Ayu Yoşiyuki ilə tanış olmadan öncə mənasız həyat yaşayırdı… Onun həyatının dönüş nöqtəsi, tez-tez gördüyü qoca qadın ilə tanış olduqdan sonra başladı.

  • “Dərin məhəbbət: Ayu`nun hekayəsi”
  • Yapon dilində: 深い愛/アユの物語
  • Yayım kanalı: Tokio TV
  • Seriya sayı: 13
  • Efirə başlama vaxtı: 01.10.2004
  • Efir zamanı: cümə günləri saat 01:30
  • Filmin mövzusu, janrı: sevgi, dram
  • Dil: Yapon dili
  • Ölkə: Yaponiya
  • Baş rollarda:  Ayu – İvasa Mayuko, Yoşiyuki – Furuya Keita

Film haqqında

Ayu Yoşiyuki ilə tanış olmadan öncə mənasız həyat yaşayırdı. Çünki o, hələ gənc olmasına baxmayaraq, fahişə idi. Onun həyatının dönüş nöqtəsi, tez-tez gördüyü qoca qadın ilə tanış olduqdan sonra başladı. Qoca qadın Ayu`nun həyatını dəyişməklə yanaşı, həm də ona həyatın mənasını öyrətdi. Ona tez-tez öz nəvəsi Yoşiyuki`dan bəhs edirdi. Yoşiyuki`ni görmək həvəsində olan Ayu ağlına belə gətirə bilməzdi ki, Yoşi onun həyatının sevgisi olacaq.

Qısa müddətdən sonra qoca qadının ölümündən sarsılan Ayu Yoşiyuki`ni tapmağı və qadının mirası kimi onun qayğısına qalmağı özünə borc bilir. Çox az vaxt ərzində bir-birinə dəlicəsinə aşiq olan Ayu və Yoşiyukinin xoşbəxtliyi çox çəkmir. Yoşiyuki`nin atası bu, sevgiyə qarşı çıxır və onların görüşməsinə maneə olur.

Hadisələr isə, bununla bitmir. Sevgilisinin ürək xəstəliyi olduğunu öyrənən Ayu gecə-gündüz işləyərək pul yığmağı bacarır. Bütün pulu atasına versə də, atası həmin pulu oğlunun əməliyyatına deyil, öz əyləncəsinə xərcləyir. Yoşiyuki`nin ölüm ilə üz-üzə dayandığını bilən çarəsiz Ayu öz andını pozub, yenidən fahişəlik edir. Əməliyyat üçün kifayət qədər pul yığdıqdan sonra o, Yoşiyuki`nin öz sağlamlığına qovuşmasına nail olur.

Lakin aramsız fahişəlik edən Ayu hepatit xəstəliyindən yolun ortasındaca yıxılır və həyatı ilə vidalaşır.

Əməliyyatdan sonra Ayu`nu axtaran Yoşiyuki`nin başına nə gəlir?! Ayu haqqında bütün həqiqətləri biləcəkmi?! Həyat haqqında düşüncələri alt-üst edən bu filmə baxmağınızı məsləhət görürəm.

Gülşən Cabbarlı © yapon.az 2015