Hər il sentyabrın 22-i və ya 23-ü Yaponiyada əcdadların və bədəni tərk etmiş (ölülərin) ruhların xatirəsinə payız gecə-gündüz bərabərliyi, yaponca 秋分の日 (ş(y)ubun no hi) qeyd olunur.

Payız gecə-gündüz bərabərliyi gününün qeyd olunması 1948-ci ildə “Yaponiyanın milli bayramlar haqqında” qanunu ilə təsdiq olunub. Həmin qanuna əsasən, bayramın keçirilməsində məqsəd “əcdadları onurlandırmaq və ölənlərin xatirəsini yad etmək”dir.

Bayram qədimdə yerli udziqami (“udzi” “nəsil”, “qami”, “kami” “allah”, birlikdə “nəslin allahı”, soyu, ailəni qoruyan allah anlamında) tanrılarının şinto məbədlərini ziyarət və məhsuldarlıq üçün onlara təşəkkür etmək adətlərindən gəlir.

Yaponiya İmperiyasının köhnə qanunvericiliyinə görə, 1876-1947-ci illərdə ümummilli olan bayram “İmperator ailəsinin ruhlarının anım günü payız bayramı” (秋季皇霊祭 (şūki kōreisai)) adlanırdı. Bayram günü ölən imperatorlar, onların xanımları və ailə üzvlərinin yad edilmə ayinləri həyata keçirilirdi.

Bugünkü dövrdə Payız bayramının imperator ailəsi ilə əlaqəsi yoxdur. Bir çox yaponlar, xüsusilə də, buddistlər həmin gün yaxınlarının qəbirüstünü ziyarət edirlər.

Növbəti ilin payız gecə-gündüz bərabərliyinin dəqiq nə vaxta düşəcəyini müvafiq ölçmələr və sairədən sonra cari ilin fevral ayının 1-də Yaponiyanın Milli Rəsədxanası təyin edir. 2000-2014-cü illər arasında gecə-gündüz bərabərliyi 23 sentyabra təsadüf edirdi. 2012-ci ildən 2044-cü ilədək olan müddətdə isə sıçrayışlı illərdə bayram günü sentyabrın 22-nə, adi illərdə isə 23-nə təsadüf edəcək.

Sevinc Nur © yapon.az 2016