Bu yazımda ABŞ-da olmuş ilk yaponlardan olan Con Mancirodan və ya Yaponiyada tanınan adı ilə Nakahama Mancirodan bəhs edəcəm.

XIX əsrin II yarısına kimi Yaponiyadan nəinki ABŞ-a, hətta digər ölkələrə gedənləri ölüm cəzası təhlükəsi gözləyirdi. Mancironun ABŞ-a gedişi də tam təsadüf nəticəsində olub.

Nakahama Manciro

Tosa əyalətinin Nakanohama kəndindən (hazırda Koçi prefekturasında yerləşir) adi balıqçı olan Manciro 1841-ci ildə 14 yaşında olarkən 4 dostu ilə birlikdə balıqçılıq edərkən qayıqları Torişima adası yaxınlığında qəzaya uğrayır. Bu zaman bəxtləri gətirir: kapitan Uilyam Uitfildin başçılığı altında üzən və balina ovu ilə məşğul olan John Howland gəmisi onları xilas edir və Havay adalarına gətirir.

Uilyam Uitfild

Dostları Honoluluda qalsalar da, Manciro fürsəti dəyərləndirmək qərarına gəlir və gəmidə qalmağı xahiş edir. Kapitan onu ABŞ-a gətirib qonşusu Ebenezer Akinə əmanət edir. Manciro Massaçusetts ştatının Feyrheyven şəhərində Oksford məktəbinə daxil olaraq 1 il ərzində ingilis dilini və naviqasiyanı öyrənir. Çəlləkqayırmanın sirlərinə də yiyələnən Manciro Uitfildin köməyi ilə balina ovlama gəmisi Franklində işə düzəlir. Kapitan İra Deyvisin başçılığı altında Cənub dənizlərindəki balina ovlarından sonra gəmi 1847-ci ilin oktyabrında Honoluluya çatır və Manciro yenə köhnə 4 dostu ilə görüşür (heç biri ölkəsinə qayıda bilməmişdi).

Kapitan Deyvis xəstələnməsinin ardından Manilada gəmidən ayrılır və gəmi özünə yeni kapitan seçir, Manciro isə qarmaqçı vəzifəsinə yiyələnir. Gəmi 1849-cu ilin sentyabrında Massaçusetts ştatının Nyu-Bedford şəhərinə qayıdır. Səyahətin sonunda Manciro 350 dollar qazanır. Bundan sonra Manciro dənizdən uzaqlaşıb Kaliforniyada qızıl axtarışlarına qatılır. 1850-ci ilin mayında San-Fransiskoya gəlir və Sakramento çayında bir buxarlı qayıqla dağlara yönəlir. Bir neçə ay ərzində 600 dollar qazanır və Yaponiyaya qayıtmağa qərar verir.

Manciro Honoluluya gəlir və köhnə dostlarından 2-si onla gəlməyə qərar verir (bir dostu bunu riskli hesab etmişdi, o birisi isə artıq ölmüşdü). O, Adventure adlı balina ovlama gəmisi satın alır və 17 dekabr 1850-ci ildə yola düşür. 2 fevral 1851-ci ildə Okinava sahillərinə çatanda onların 3-nü də həbs edirlər, lakin onlara nəzakətlə davranırlar. Aylarla davam edən sorğu-suallardan sonra nəhayət Naqasakidə azad edilirlər və Tosaya qayıdırlar. Yerli daymyo Yamaquçi Toyoşiqe hətta onlara pensiya da verir. Manciroya isə kiçik rəsmi vəzifə verilir.

Metyü Perrinin Yaponiyaya gəlişinindən sonra Tokuqava şoqunluğu əl-ayağa düşür. 1853-cü ilin sentyabrında Mancironu Edoya çağırırlar və ona hatamoto statusu (şoqunluğun birbaşa tabeliyində olan samuray) verirlər. Bundan sonra ancaq hökumətə məlumatlarını çatdıracaqdı. Yeni statusundan sonra 2 qılınc gəzdirməli və soyad almalı idi; yaşadığı kəndin adına əsasən özünə Nakahama soyadını seçir.

