Bizdə uşaqların 1, 5, 10, 15 və beləcə beş-beş artan yaş günləri xüsusilə təmtəraqlı keçirilir, elə deyilmi?! Yaponiyada isə uşaqların 3, 5, 7 yaşları olanda xüsusi mərasimlər keçirilir və bu gün şiçi-qo-san adlanır. “Şiçi-qo-san” (七五三) Yaponiyada üç və yeddi yaşlı qızlar və beş yaşlı (və daha az hallarda üç yaşındakı) oğlanlar üçün hər il noyabrın 15-də uşaqların böyüməsi və rifah halının yaxşı olması naminə keçirilən ənənəvi ayin və ya qeyd edilən keçid festivalıdır (Keçid ayinləri bir şəxsin bir “qrup”dan digərinə girməsi üçün keçirilən mərasimdir). Bu gün Yaponiyada milli tətil olmadığı üçün adətən ən yaxın həftəsonu qeyd olunur. Niyə və necə qeyd olunması isə, tarixçədən sonra 🙂 .

Tarixçə

Bu günün yaranması Heian (794-1185) dövründə saray zadəganlarının övladlarının “uşaqlıq dövrünün orta yaşına” keçdiyini qeyd etmələri ilə əlaqələndirilir. Digərləri mərasimin mənşəyini Muromaçi dövrünə (1336-1573) aid edirlər. O dövrdə körpə ölümü yüksək idi və bir çox insanlar uşaqların üç-dörd yaşına qədər gözləyirdilər ki, onları ailə reyestrinə əlavə edə bilsinlər. Beləcə, həmin gün uşaqların sağ qalmasına (həyatda qalması) təşəkkür/ şükür edilirdi. Bu səbəbdən 7 yaşına qədər uşaqların yapon tanrılarının övladları olduğu düşünülürdü.

Başqa bir fikrə görə, zadəganlar övladlarının böyüməsini noyabr ayında uğurlu bir gündə qeyd edirdilər. Zamanla bu ənənə, ona bir sıra yeni rituallar əlavə edən samuray sinfinə keçir (Edo dövründə). Məsələn, üç yaşına qədər adətinə görə keçəl olmalı olan oğlan uşaqlarına saçlarını uzatmaq icazəsi verildi. Beş yaşındakı oğlanlar ilk dəfə hakama geyinə, yeddi yaşındakı qızlar kimonolarını bağlamaq üçün istifadə etdikləri adi ipləri ənənəvi obi ilə əvəz edə bilərdilər. Meici dövründə isə bu adət sadə əhali arasında geniş yayılaraq, pis ruhları qovmaq və sağlam, uzun ömür diləmək məqsədilə məbədləri ziyarət etmək kimi çağdaş ayinləri özündə birləşdirməyə başlayır.

19-cu əsrin sonu - 20-ci əsrin ortaları, şiçi-qo-san qeyd edilir. Vatanabe Nobukazu tərəfindən hazırlanmış ukiyo-e taxta çapı
19-cu əsrin sonu, 20-ci əsrin ortaları şiçi-qo-san qeyd edilir. Vatanabe Nobukazu tərəfindən hazırlanmış ukiyo-e

Niyə 15 noyabr?

Texniki baxımdan ailələr noyabr ayının müxtəlif günləri şiçi-qo-san üçün bir ziyarətgaha gedə bilərlər, lakin əsas tarix 15 noyabrdır. Heian dövründə bu adət müxtəlif vaxtlarda qeyd edilirdi, lakin Kamakura dövründə (1185-1333) noyabrın on beşinə təyin olunur. Şoqun Tsunayoşi Tokuqavanın (1680-1709), oğlu Tokumatsunun böyüməsini məhz həmin gün qeyd (Edo dövrü (1603-1868)) etdiyi deyilir. Bundan sonra mərasimin keçirilməsini hamı onun kimi bu günə təyin edibmiş.

