Bu janrda hər hansı bir rəsm görən kimi Yaponiya haqqında az-çox məlumatı olan hər kəs bilir ki, söhbət məhz bu ölkədən gedir. Yəni, təsviri incəsənətdən baş çıxarmasa da olar. Demə üslubun adı ukiyo-e imiş.

"Tokaydo yolu, Kanayadan Fuci" (東海道金谷の不二 /Tokaydo Kanaya no Fuci) "Fuci dağının 36 (36+10) görünüşü", list 45. Katsuşika Hokusai (葛飾 北斎). Vikipediya - elektron ensiklopediya.
“Tokaydo yolu, Kanayadan Fuci” (東海道金谷の不二 /Tokaydo Kanaya no Fuci) “Fuci dağının 36 (36+10) görünüşü”, list 45. Katsuşika Hokusai (葛飾 北斎). Vikipediya – elektron ensiklopediya

Ukiyo-e (浮世絵) “dəyişən dünyanın təsviri” – Yaponiyada Edo dövründə inkişaf edən təsviri incəsənətdə istiqamətdir. Ukiyo-e hərfi tərcümədə “üzən dünya” buddist termini “kədər dünyası”nın omofonudur (fonotek omonim – eyni cür eşidilib, lakin fərqli yazılan və başqa mənaları ifadə edən sözlər).

Ukiyo-e üslubunda qravüra Yaponiyada ksiloqrafiyanın (qədim yunanca ξύλον “ksilo” “ağac” deməkdir. Taxta bloklarla çap üsuludur.) əsas növüdür. İncəsənətin bu növü Edo (müasir Tokio) şəhər mədəniyyətinin inkişafı ilə XVII əsrin II yarısında populyarlaşmağa başlayıb. XVII-XIX əsrlərdə geniş yayılan janra üstünlük verən rəssamların qravüralarının mövzusunu əsasən, gözəl qadınlar – geyşalar, kabuki, sumo güləşçiləri, tarixi hadisələr və xalq nağıllarından səhnələr, peyzaj, səyahətlər, flora və fauna, erotika təşkil edirdi. Yəni, daha çox gündəlik həyat və o dövrün ədəbiyyatında əks olunan mövzular öz əksini qravüralarda tapırdı.

Ukiyo-e üslubu XVI əsrin sonunda urbanizasiya dalğası nəticəsində meydana çıxıb. Edo şəhərinin mərkəzə çevrilməsi ilə burada tacirlər və kiçik sənətkarlar sinfinin yaranması müşahidə olunurdu. Beləliklə, onlar hekayə və ya povestlər yazır və əsərləri rəsmlərlə tərtib edirdilər. Belə kolleksiya ehon (絵本) yəni, şəkilli kitab adlanırdı. Kitablardan biri kimi 1608-ci ilə aid “İse monoqatari”ni (“İse haqqında povest”, müəllif Honami Koetsu) nümunə göstərmək olar.

Sonralar qravüraları sərbəst şəkildə əsər kimi (kakemono (掛け物)vertikal şəkildə asılmaq üçün kağız və ya ipəkdən hazırlanan rulon) və ya kabuki teatrı üçün afişa kimi çap etməyə başladılar.

Ukiyo-enin banisi Hişikava Moronobu (菱川 師宣) hesab olunur.

İlk vaxtlarda qravüralar ağ-qara rənglərdə olurdu. Yalnız mürəkkəb/tuşdan istifadə edilirdi. XVIII əsrin əvvəllərindən başlayaraq bəzən qravüralar əllə fırçalar vasitəsilə rənglənirdi də. Lakin Suzuki Harunobu (鈴木 春信) təsviri kağızdan əlavə, parça üstünə də sala bilmək üçün (nisiki-e (“parça şəkillər”) və ya edo-e) çoxrəngli çap texnikasını yaratdı.

Ukiyo-e kütləvi yayım imkanına və ucuz başa gəlməsinə görə geniş auditoriyanın istifadəsinə keçdi. Demək olar ki, əsasən bahalı şəkil ala bilməyən əhali üçün nəzərdə tutulmuşdu.

1868-ci il Meici inqilabından sonra ukiyo-e tədricən dəbdən düşməyə başlayır. Bunun əksinə isə, Amerika və Avropada ukiyo-e qravüralarıi məşhurlaşmağa başlayır. Yapon qravüraları kubizm, impressionizm üslubunda işləyən rəssamların, eləcə də, postimpressionistlərin ilham qaynağına çevrilir (Vinsent Van Qoq, Klod Mone və b.). Qərb təsviri incəsənətində bu fenomen yaponizm adlanır.

Ukiyo-enin janrlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

  • Bicin qa (美人画 – “gözəl şəkil”) – gözəllərin təsviri;
  • Yakusya-e – məşhur teatr aktyorlarının portretləri;
  • Şunqa (春画 “bahar şəkilləri”) – erotik qravüralar (Çində yaranıb);
  • Kaço-e ( 花鳥絵), Kaço-qa (花鳥画) – “güllər və quşlar haqqında şəkillər”;
  • Fukey-qa – peyzaj;
  • Muşya-e – məşhur samurayların təsviri.
"Çay dəstgahı", Toyokuni II (Toyoşige). XıX əsr. Mənbə: spurlock.illinois.edu
“Çay dəstgahı”, Toyokuni II (Toyoşige). XıX əsr. Mənbə: spurlock.illinois.edu

Prosesin özü…

Ukiyo-enin yaradılması prosesində rəssam, oyan (qravüraçı) və çapçı (qrafiken) iştirak edirdi. Rəssam nazik kağız üzərində şəklin ilkin variantını hazırlayır, qravüraçı isə onu üzü şümşad, albalı, armud ağacından əldə edilən taxta lövhə üzərinə olmaq şərtilə yapışdıraraq, kağızın ağ qalan hissələrini əhatə edən yerləri kəsir və oyurdu. Beləcə, ilkin çap variantı əldə edilirdi. Lazım olan rəngləri əldə etmək üçün isə bəzən 30-dan çox çap variantı hazırlanırdı. Rəng üçün isə bitki və mineral mənşəli boyalardan istifadə olunurdu.

Linkdəki videonun yazıdan daha çox nəsə öyrədəcəyinə əminəm. Ona görə də onu izləməyi unutmayın.

Sevinc Nur © yapon.az 2015