Nəhayət ki, iki il sonra mən “Yaponiyada dadını unutmayacağım nəsə yeyə bildim”

Deməli, ümumdünya rəyinə görə, belə qəbul olunub ki, Yaponiya höküməti Meici restavrasiyasından sonra dünyaya özünü açıq elan elədi və bununla da ölkədə sürətli inkişaf başladı və s. və ilx. Lakin… Həm bu, başqa mövzudur… Demək istədiyim isə odur ki, yaponlar qida məsələlərində də çox şeyi qəbul etmirlər. Bu, təbii haldır. Çox uzağa getməsəm, elə Azərbaycanda fərqli bölgələrimizin belə fərqli yeməkləri var və bir çox hallarda biri digərinə öyrəşmədiyindən onu qəbul edə bilmir. Nəinki orqanizmi, heç damaq dadına da uyğun hesab etmir. Duzu, acısı, yağlısı və s.

Ola bilir ki, bir ailədə böyüyən uşaq başqa ananın bişirdiklərini yeyə bilmir, qoxusuna, görünüşünə və s. görə. Yəni, bu, normal haldır. Lakin Azərbaycanda özünü İtaliya restoranı adlandıran istənilən məkana getsəniz, siz orda normal italyansayağı pizza, zeytunlu salatlar, bizim əriştələrin italiyalısını və s. sifariş verə biləcəksiniz (az hallarda azərbaycansayağı da ola bilər). Çünki bunlar İtaliyanın olmazsa olmazlarıdır. Gəl ki, Yaponiyada hər şey yaponiyasayağıdır. Yosunlu, krevetkalı, balıqlı, asminoqlu, avakadolu, çiy yumurtalı… Yumurta demişkən, o başqa aləmdir… (Məlumat üçün deyim ki, Yaponiyanın milli yeməklərində siz supun içində də yumurta görə bilərsiniz.) İçkilər belə onların sevdiyi kimidir. Nəinki restoranlarda, həm də marketlərdə.

Unutmadan, kartof qızartması elə eynidir. Lakin fast food sevərlərə  deməliyəm ki, ənənəvi tezbazar yeməklərini yediyiniz məkanlarda menyu fərqlidir və siz az hallarda şiriniyyat, salat və qəlyanaltıları öyrəşdiyiniz dadda tapa bilərsiniz.

Düzdür, başqa mətbəxlərə maraqları var. Çox hallarda daddıqları fərqli təamları bəyəndiklərini deyirlər. Məsələn, şəkərburanı sevənlər olduğu kimi, mənə ona soya sousu qatmağı məsləhət görənlər də olub :D.

Yaponiya mətbəxini sevmirəm. Bentoları və şiriniyyatları olduqca gözəl bəzədilir, lakin dadları haqqında əminliklə “əladır”, “yaxşıdır”, hətta “normaldır” deyə bilmərəm.

Amma nəhayət ki, iki il sonra mən “Yaponiyada dadını unutmayacağım nəsə yeyə bildim”  – deyəcəyim bir şeyi tapdım. Üç gün öncə, son üç ayda yeni kəşf etdiyim orta statistik ailəvi kafedə (menyu yaz mövsümü ilə əlaqədar yenilənib) xarici mətbəxdən çox dadlı kartof salatını bəyənmişəm. Bəyənmişəm yox, ona doya bilmədim. Adı da şəhanədir: Potato salad with Hidaka Mascarpone cheese & Hokkaido Danshaku potato. Cəmi 280 ¥-ə. Bütün yazımın əsasında da onu sevdiyimi demək dayanır. O qədər sevinmişdim ki, ikisini birdən yemişəm :). Dadı sevimli paytaxt salatımıza oxşayır.

Yəni, “burda nə var ki” deməyə tələsməyin! Daim dadlı yemək arzusu ilə yaşayan bir əsgər düşünün, onun üçün iki il böyük müddətdir…

Bax belə.

diefreude`s © yapon.az 2017
yazı ilk dəfə mart 18, 2016-cı ildə blogda yayımlanıb