Tokuqavanın bu günü seçməsinin və şiçi-qo-sanın qeyd edilməsi üçün standart tarix olaraq qalmasının bir sıra səbəbləri vardır.  15 noyabr kişukuniçi (鬼宿日), – sözününün həqiqi mənasında “cinlərin evdə qaldığı gün”, – deyilən bir günə düşür. Güman olunur ki, bu gün toy olmayan bayramların qeyd edilməsi üçün uğurludur. Ayrıca, ənənəvi ay təqviminə görə noyabr,  payızda məhsuldar il (uciqami) üçün tanrılara təşəkkür etmənin tam vaxtı idi. Ayın 15-i həm də dolunay olardı və buna görə də insanlar, uşaqlarının “müəyyən yaşadək yetişmələrinə” icazə verdikləri üçün tanrılara təşəkkür edirdilər. Maraqlısı ondandır ki, 15 – yeddi, beş və üçün cəmidir – qeyd olunan yaşların mükəmməl təzahürüdür və ümumiyyətlə, hər biri  xeyirli/ uğurlu hesab edilən tək ədədlərdir.

Niyə 7-5-3?

Şiçi-qo-san hərfi tərcümədə yeddi-beş-üç deməkdir və müəyyən mərhələlərə çatan uşaqların yaşlarını təmsil edir. Məsələn, müasir dövrdə daha çox insanlar inkişafın fiziki məqamlarına diqqət yetirməyə meyl edirlər: üç yaşda uşaqların dili tamamilə inkişaf edir; beşdə məntiqi təfəkkürün aydın inkişafı var; yeddi – çox uşaq ümumiyyətlə körpə dişlərini itirməyə başlayırlar (və ya artıq başlamışlar). Lakin keçmişdə əsasən mədəni nişanələrə önəm verilirdi və bu yaşlar keçid ayinlərinin keçirildiyi dövrlər idi. Buna görə oğlan və qızların inkiafı müxtəlif yaşlarda qeyd olunurdu:

Qız uşağı üçün geyim dəsti: kimono, hifu, saç sancağı, obi, çanta, tabi, geta
Qızlar üçün geyim dəsti (yuxarıdan, soldan): kimono, hifu, saç sancağı, obi, çanta, tabi, geta

Üç yaş (oğlanlar və qızlar)
Qız və oğlanların saçlarının böyüməsinə icazə verilirdi. O vaxta qədər uşaqların saçları qısa qalmalı idi. Bu hadisə saçların böyüməsini təmin etmək mənasını verən kamioki (髪 置 き – “saçları saxla”) adlanır. Ənənəvi olaraq, həm oğlan, həm də qızlar ilk şiçi-qo-san qeydlərini üç yaşında edə bilərlər, lakin bu günlərdə qızlar iki, oğlanlar isə yalnız bir dəfə mərasimi qeyd edirlər.

Beş yaş (oğlanlar)
Kimono geyinməyin norma olduğu bir dövrdə, bu, oğlanların yetkinlik dövrünə başlamasını ifadə edən hakama geyinməyə başlayacaq yaş idi. Samuray ailələrindən olan oğlanlar da üzərində ailənin gerbi olan haori (kimono gödəkçələr) geyinməyə başlayacaqdılar. Buna hakamagi (袴 着) deyilir və sözün həqiqi mənasında “hakama geyinmək” deməkdir.

Yeddi yaş (qızlar)
Bu yaşda qızlar artıq xanımların geyindiyi kimi kimono ilə ənənəvi kəmər – obi bağlamağa başlayırdılar. Buna obitoki (帯 解 き) deyilir və qızların böyüdüyünü göstərir. O vaxta qədər qızlar bellərinə və ya kimononu bir-birinə bərkitmək üçün sadəcə ip bağlayardılar.

