Dünyanın hər yerində insanların hadisələrə və münasibətlərə oxşar yanaşmaları vardır. Örnəyin, dünyaya yeni gələn körpələri “təhlil” edərkən Azərbaycanda yaşlı və orta nəslin nümayəndələri daha çox onun çəkisinə fikir verir. Əgər körpənin çəkisi çoxdursa, deməli, hər şey yaxşıdır. Çəkinin çox olması məhz nəyin yaxşı olduğundan xəbər verir deyə bilmərəm, ümumiyyətlə, bu, başqa yazının mövzusudur, yaponlar arasında isə bu, müzakirənin obyekti məhz körpənin burnudur. Hətta gənc atanın yeni doğulan körpəsi üçün uşağın anasına “bizim qızın burnu onlarınkı kimi dik deyil” iradını bildirməsini də eşitmişəm. Şəxsən mənə qəribə görünən bu hal onlar üçün yad və ya tanış birinin körpəsini görər-görməz ayaqüstü müzakirəsinə səbəb olan adi haldır. Yəni orta yaşlı istənilən qadın burnu yastı olmayan köpəni əzizlər və ya “şanına təriflər yağdırmaq” istəyərsə birinci onun burnunun dikliyini önə çəkəcək. Daha sonra gözlərə və s., daha sonra isə uşağın kimə oxşadığını dilə gətirəcəkdir…

Demə yaponlar yastı və enli burunu sevmirlər. Kim burnunu bəyənmirsə onu əməliyyatla (silikonla) böyütdürür, yəni, dik etdirir. Avropalıların və ya istənilən xaricinin burnunun dikliyi yaponlara gözəl, yaraşıqlı görünür. 

Bu arada, biz danışıqda adətən, uşaq və ya körpə kəlməsini istifadə edərkən onları fərqləndirmirik. Lakin yaponlar yeni doğulan uşaqlar üçün mütləq 赤ちゃん (akaç(y)an) sözünü istifadə edirlər.

Sevinc Nur © yapon.az 2015