Yaponiyada inanclar əsasən ölüm, ölülər, onların ruhları ilə bağlıdır. Bu barədə yaponlar olduqca həssasdır. Yazımda bəzi marağıma səbəb olan və də ölkəmizdəki inanclara bənzər, yaxud eyni olanlar haqqında məlumat vermək istəyirəm.

Yəqin ki, hamınız eşitmisiz ki, qarşıdan qara pişik keçəndə yolu dəyişmək lazımdır, çünki nəsə xoşagəlməz hadisə ola bilər. Yaponiyada da qara pişiklə bağlı inanc eynidir.

Sizi bilmirəm, mən böyüklərimizdən həmişə eşitmişəm ki, gecələr dırnaq kəsmək olmaz. Yaponiyada da belə bir inanc var və o belə səslənir;.

夜 に爪 を切っては いけない ⌈yoru ni tsume o kitte va ikenai⌉ – Gecə dırnağı kəsmək olmaz.

Belə hesab olunur ki, gecə dırnağın kəsilməsi ömrün qısaldılmasına səbəb olur. Bundan başqa, gecə dırnaqlarını kəsən insan valideynləri həyata əbədi gözlərini yumanda onların yanlarında olmayacaq. Göy yerdən ayrılacaq, bütün fövqəltəbi qüvvələr əlbir olub çalışacaq ki, valideynlər son nəfəsini verəndə insan onların yanında ola bilməsin. Bir çox yapon həqiqətən də buna inanır.

.

家の蜘蛛を殺してはいけない ⌈ie no kumo o koroşite va ikenai⌉ – Evdə hörümçəkləri öldürmək olmaz.

(Fikir vermisinizsə, evdə rastlaşdığımız hörümçəklər adətən iki cür olur, biri qorxulu görünməyənlər (hətta mən onları sevimli, şirin adlandırardım), biri də uzun ayaqlı qorxulu görünənlər.) Bizdə eşitmişəm ki, sizə tərəf gələn, hətta üstünüzə dırmaşan ev hörümçəyini (məhz o şirin görünənləri) öldürmək olmaz, onlar sizin yanınıza gəlirsə deməli şad xəbər gətirib. Yaponlar isə hesab edir ki, evdəki hörümçəklər artıq bu dünyadan köçmüş ulu baba və nənələrin evi qorumaq üçün yenidən bu dünyaya göndərilən ruhlarıdır. Ona görə də onlar divarlarda istədikləri kimi gəzir, ətrafa baxır və evi qoruyurlar. Əgər onları öldürsəniz o biri həyatda öz qohumlarınızla görüşə bilməyəcəksiniz.

.

夜 に口笛を吹くと蛇がくる ⌈yoru ni kuçi fuevofuku to hebi qa kuru⌉ – Əgər gecə fit çalsanız ilan gələcək.

Bu inancın qədim tarixi var. Belə ki Edo dövründə bədənini satan qadınlar məhz bu xüsusiyyətlərini bildirmək üçün fit çalarmışlar. Bu “siqnalla” qarşı cinsin nümayəndəsi həmin gecəni o qadınla keçirə biləcəyini anlayardı. Təbii ki, belə qadınlar elə gecələr fit çalardılar. Olurdu ki, uşaqlar və ya bundan xəbərsiz gənc xanımlar fit çalmağa qibtə ilə yanaşır və təkrar edərdilər. Bu cür vərdişi tərgitmək məqsədilə uşaqları qorxutmaq üçün bu formada hekayət uydurulub. Xüsusilə də qızlar üçün… Əgər onlar gecə fir çalarsa, ilan gələcək və onları özləri ilə aparacaq.

Bu arada, “qorxulu bədheybətin” ilan adlandırılması təsadüfi deyil, səbəsi məhz kişi cinsiyyət orqanı ilə oxşarlıq təşkil etməsidir.

.

寝言と会話してはいけない ⌈neqoto to kaiva şite va ikenai⌉ – Yuxuda olan biri ilə danışmaq olmaz.

Yaponlar inanır ki, yuxuda danışan adamla söhbət etsəniz o, bir daha oyanmayacaq. Yuxuda eşitdiyi səs onu geri qayıtmağa qoymayacaq.

.

新しい靴を部屋から履いて外へ出てはいけない ⌈ataraşī kutsu o heya kara haite soto e dete va ikenai⌉ – Yeni ayaqqabını otaqda geyinib çölə çıxmaq olmaz.

Yeni ayaqqabını mütləq dəhlizdə (Yaponiyada evlərdə giriş iki hissəyə ayrılır, evin özünə birləşik olan və bir pillə aşağı hissə, adən smentlənmiş) geyinməlisiniz. Çünki Yaponiyada yalnız ölüləri geyindirib-keçindirib elə çölə aparırlar.

Sevinc Nur © yapon.az 2016