Yaponlar o vaxtlar yaşlarını fərqli şəkildə hesablayırdı, buna da kazoedoşi deyilir; burada doğum ilində artıq insanın 1 yaşı var deməkdir. Bütün bayramlar da bir qayda olaraq kazoedoşi adətinə uyğun keçirilirdi.

Çitose ame

chitose ame

Çitose ame (千 歳 飴) sağlam böyüməyi və uzunömürlülüyü simvolizə edən uzun, nazik bərk nabat çubuqlarıdır. Nabat vermək adəti Edo dövründən başlayıb. Şirniyyatlar uğurlu və düşərli hesab edilən çəhrayı və ağ (kou-haku) rəngdə olur. Uşaqlara yaşlarına uyğun şirniyyat sayı verilir – üç yaşındakı bir uşağa üç çubuq nabat və s.. Şirniyyat çubuqları bir torbaya qoyulur və ümumiyyətlə uşağa valideynlər, nənə və babalar, qonşular tərəfindən verilir. Lakin günümüzdə yalnız uşaqlar deyil, elə cə də analar da sağlam uşaq böyütdükləri üçün çitose ame (təşəkkürü) alırlar.

Çox vaxt şirniyyatlar olan çantalarda yazılan sözlər ya kotobuki (寿 – həm təbrik, həm də uzun ömür deməkdir), ya şoçikubai (松竹梅 – şam, bambuk, gavalı: birlikdə qruplaşdırılıb uğuru təmsil edir) ya da tsuru va sennen, kame va mannen (鶴 は 千年 、 亀 は 万年: bir durna 1000 il, tısbağa 10,000 il yaşayır / tsuru-kame) kimi uzun və sağlam ömür arzulayan xoş sözlər və ifadələr olur.

Çitose ame plastikə bənzəyən, nazik, şəffaf və yeməli düyü kağızına bükülür.

Müasir dövrdə mərasim necə qeyd olunur?

Meici dövründən bəri ənənə az dəyişib. Saçla bağlı ritual ləğv edilsə də, beş yaşında oğlanlar hakama və üç və ya yeddi yaşındakı qızlar hələ də ilk dəfə ziyarətgahlar üçün məhz bu gün kimono geyinirlər. Valideynlər uşaqların sağlam böyümələrini qeyd edir və  onları şintolara aparır, təmizlənmə mərasimini keçirirlər (rahatlığı, ümumi atmosferi nəzərə alaraq tanışların evinə yığışmamaq üçün ziyarətgahları seçirlər). Son illərdə Qərb üslubunda kostyum və paltar geyən uşaqların sayı getdikcə artmaqdadır.  Üç yaşlı qızlar adətən kimono ilə hifu (yastıqlı yelək növü) geyinirlər.

Bəzi ziyarətgahlar sentyabr ayından başlayaraq şiçi-qo-san üçün rezervasiyaları qəbul edir, lakin oktyabr və noyabr ayları ən populyar aylardır. Təbii ki, ən sıx vaxt noyabr ayının ortalarında – xüsusən həftə sonları müşahidə olunur.

Daha müasir bir təcrübə isə fotoqrafiyadır, bir çox valideyn övladlarının fotostudiyalarda yaddaqalan şəkillər çəkdirmələrini istəyir. Bəzi böyük studiyalarda yüzlərlə xüsusi geyim və təcrübəli heyət müştərilərini gözləyir. 

“Şiçi-qo-san”ın qeyd edilməsi Yaponiyada ərazidən asılı olaraq və ya ailədən-ailəyə dəyişir. Yaponiyanın şimal hissəsindəki bəzi bölgələrdə insanlar soyuq hava səbəbiylə bayram gününü 1 ay əvvəl qeyd edə bilərlər. Digər tərəfdən bəzi ailələr ziyarətgahlarda və ya fotostudiyalarda izdihamdan qaçaraq tədbiri əvvəlcədən və ya sonradan qeyd edirlər. 

Sevinc Nur © yapon.az 2020