Dünyanın ən qədim otelinin 1000 ildən çox yaşı var

Yaponiyanın belə müəssisələrində indi də sələflərinin nəsillərdir davam edən eyni vəzifəsini yerinə yetirənlər var…

Tarixi məkanları sevən biri kimi onun haqqında eşidəndə nə hiss etdiyimi necə çatdıracağımı bilmirəm. Lakin onu görmək istərdim, bunu yaxşı bilirəm və istirahət üçün oranı seçənləri çox gözəl başa düşürəm. Sadəcə maraq naminə oteldə qalmaq üçün arayış verdim və boş yer tapmadım;

Screenshot_2015-07-16-01-06-19

Tarixi sənədləri incələyəndə heyrətamiz faktlar meydana çıxır: Sengoku dövrünün (“Döyüşən dövlətlər”) hərbi lideri Takeda Şingen, Tokuqava İeyasu, Yaponiyanı idarə edən Şoqunatın ilk nəsli və digər məşhur samuraylar bu isti bulaqlarda istirahət ediblər. Otelin bugünkü qonaqları da eynilə həmin isti bulaqlardan istifadə edirlər. Yaponiyadasınızsa, imkan və şəraitiniz buna icazə verirsə özünüzü samuray kimi hiss etmənin tam vaxtıdır…

Nişiyama Onsen Keiunkan (və ya 西山温泉慶雲館) Yaponiyanın Hayakava, Yamanaşi prefekturasında yerləşən isti bulaqlarla zəngin istirahət məkanı – ryokandır (旅館). Ryokan Yaponiyanın milli otelləridir. Yaranma dövrü Edo (1603-1868) hesab olunur. Belə ki, həmin dövrdən məhz otellər Yaponiyanın əsas baş yolları ətrafında qurularaq səyyahlara (yolculara) xidmət göstərməyə başlayıblar.

Nişiyama Onsen Keiunkan nə az, nə çox, düz 1310 ildir ki (2015-ci ilə görə) fəaliyyətdədir. Əsası eramızın 705-ci (bəzi mənbələrdə 703-cü il) ilində qoyulan otel dünyanın ən qədim şirkətlərindən biridir. 2011-ci ildə otel rəsmi olaraq dünyanın fəaliyyətdə olan ən qədim oteli kimi Ginnesin Dünya rekordlar kitabına düşüb. Yaradıldığı vaxtdan günümüzə kimi eyni ailədən (varislər də daxil olmaqla) 52 nəsil tərəfindən idarə olunub.

Ümumiyyətlə, dünyada formalaşan hazırki iri şirkət və holdinqlərin yaranmasından 100 illər əvvəl Yaponiyada məhz ailələr tərəfindən (nəsildən nəslə keçən) idarə olunan müəssisələr olub və var. Hətta elə əməkdaşlar var ki, indi də sələflərinin nəsillərdir davam edən eyni vəzifəsini yerinə yetirirlər. Atadan oğula, nəvəyə və s. Onlar ailələri və özləri üçün pul qazanırlar, təbii ki, yüksək keyfiyyətli xidmət müqabilində. Bu ənənənin riayət olunaraq yaşadılması, məncə, pərəstişə layiqdir.

Yaponiya haqqında filmləri izləyənlər, animeləri sevənlər bunu görüblər, bəlkə inanmayanlar da olub və ya bu haqda heç düşünməyənlər də. Lakin bu, bir həqiqətdir. Yeganə səbəb isə, həmin müəssisələrdə çalışan şəxslərin “yuxarılarda” gözünün olmamasıdır. Onların ambisiyaları idarə heyəti, idarə edən zümrə, vəzifəli olmağa can atmaqdan uzaqdır. Daha doğrusu, onların vəzifəsi var, lakin sahibkarın ola biləcəyi vəzifədən deyil. Onları birləşdirən dəyər ən yaxşı xidmət göstərməklə ümumi pul qazandıqları məkanı müdafiə etməkdir. Məkanın, ailənin adını yüksək tutmağa xidmət etməkdir. Bu istək və arzu nəinki şəhər, ölkə, elə bütün dünyanın xidmət sahəsinin marağına səbəb olur.

Mən öz seçimimi deməyəcəyəm, özünüz qərar verin hansı yaxşıdır…

Şəkil ubr.ua`dandır.
Sevinc Nur © yapon.az 2015