacaqlarını, paltarlarını yığışdırmağı, ətrafı təmizləməyi öyrənirlər.

Yaponiyada iş tapmaq prosesi necedir? İxtisas üzrə deyil, hər kəsin işləyə bileceyi “part time” və ya “full time” işlər.
– Yaponiyada xarici vətəndaşların övladlarına dayəlik, kurs və ya kolleclərdə ingilis dili müəllimi, konbini (kiçik supermarket) və dükan, retoranlarda kassir və qarson və s. tipli arubaitolarda (saat hesabı) çalışmaq imkanı var. İş elanlarını “town work” tipli nəşrlərdən, – onlar köşklərdə, keçidlərdə pulsuz dərgi və bülletenlərin qoyulduğu yerlərdə olur, – mobil tetbiqetmələrdən, müəssisənin yanından keçəndə “işçi tələb olunur” elanlarından, dost-tanışlarınızdan və s. öyrənə bilirsiniz. Arubaitoların saatlarını, günlərini özünüz müəyyənləşdirirsiniz. Saatına görə də aylıq əməkhaqqınızı alırsınız. Yapon və əsasən də ingilis dilini bilsəniz kafidir.

Yaponiya şirkətində is tapmaq mümkündürmü. Bunun üçün nə etmək lazımdır?
– Yaponiyada şirkətlər hər il mart-aprel aylarından universitetlərə gedib özlərinə yeni məzun olmuş ya da məzun olmağa hazırlaşan tələbələrdən işçilər yığırlar. Adətən bizdə belədir ki, işçinin təcrübəsi əsas gütürülür. Yaponlarda isə düşüncə budur ki, əsas çalışqan, ağıllı və dürüst insan olsun, işləməyi isə iş prosesində onsuz da biz özümüz öyrədəcəyik. Ona görə də miqrant işçilərin bu sistemə girməsi bir az çətindir, amma burada məzun olmuş xarici tələbələr demək olar ki, asanlıqla iş tapa bilərlər. Bundan başqa, belə desək, iş mövsümündən kənar vaxtda da iş tapmaq olar, yəni mümkünsüz deyil. Lakin şirkətin tələblərinə əsasən (şirkətdən asılı olaraq) yaş da çox əhəmiyyətlidir. Məsələn, 30 yaşında biri artıq 25 yaşında müəyyən zirvədə olacağı halda hələ indi iş axtarırsa, onun  şansı çox azdır.

Yaponiyaya səyahət zamanı “görmədən qayıtmayın” dediyiniz hansı küçələr, tarixi yerlər və yaxud qeyri-adi yerlər var?
– Xeyr, xüsusi təklifim yoxdur. Bu, zövq məsələsidir. Mənim üçün nimdaş əşyalarla dolu, tarixi əks etdirən instənilən məkan maraqlıdır. Təbiət isə hər yerdə eynidir. Səyahət edərkən “Google map” və də yaşadığınız şəhərin “guide” internet səhifələrini və ya turist informasiya məkanlarını ziyarət etməyiniz kafidir. Tarixi məkanları sevirsinizsə Kioto, Osaka, Kobe, Naqoya kimi qədim və ya digər məşğuluiyyətlərlə maraqlanırsınızsa (texnologiya və əyləncə) Tokio ya da ətraf şəhərləri seçmək olar.

Yaponiyaya gələndən sonra nəsə adiləşdi?
– Animelər adiləşdi. Orda təsvir olunan məkanlar eynilə həyatda var. Mən də artıq yaponları iri gözlü təsvir etməyə başlamışam, elə bilirəm gözləri qıyıq deyil 😀 .

Doğrudan, Yaponiyada yaşamış biri olan başqa yerdə yaşaya bilmir?
– Böyük ehtimal xaricdə yaşayanların əksəriyyətinin Azərbaycanda yaşamağı çətinləşir. Amma Yaponiya hava limanına çatanda belə siz artıq fərqi hiss edirsiniz. Mədəniyyət, xidmət. Burda kimsə sizinlə kobud davrana bilməz. Siz özünüzdən çıxıb kobudluq etsəniz belə işçi son ana qədər öz təmkinini saxlayacaqdır.

Yaponiyada sevmədiyiniz nəsə varmı və ya çox sevdiyiniz?
– Ən sevdiyim dəqiqlikdir. Bircə xəstəxada çox gözləmə olur. Bir də körpəsi olan bir ana hər an ona süd verə biləcək məntəqə tapa bilir. Sevmədiklərim barədə ayrıca yazım olacaq, söz verirəm.

Yapon dili öyrənməyin bizim ölkədə nə kimi üstünlüyü var?
– Ümumiyyətlə, hər hansı dili bilmək həmin dildə ədəbiyyatı orijinaldan oxumaq, həmin dilin daşıyıcılarının mədəniyyətini bilmək deməkdir. Hər bildiyiniz dil yeni insanlar tanımaq və onlarla ünsiyyət qura bilmək deməkdir. Lakin sırf “əməyimin bəhrəsi nə olacaq” deyirsinizsə, yapon dili Yaponiyada lazımlıdır və mütləqdir. Bizim ölkədə minimum tərcüməçi kimi işləmək imkanı verir. Digər üstünlükləri yaratmaq da hər kəsin öz əlindədir.

