Yaponiyada tənha analar yoxsulluq və “utancla” mübarizə aparır

Yaponiya iqtisadiyyatı getdikcə pisləşir və bundan əziyyət çəkənlər yoxsullar, xüsusilə də tənha analardır. Bir çox ölkələrdə tənha anaların üzləşdiyi mühakimə və stiqma Yaponiyada başqa bir səviyyədədir. Güclü ola bilməyənlər öz vəziyyətlərini nəinki yaxın çevrəsi, hətta ailəsindən də gizlətməyə çalışır…

Yaponiyada yaşayan tənha analar cəmiyyət tərəfindən xoş qarşılanmır, damğalanır və qınanır, ev sahibləri də onlara kirayə vermək istəmirlər. Çünki onlar təkbaşına övlad böyüdən anaların kirayə pulunu ödəyə bilməyəcəklərini düşünürlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, Yaponiyada yaşayan uşaqların 16%-i, valideynlərindən biri işləyən ailələrin 54%-i yoxsulluq həddinin altında yaşayır. Paradoksal olsa da yaşam şərtlərini qarşılaya bilmədiyi üçün hamiləliyini sonlandıran qadınlar da birmənalı qarşılanmır. Yaponiyada uşağı olandan sonra qadınların işləməsini çətinləşdirən bir mədəniyyət də vardır.

Yaponiyada müxtəlif səbəblərdən istifadəsiz qalan milyonlarla ev və əlverişli evlə təmin oluna bilməyən 700 mindən çox tənha ana vardır. “Little Ones” adlı qeyri-hökumət təşkilatı bu iki yanlışı bir doğruda birləşdirməyi bacarıb. Belə ki, təşkilat Tokioda atılmış və ya boş qalmış evləri alır, dövlət subsidiaları vasitəsilə onları təmir, bərpa edir və tənha analara endirimli qiymətlərlə icarəyə verir.

©Şiho Fukada / "The Washington Post" üçün   23 yaşlı Masami Onişi, onun qızları Yua 3 yaş və Sora 6 yaş. Nişinari Uşaq Yemək Zalında yemək əldə etmək üçün gedirlər. 2017-ci il.
©Şiho Fukada / “The Washington Post” üçün
  23 yaşlı Masami Onişi, onun qızları Yua 3 yaş və Sora 6 yaş. Nişinari Uşaq Yemək Zalında yemək əldə etmək üçün gedirlər. 2017-ci il.

Təşkilat həm də icarədarları yaşam “koçu” (ing. coach – məşqçi) ilə təmin edir, təcili yardım kimi yaşamaq üçün vacib olan ərzaq və geyim ilə dəstək olur, ailə içi şiddət qurbanları üçün hüquqi məsləhət də təşkil edir.

“Little Ones” bu fəaliyyətinə görə “World Habitat” mükafatını qazanıb. Cüzi görünsə də, 2013-cü ildən təşkilat 200-dən çox tənha ananı müxtəlif evlərdə yerləşdirmişdir.

Təşkilat istəyir ki, Yaponiyada hər ana evə sahib olsun və tənha analar haqqında dərin kök salmış yalnış təsəvvürlər dəyişilsin.

Material “Reuters”, “World Habitat Awards”, “NPO Littleones”a istinadən hazırlanıb.
Sevinc Nur © yapon.az 2019