Manciro öz səyahətlərinin detallarını şoqunluğa verdiyi hesabatda vermişdi. Hazırda bu hesabat Tokio Milli Muzeyində saxlanılır. Yaponiyada izolyasiya dövrünün başa çatmasından sonra o, şoqunluğun vacib tərcüməçilərindən olur, həmçinin Kanaqava müqaviləsi haqqındakı danışıqlarda iştirak edir. Lakin işləri bununla da bitmir. 1860-cı ildə ABŞ-da göndərilən ilk Yaponiya nümayəndəliyində o da iştirak edir və tərcüməçi olur. İzolyasiya səbəbilə heyət az təcrübəli olduğundan fırtına zamanı kapitan da daxil olmaqla bir çox heyət üzvü xəstələnir, Manciro isə gəmini limana çatdıra bilir.

Tokio Milli Muzeyində saxlanılan hesabat

1870-ci ildə Fransa-Prussiya müharibəsi zamanı Manciro Avropada hərbi elmlər üzrə təhsil alır və ABŞ vasitəsilə Yaponiyaya qayıdır. Onu Vaşinqtonda da qəbul edirlər. Feyrheyvendə mənəvi atası Kapitan Uitfildi ziyarət etdikdən sonra Tokio İmperiya Universitetində professor olur.

Manciro öz təcrübələri ilə yeni-yeni dirçələn Yaponiyaya bir çox töhfəsini vermişdi. Qərb gəmiqayırma biliklərindən istifadə edərək şoqunluğa müasir donanma qurmaqda kömək etmişdi. İngilis dili, balina ovu texnikaları və dənizçilik taktikaları haqqında dərslər vermişdi. Yaponiyanın ilk qərb stilində olan döyüş gəmisi Şohey Marunun tikintisində töhfələri olmuşdu.

Manciro 3 dəfə evlənmiş və 7 uşağı olmuşdu. Ən böyük oğlu Toyçiro 1918-ci ildə Feyrheyvenə samuray qılıncı bağışlamışdı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarla müharibədə olduğu dövrdə belə qılınc şəhərdəki Millisent kitabxanasında sərgilənirdi. Orijinal qılınc 1977-ci ildə oğurlandıqdan sonra bir daha tapılmayıb və ona bənzər başqa qılıncla əvəz ediblər.

Yaponiyada Aşizuri yarımadasında onun şərəfinə abidə ucaldılıb. 1898-ci ildə vəfat etmiş Mancironun qəbri Tokiodakı Zoşiqaya qəbiristanlığındadır və İkinci dünya müharibəsində ABŞ bombardımanı zamanı dağıdılıb. Feyrheyven şəhərində isə Manciro Tarixi Dostluq Cəmiyyəti yaradılıb və Uilyam Uitfildin evini muzeyə çevirib. Bundan əlavə, Feyrheyvendə Uitfild-Manciro Dostluq Cəmiyyəti oktyabr ayında Manciro festivalı təşkil etməsi ilə diqqət çəkir.

Yaponiyada Aşizuri yarımadasında abidəsi

Başqa bir maraqlı fakt ondan ibarətdir ki, Mancironu xilas edən John Howland gəmisinin digər sahibinin ABŞ prezidenti Con Kennedinin babası olmasıdır. Hətta Kennedi bu barədə 1933-cü ildə Toyçiroya yazdığı məktubda qeyd edir:

“Bəlkə siz bilmirsiz, mən sizin atanızı Feyrheyvenə gətirən gəminin sahiblərindən olan Cənab Uorren Delanonun nəvəsiyəm. … Mən uşaq olanda babam Feyrheyvendə məktəbə gedən kiçik yapon oğlandan və həmin oğlanın bəzən Delano ailəsi ilə kilsəyə getdiyindən bəhs edərdi.”

Serkan Şentürk © yapon.az 2020