Azərbaycanda nələri tətbiq etmək lazımdır ki Yaponiya kimi inkişaf etmiş ölkə olsun və bu proses nə qədər vaxt alar?
– Mənə görə, Yaponiyanın inkişafının əsasında “özünü sevmək” dayanır. Yaponiya başlarda Qərbdən öyrəndiyi hər şeyi tətbiq etmək, kobud desəm, Çindən fərqli olaraq daha yaxşı “kopyalamaqla” başlayıb. Hazırda Yaponiyada daxili bazarın çox hissəsini yerli məhsullar təşkil edir. Yerli şirkətlər xarici təcrübədən yararlanaraq daxili bazarı təmin edə biləcək keyfiyyətli məhsul istehsal etməyə başladıqdan sonra ixracata keçiblər. Xarici şirkətlərə isə ölkədə tariflər tətbiq edilir. Yəni ki, dövlət özəl sektora dəstək olmalıdır. Özəl sektor rəqabətədavamlı məhsulla daxili bazarı təmin etdikdən sonra xarici məhsulların ixracatı azaldılmalı və bu bazarda mal satmaq istəyən xarici şirkətlərə tariflər tətbiq edilməlidir. Bu o demək deyildir ki, hər şey hakimiyyətin əlində cəmləşməlidir. Qanunlar hamı üçün işləməlidir, sistem isə insanlara. Düşüncədə inqilab baş verməldir. Bu gün Azərbaycanda nə qədər dünyagörüşlü gənclərin olduğunu düşünsəm belə, gəl ki yaşıdlarım arasında da ailə, insan münasibətlərinə verdiyi dəyərə baxanda, əsasən də, çoxluq təşkil etdiyini görəndə heyfslənirəm. Biz “çevrəmizdə yoxdur” deyib keçsək və də sussaq həllini tapmayan bütün məsələlər gələcəkdə övladlarımızın qarşısına çıxacaq… Yaponlar millətçidirlər, lovğa deyillər. Yalnız “mənim” düşüncəsi ilə deyil, gərək “bizim” düşüncəsilə yaşamağı öyrənək. Atom bombası atılmaqla insanlığa zidd bir taleh ilə üzləşən millət, bildi ki, o yaşamalı və “atom bombasını ölkəsinə atdıran hərəkətlərinə” görə ömür boyu ləkə daşımamalıdır. Onları hamı sevməlidir… Vaxt məsələsi düzgün istiqamətdə görüləcək işlərin tezliyindən və effektivliyindən asılıdır.

– Yaponiyada həyat çətindir yoxsa Azərbaycanda?
– Hər birinin öz çətinliyi vardır. Təbii ki, xaricdə yaşamaq asan deyil.  Adı üstündə bura xaricdir, siz də xarici…

DSC_0240.jpg

yapon.az sizin üçün nədir? yapon.az`ın gələcəyini necə görürsünüz?
– yapon.az əməkdir. Elə vaxt olub ki sağ əlimlə başqa iş edib, sol əlimlə araşdırma hazırlamışam. yapon.azı bir tərəfdə kitabxana, bir tərəfdə kurs, tədbir, festivallar məkanı, manqa və anime nəşrlərinin redaktəsi, yerli manqalar, lisenziyalı animelərin dublyajı və s.-ni bir arada sığdıran böyük bir mərkəz kimi xəyal edirəm. Bütün bunlar üçün isə ortaq məqsədləri olan güclü komandaya, gənclərə, onların təmənnasız əməyinə ehtiyac var. İndiyə kimi şəxsi maddi imkanlar, əmək, göz nuru ilə işləmişik və bizə təmənnasız dəstək olub sıralarımıza qatılan hər kəsə təşəkkür edirəm. Heç kim və heç nə əbədi deyil. İstərdim ki gördüyüm işləri təhvil verəcəyim gənclər çox olsun.

yapon.azın izləyicilərinə nə sözünüz var?
– Xaric əlçatmaz deyil. Xarici gözünüzdə böyütmək də lazım deyil. İnsanlar etmək istədiklərini müəyyənləşdirib, onları həyata keçirmək üçün hərəkətə keçəndə, əziyyət çəkəndə hər şey alınır. Uğurlu olduğunu düşündüyünüz hər kəs buna asanlıqla çatmayıb. Həyatda hər şeyin açarı oxumaqda və səhvlər üzərində öyrənməkdən ibarətdir. Özünüzü sevin! Lakin yalnız özünüzü düşünməyin. Özünüzə təndiqi yanaşmağı bacarın. Səhvlərinizi görün! Başqalarının uğursuzluqları üzərindən uğura getməyin. Həyatı sevin! Öz gücünüzə inanın. Ən əsası komandada işləməyi öyrənin. İşləyin, enerjinizi vaxt öldürməyə yox, hansısa məqsədə yönəldin və hər şey mümkün olacaq!

– Vaxt ayırdığınız üçün təşəkkürlər.

– Siz sağ olun.

Şəkillər müsahibin şəxsi arxivindəndir.
© yapon.az 2018