Amerikalılar deyir ki, dizə kimi qar yağanda biz evdə otururuq, çölə çıxa bilmirik: “Yaponlar üçün isə, fərqi yoxdur. Onlar qarda işə gedir”

DSC_3059

Yaponiyanın şimal adası Hokkaidoda qar mövsü oktyabr ayından başlanır. Lakin həmişə belə olmaya da bilər. Dekabrın sonlarına kimi yağmadığı da olur. Deməzdim ki, hamı o dövrdə qarın yağacağını səbirsizliklə gözləyir, çünki “onsuz da yağacaq” deyib, “bir az da gec yağsın” düşünürlər… Xüsusilə də xaricilər. Yerlilər də onlardan geri qalmır əslində. Daha çox ay olacaq ki, “az qalıb ömrün sənin” deyərək onun “əriyib suya dönə”cəyini görəcəklərini bilirlər, heç deyilsə gec yağsın bu tərəfdən qabağa düşsünlər…

Təbii ki, həmişə sevinən elə balacalar olur… Mən də sevinirəm, amma hər yerdə çiçəklər açanda mən artıq öz boyumu keçən qar təpələrini görməkdən bezirəm. Təpə? Yollardakı qar daim təmizlənərək yol kənarlarına, səkilərə tökülür. Qalın buz qatı üzərinə tökülən və daim yağan qar insan boyunu keçən təpələr yaradır və yollar görünmür. Ancaq müsbət tərəfi var ki, buzda yeriyə bilməyib “salto” vuranda o təpələr insanı maşının altına düşməkdən qoruyur.

Lakin Yaponiyada hər tərəf ağappaq qarla örtüləndə belə nə həyətdə qartopu oynayan, nə də valideynləri ilə birgə qar adamı düzəldən uşaq görmək olur. Ancaq bağçalarda və parklarda…

Hər tərəf bəyaz örtükdə, pilləkən və səkilər buz, keçidlər və işıqforlarda sırsıralar… Təbiət isə füsunkar görünür…

Kita (şimal) 9, nişi (qərb) 13 ünvanında yol kənarında qutu. Sapporo, 2014 Foto: S.N.Ə
Kita (şimal) 9, nişi (qərb) 13 ünvanında yol kənarında qutu. Sapporo, 2014 Foto: S.N.

Mövsüm başlayan kimi yaşadığım Sapporo şəhərindəki iri marketlərdə və alış-veriş mərkəzlərində qar təmizləmək üçün vasitələr satılır. Çünki mərkəzi və ya eni 8 m və ondan çox olan yollar və həmin yolların kənarındakı səkiləri bələdiyyə təmizləyir. Ara küçələrdə isə ancaq yolları bələdiyyə təmizləyir (çünki yolların eni 8 m olmur). Burada istər bina, istərsə də şəxsi ev sakinləri öz evlərinin qarşısını, pilləkənləri, iş yerlərinin özünü özləri təmizləyirlər. Kanalizasiyanın yer səthinə yaxın olduğu yerlərdə qar tez-tez əriyir, yığılmağa macal tapmır. Bəzi avtomobil dayanaqcaqlarının səthi qızdırılır.

Yol kənarları, işıqforlar yanında isə xüsusi qutular qoyulur. Qutuların içində içi xırdalanmış çınqılla dolu kisələr olur. İctimai istifadə üçün nəzərdə tutulan bu çınqıl kisələrini hər kəs istifadə edə bilər. Qısaca, ayağının altının sürüşdüyünü düşünürsənsə götür səp. Beləcə, heç kim heç kimdən və nədənsə şikayətlənmir. Hər kəs vatxında öz işini görür. Ya da sürüşür…

Demək olar ki, bütün qış boyu ara yollar, səkilər qalın buz qatı ilə örtülür və qar əriyənə kimi elə insanlar buz üstündə hərəkət etməli olurlar. Qardan düzələn (təbii və ekzogen) qar təpələri isə aprelin əvvəli və ortasına kimi qalır.

Sevinc Nur © yapon.az 2015