Yaponiyada oğurluq halları baş verirmi?

Əşyalarımı itirmişəm, nə edə bilərəm?

Yaponiyada oğurluq demək olar ki, yox dərəcəsindədir. Baxmayaraq ki, xəstəxanada və iri alış-veriş mərkəzlərində paltar və ya əl çantalarınızı rahat şəkildə ortalıqda bir yerdə saxlasanız məsuliyyətli şəxslər sizə əşyanıza nəzarət etməyi və onları götürməyi xahiş edəcəklər, Yaponiyada siz özünüzü təhlükəsiz yerdə hesab edirsiniz.

İstər metroda, istər gecə saatlarında küçədə təkbaşına olanda belə Bakı küçələrindəki kimi və hətta daha çox arxayın olur insan. Özünü maksimum təhlükəsizlikdə hiss edir…

Burada kimsə nəsə itirirsə onu tez tapa da bilir. Məsələn, universitet, kitabxana, yeməkxanalarda və s. məkanların, demək olar ki, hər bir şöbəsində itən əşyaları saxlamaq üçün xüsusi yer olur. İtmiş olduğu düşünülən əşyanı tapan şəxslər və ya işçilər onu həmin yerə təhvil verir. İtirən şəxs əşyanın arxasınca gəlirsə orda onu tapa bilir.

Əşyanın sizə aid olduğunu sübut etmək üçün nəyəsə ehtiyac olmur. Siz itirdiyinizi deyirsiniz, ad, soyad, e-mail və ya şəxsiyyəti təsdiq edən sənədi qeydiyyatdan keçirir və telefon nömrənizi saxlayırsınız. Əksər hallarda bu, sadəcə formal bir prosesdir. Məqsəd isə sizin başqasının itmiş əşyasını ələ keçirib “aradan çıxmağınızın”qarşısını almaqdır.

Hətta mağazada pulunu ödədiyiniz və unudub saxladığınız əşyaları da “informasiya şöbəsi”ndə tapa bilərsiniz. Məsələn, noyabrın 29-u 2016-cı il tarixində alış-veriş zamanı unutduğum məhsulu düz bir həftə sonra əldə etdim. Belə ki, aldığım gündəlik istehlak malını – alınan məhsulları alıcının istədiyi formada öz çantasına topladığı xüsusi masada unudub getmişdim.

Dekabrın 6-da qəbz olmadan belə satıcıya yaxınlaşaraq “keçən həftə bu gün filan şeyi unutmuşam” dedim və o mənə “informasiya şöbəsini” göstərdi. Yaxınlaşdım və eyni şeyi təkrarladım. Məhsulu olduğu kimi mənə təhvil verdilər. Mən isə bunu sadəcə maraq üçün etdim 🙂 , verəcəklərini bilmirdim.

Qeyd: Alınan iri və də torbaya qoya bilmədiyiniz, məsələn salfetka, tualet kağızı və s. kimi məhsulların üzərinə pulunu ödədiyinizi göstərən şirkətin logosu yazılı (marketin) plastr vurulur. Bu onu göstərir ki, məhsulun pulu ödənib.

Əgər yolda da nəyisə yerə salıb itirmisinizsə, onda gəldiyiniz, getdiyiniz yola baxmağı unutmayın. Çünki bu halda da mütləq onu tapan yapon, tapdığı yerdən götürüb həmin ərazidə gözlə görünən uca yerə yerləşdirəcəkdir ki, siz keçərkən görə biləsiniz.

Lakin bir çox yerdə də məsələn, idman zalında “əşyalarınıza diqqət edin” kimi xatırlatmaların şahidi ola bilərsiniz. Ağıla gələn ilk ehtimal, sözügedən məkanda oğurluq hadisəsinin tez-tez rast gəlinən hal olduğundan yəqin ki, belə bir xatırlatmaya ehtiyac duyulmasıdır.

Bir də bahalı velosipediniz varsa, onu möhkəm bağlayın. Deyilənə görə, adətən bahalı velosipedlər oğurlanır 😀 .

[youtube https://www.youtube.com/watch?v=KEjdmh54zKc&w=560&h=315]

Sevinc Nur © yapon.az 2017